Ana Sayfa > Manşet / Özəl / Qərbi Azərbaycan / Yazar4 > Daşlaşan sevginin və dəyişməyən ləyaqətin zirvəsi:
Daşlaşan sevginin və dəyişməyən ləyaqətin zirvəsi:Bu gün, 11:57. Yazar: sevinc1 |
![]() ( “Qərbi Azərbaycan ziyalıları” silsiləsindən) Bəzi ömürlər var ki, onlar sadəcə təqvim vərəqlərinin bir-birini əvəzləməsi deyil, zamanın süzgəcindən keçib millətin yaddaşına köçən bir mənəviyyat hekayəsidir. Telli Pənahqızı adı Azərbaycanın media məkanında sadəcə bir imza deyil; o, illərin o üzündən boylanan bir xanımlıq mədəniyyəti, sözün müqəddəsliyinə inanan bir ruhun səmimi hayqırışıdır. Onun həyatı Vedibasarın sıldırım qayalarından süzülüb gələn bir bulaq saflığı ilə paytaxtın qaynar sənət mühitinə qədər uzanan, hər addımı fədakarlıq və iradə ilə yoğrulan bir yoldur. Bu, bir qadının təkbaşına taleyə meydan oxuyub, öz adını Vətənin efir vicdanına çevirməsinin, qəribsəmiş yurd yerlərinin səsini dünyaya çatdıran qayıdış nəğməsinin hekayəsidir. Telli Pənahqızının ömür yolu 1954-cü il mayın 24-də, qədim Oğuz yurdu Vedibasar mahalının mərkəzi olan Böyük Vedi kəndində başlayıb. O, sadəcə bir kənddə doğulmadı, o, Azərbaycan dilinin saflığının keşiyində duran, hər daşı bir tarix, hər ocağı bir dastan olan bir mühitdə boy atdı. Atası Pənah kişi Vedinin hörmətli adamlarından idi, lakin taleyin amansız hökmü Tellini hələ uşaq ikən — atasının cəmi 34 yaşı olanda sınağa çəkdi. Atasının mədəndə işləyərkən müəmmalı şəkildə həyatını itirməsi Tellinin uşaqlıq sevincinin üstünə erkən bir kədər kölgəsi salsa da, onu daha da iradəli, daha da mətin etdi. Bu itki onun daxilindəki sönməz alovu daha da alovlandırdı; o, atasının yarımçıq qalmış arzularını öz çiyinlərində zirvəyə daşıyacağına, Pənahın adını Vətənin efir süzgəcindən keçirib ucaldacağına and içdi. Altı uşağı təkbaşına, fədakarlıqla böyüdən anası və nənəsinin məsəlləri ilə tərbiyə alan Telli üçün həyat elə kəndlərindəki o zəngin kitab dünyası idi. Evlərində nə telefon vardı, nə televizor, amma səmimi bir insan ünsiyyəti, mənəvi bir zənginlik vardı. Uzun qış gecələrində qonşular onların evinə yığışar, kömür peçinin başında pambıq təmizləyərkən Telli onlara uca səslə klassikləri — Füzulidən, Nəsimidən, Səməd Vurğundan parçaları oxuyardı. Onun efiri fəth edən o səlis natiqliyi, sözü sümük kimi yox, can kimi hiss etməsi elə o pambıq təmizləyən vedililərin qarşısında cilalanmışdı. Vedililər onun ilk auditoriyası, o pambıq tarlalarının təmiz havası isə onun gələcək bənzərsiz nitqinin cövhəri idi. ![]() 1971-ci ildə "İrəvan-Bakı" qatarına minəndə, o, Vedibasarın bütöv mənəvi yükünü və anasının o ağır andını — "Pənahın qızı bulvarda gəzir deməsinlər" nəsihətini canına həkk edib paytaxta gətirirdi. Bu nəsihət onun ömür yolunun kompasını təyin etmişdi: harada olursa-olsun, ləyaqət hər şeydən uca tutulmalıdır. Bakıya gələn Tellinin bəxtinə ilk addımda bir nəhəng — Bəxtiyar Vahabzadə çıxdı. Qəbul imtahanında "Anam doğma Azərbaycan" mövzusunda yazdığı o yanğılı inşa ilə Xalq şairi Bəxtiyar müəllimi heyrətə saldı. O, Vedidən Bakıya uzanan relsləri anasının ona uzanan həsrətli qollarına bənzətmişdi. Tellinin "Bəxtiyar müəllim, olar sizi?" müraciətinə və o yanğılı yazısına şairin cavabı bir ömürlük xeyir-dua oldu. Bəxtiyar müəllimin imtahan otağında dediyi: "Baxın ey, sarmaşmısınız qoyun sürüsü kimi buralara, bu qara qızın canında görün nələr var" — sözləri Tellinin gələcək uğurlarının mənəvi möhürü, Vedibasarın Bakı intellektual mühitinə verdiyi ilk sarsıdıcı cavab idi. ![]() Tələbəliyin ilk günlərindən ustad Nəsir İmanquluyevin diqqətini çəkdi və Universiteti bitirənə qədər "Bakı" qəzetinin redaksiyasında bişdi. Gündüzlər dərsdə, axşamlar teatrlarda müsahibə ovuna çıxan Telli, həm də ailəsinin ağır yükünü təkbaşına çiyinlərinə götürdü. Beş bacı-qardaşını Bakıya gətirib onlara həm analıq, həm atalıq etdi, onları oxutdu, həyata hazırladı. Öz baharını ailəsinin qışını isitməyə həsr edən Telli, fədakarlığın ən uca zirvəsində qərar tutdu. O, öz gəncliyini və şəxsi xoşbəxtliyini doğmalarının gələcəyinə fəda edərkən, əslində Vedibasar qadınının mənəvi ucalığını nümayiş etdirirdi. Müsahibəsində dediyi kimi: "Mən həyatımı kitab kimi yaşadım. Təmiz şeylər yaşadım, pisliklərdən uzaq oldum." Bu dürüstlük onun həm jurnalistikada, həm də həyatda ən böyük silahı oldu. ![]() 1970-ci illərin sonunda AzTV-yə gələn Telli Pənahqızını hamıdan ayıran onun sarsılmaz ciddiliyi, abır-həya mücəssəməsi olması idi. O, ekrana çıxanda təkcə özünü deyil, Ağbabanın buz bulaqlarını, Göyçənin sazlı-sözlü dünyasını, Zəngəzurun sıldırım qayalarını ucaldırdı. Şair Eldar İsmayıl Böyüktürkün timsalında ulu yurd yerlərinə ünvanladığı: "Salam, Ulu Göyçə, qərib Ağbulaq, Dur çıx pişvazına, Eldarın gəldi!" misraları onun efir duruşunun poetik manifesti idi. Telli efirdə olanda sanki itirilmiş yurdlarımızın Bakıdakı rəsmi səfirliyi açılırdı; onun hər kəlməsində o ulu torpaqların buz bulaqlarının sədası, Vedinin, Göyçənin, Zəngəzurun, Ağbabanın ləyaqət elçisi duruşu hiss olunurdu. Tellinin bu ləyaqəti və peşəkarlığı Ulu Öndər Heydər Əliyevin diqqətindən yayınmadı. Ulu Öndərin gülümsəyərək: "O, bizim ən ümidverici jurnalistlərimizdəndir" deməsi Tellinin xarakterinə vurulmuş dövlət möhürü idi. Ümummilli Lider onda qorxu bilməyən Vedibasar dürüstlüyünü görmüşdü. Elə buna görə idi ki, böyük rəhbər Moskvadan qayıdandan sonra xüsusi tapşırıq vermişdi: "Müsahibəni məndən Telli gəlib alsın". Tellinin Heydər Əliyevin gözünə dik baxıb verdiyi o cəsarətli sual — "Deyirlər axı sizin gözünüzdən hamı qorxur" — təmiz bir ürəyin səmimi hayqırışı idi. Böyük rəhbər bu sualdakı təmizliyə və səmimiyyətə heyran qalmışdı, çünki Telli o kadrların efirə getməsi üçün bütün maneələri qırmışdı. Ulu öndər Heydər Əliyevin ona: "Bilirəm, sən mənim üçün çox əziyyət çəkmisən" deməsi isə Tellinin həm vətəndaş, həm də jurnalist kimi çəkdiyi zəhmətin ən böyük mükafatı idi. ![]() Bu gün Telli xanımın fəaliyyəti Azərbaycan dövlətçilik tarixində yüksək qiymətləndirilir. O, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir, bu ad onun mədəniyyətimizin təbliğindəki əvəzsiz rolunun rəsmi təsdiqidir. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi, həmçinin əvvəlki illərdə aldığı "Tərəqqi" medalı, "Qızıl qələm", "Həsən bəy Zərdabi" mükafatları onun ömür yolunun şərəf vərəqləridir. Lakin onun xidmətləri təkcə keçmişlə məhdudlaşmır; Telli Pənahqızı bu gün təkcə bir jurnalist deyil, həm də Azərbaycanın audiovizual media siyasətini müəyyən edən şəxslərdən biridir. Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü kimi o, efir məkanının milli-mənəvi dəyərlərə uyğunluğunu, dilimizin saflığını və peşə etikasına riayət olunmasını təmin edən bir otoritedir. Onun rəyi bu sahədə qanun qədər keçərlidir, çünki o, bu haqqı illərin təcrübəsi və təmiz adı ilə qazanıb. ![]() Eyni zamanda, Azərbaycan Televiziya və Radio Akademiyasının rektoru olaraq Telli xanım bütöv bir nəslin yetişdirilməsi missiyasını öz üzərinə götürüb. Onun ətrafında hər zaman gənclər var. O, gənclərlə işləməyi, onların enerjisindən ilham almağı və ən əsası, onlara jurnalistikanın "qızıl qaydalarını" — dürüstlüyü, vətənpərvərliyi və ləyaqəti aşılamağı çox sevir. Akademiyada onun rəhbərliyi altında yetişən hər bir gənc, əslində Telli Pənahqızı məktəbinin bir davamçısıdır. O, gənclərə həm ustad, həm də bir ana qayğısı ilə yanaşır, onların hər bir uğurunu öz uğuru kimi qeyd edir. Onu gənclərin əhatəsində görəndə bir daha əmin olursan ki, bu zəngin təcrübə etibarlı əllərə ötürülür. Telli xanım üçün gənclər sadəcə tələbə deyil, söz sənətinin gələcək varisləridir; o, bu varisliyi böyük bir eşqlə və gələcəyə olan sonsuz inamla qurur. Telli Pənahqızı bu gün həm də gələcək Böyük Qayıdışın mənəvi strateqlərindən biridir. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü kimi fəaliyyəti və Qərbi Azərbaycan TV-nin rəhbəri statusu bu davanın rəsmi zirvəsidir. O, bu kanalın başında durmaqla təkcə bir media qurumunu deyil, bütöv bir xalqın tarixi yaddaşını və gələcək qayıdış inamını idarə edir. Qərbi Azərbaycan TV onun rəhbərliyi altında itirilmiş yurdlarımızın hər daşını, hər kəndini insanların ürəyinə köçürən mənəvi körpüyə çevrilib, işğala qarşı "Söz Cəbhəsi"ndə bir General kimi vuruşur. Telli xanım Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsas simadır. O, efirdə hər dəfə Vedidən, Göyçədən, Zəngəzurdan danışanda, sanki o torpaqların tozunu-torpağını tamaşaçının gözü önünə gətirir. Onun səsi itirilmiş vətənə açılan pəncərə, sönməyən ümid çırağıdır. Onun lirik dünyası isə bir həqiqət üzərində bərqərar olub: "Həyatımda sadəcə bir insanı sevmişəm. Onu da o qədər ideallaşdırmışam ki, nə mənim əlim çatdı, nə də onu o səviyyədə görmədim." Bu, adi bir sevgi deyil; şair ruhunun ucaltdığı Tanrı dərgahı qədər müqəddəs bir məqamdır. Tellinin sevgisi "atəşdən köynək" geyinməklə yoğrulub: "Səni sevməyin də bədəli varmış... Mən olan yerlərdə onun nə işi, Deyib dörd yanını atəşlə sarmış!" O, sevgisini "daş heykələ" çevirib yol üstündə dayanmağa hazırdır. Onun şeirlərində sevgi adi bir hiss deyil, ruhun yanaraq saflaşdığı müqəddəs bir ocaqdır. O, nadanlıqla, "küpəgirən qarıların" xəbisliyi ilə mübarizədə sevgini bir qalxan kimi istifadə edir: "Qoru sevgiləri, sevdalıları, Bu dünya sevgisiz yaşaya bilməz! Qoru bu quşları, o arıları, Dünya bu zülməti daşıya bilməz!" 2025-ci ilin martında qələmə aldığı "Kim kimi tapa" şeiri isə bir ömrün bədii xülasəsidir. İllər sonra gələn telefon zəngində "itmiş dalğaların səs ovçusu"na çevrilən Telli, bizə sübut edir ki, əsl sevgi zamanın kəfkirindən daha güclüdür. Onun poeziyası nadanlıqla, "küpəgirən qarıların" xəbisliyi ilə barışmayan, sevgini bu zülmətdən qorumaq üçün İlahiyə sığınan bir sənət fədaisidir. Zəfər tariximizdə Telli Pənahqızının publisistikası bir oyanış nəğməsidir. Ali Baş Komandan İlham Əliyevi "Söz Cəbhəsinin Generalı" kimi təqdim edən şairə, bu Qələbənin həm hərbi, həm də diplomatik qatlarını millətin yaddaşına köçürür. Laçın, Kəlbəcər və Şuşada "Vətənə gəldim, imana gəldim" deyən anaların səsinə səs verən Tellinin "Oxuyur Vətən!" layihəsi, otuz illik həsrətin Zəfər marşına çevrilməsidir. Cıdır düzündə dodaqları titrəyən Xarıbülbülün dilindən dediyi o yanğılı misralar artıq bir carçının hayqırtısıdır. Onun nəzərində artıq dərələr qibləyə çevrilib, daşlar xınalanıb, çünki əsl sahibləri qayıdıb. Dağı-daşı, çölü-çəməni, 30 il lal olmuş bulaqları, susqun çayları ilə dirilən torpağın qəddini düzəldib mas-mavi göy üzünə baxa-baxa oxuduğu o möcüzəli nəğmənin ən gur səsidir Telli! Telli Pənahqızı 2026-cı ilin Azərbaycanında təkcə bir ad deyil, bir mədəniyyət hadisəsidir. O, həm Əməkdar mədəniyyət işçisi, həm Audiovizual Şuranın üzvü, həm Akademiyanın rəhbəri, həm də Qərbi Azərbaycan TV-nin komandanı olaraq çoxşaxəli fəaliyyətini davam etdirir. Amma bütün bu vəzifələrin fövqündə tək bir həqiqət durur: Telli xanım Azərbaycanın efir vicdanıdır. O, həm bir nənənin yurd yerinə çöküb torpağı sığallayan titrək əlləri, həm də Zəfər qazanan bir millətin dik baxan, qürurlu gözləridir! Onun ömür yolu hər bir azərbaycanlı üçün fədakarlığın, dürüstlüyün və vətənə olan sonsuz eşqin ən böyük ustad dərsi sayılmalıdır. Vətən oxuyur, Telli isə o Vətənin ən saf, ən ləyaqətli nəğməkarıdır. P.S. Mən bu sətirləri Telli Pənahqızını kimlərəsə tanıtmaq üçün qələmə almadım. Onu onsuz da tanıyanlar tanıyır, tanımayanlar üçün isə bu yazını oxumaq gecikmiş bir təsəllidir. Əgər bu gün kimsə Telli Pənahqızının kimliyindən, onun Azərbaycanın efir məkanındakı ucalığından bixəbərdirsə, demək, problem həmin adamın özündə, öz mənəvi coğrafiyasındadır. Mən bu yazını fərdlər üçün yox, Tarix üçün yazdım... Gələcək nəsillər bilsin ki, bu millətin ləyaqətini, abır-həyasını və Vətən eşqini sözün ucalığında qoruyan hansı sanballı şəxsiyyətləri olub! ![]() Şəmsi Qoca Geri dön |