Ana Sayfa > Manşet > Tamam Cəfərova: “Ulu Öndərin gənclər siyasətində vətənpərvərlik amili hər zaman mühüm əsaslardan biri kimi çıxış edib”

Tamam Cəfərova: “Ulu Öndərin gənclər siyasətində vətənpərvərlik amili hər zaman mühüm əsaslardan biri kimi çıxış edib”


Bu gün, 16:05. Yazar: azer
Tamam Cəfərova: “Ulu Öndərin gənclər siyasətində vətənpərvərlik amili hər zaman mühüm əsaslardan biri kimi çıxış edib”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində Azərbaycan gəncliyi və gənclər siyasəti xüsusi yer tutur. Ulu Öndərin bu sahələrin inkişafında xidmətləri misilsizdir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daima gənclərin qüdrətli hamisi kimi çıxış etmişdir. Bu baxımdan da Azərbaycanda Gənclər Gününün təsis edilməsi, eləcə də gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar dövlətimizin gənc nəslə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi ölkəmizdə gənclər siyasətinin sistemli şəkildə formalaşmasının mühüm mərhələsi olmuşdur. Məhz bu qərardan sonra Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü rəsmi və təntənəli şəkildə qeyd edən ilk dövlət kimi tarixə düşmüşdür. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırır, onların fiziki cəhətdən sağlam, yüksək bilik və şüura, yüksək əxlaq və tərbiyəyə malik olmasını dövlətin əsas məqsədlərindən biri kimi dəyərləndirirdi: “Bizim xalqımızın gələcəyi gənclərdir… Gənclər gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və gənclərlə iş sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi yaradıldı: “Ulu Öndərin gənclərlə bağlı imzaladığı sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, eləcə də təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Uğurlu təcrübələrin davam etdirilməsi və inkişafı bu siyasətin mühüm tərkib hissəsi oldu. Gənclərin xaricdə təhsil alması ənənəsi bərpa edildi, minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ölkələrində təhsil alması təmin olundu, istedadlı gənclərin təhsilə marağını artırmaq üçün ali məktəblərə yüksək balla qəbul olunan gənclərə “Prezident təqaüdü” verilməsi təşəbbüsü irəli sürüldü”.

Deputat bildirib ki, Ulu Öndərin gənclər siyasətində vətənpərvərlik amili xüsusi yer tuturdu: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini vurğulayaraq gənclərin bu müstəqilliyi qorumağı və möhkəmləndirməyi özlərinin əsas vəzifəsi hesab etməli olduqlarını bildirirdi. Eyni zamanda, hərbi xidmətin gəncin vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını qeyd edir, orduda xidmət etməyi müqəddəs borc və şərəfli vəzifə kimi dəyərləndirirdi. Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Dövlət gənclərə ən yüksək diqqət və qayğı göstərərək onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradır. Cənab Prezident gənclərin imkanlarının daha geniş olduğunu vurğulayaraq onların bu imkanlardan səmərəli istifadə etməli olduqlarını bildirir: “İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər… Gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək, həm də dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”. Dövlətin gənclərə dəstək və diqqətinin nəticəsi olaraq gənclər arasında özünəinam hissi daha da güclənir, onların potensialının gerçəkləşməsi, savadlı kadr kimi yetişməsi və sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. “Gənclər ili”nin elan olunması, “Gənclər evi” şəbəkəsinin genişləndirilməsi, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi və müxtəlif dövlət proqramları bu siyasətin bariz nümunələridir.”

Tamam Cəfərova fikirlərinin davamı olaraq vurğulayıb ki, Azərbaycan gəncliyi dövlət başçısının həyata keçirdiyi siyasi kursa olan inam və etimadı ən parlaq şəkildə 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya nümayiş etdirdi: “Gənclər həm döyüş meydanında, həm də arxa cəbhədə yüksək vətənpərvərlik nümunəsi göstərərək Ali Baş Komandanın çağırışlarını böyük ruh yüksəkliyi ilə yerinə yetirdilər. Qələbədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində gənclərin fəal iştirakı isə milli birlik və həmrəyliyin möhkəmləndiyini bir daha təsdiqləmişdir. Bununla yanaşı, dövlət başçısının gənclərlə bağlı siyasətində milli-mənəvi dəyərlərin qorunması və təbliği də mühüm istiqamət kimi önə çıxır. Gənclərin öz xalqının tarixini, mədəniyyətini, dilini və dövlətçilik ənənələrini dərindən bilməsi daim vurğulanır və bu çağırışlar onların milli kimliyinin möhkəmlənməsinə, vətəndaşlıq məsuliyyətinin artmasına səbəb olur. Məhz bu kompleks və balanslaşdırılmış yanaşmanın nəticəsidir ki, bu gün Azərbaycan gənci özünü dövlətin etibarlı tərəfdaşı və aparıcı qüvvəsi kimi hiss edir. Onların inkişafı, sosiallaşması və cəmiyyətə inteqrasiyası üçün yaradılan imkanlar gənclərə xoşbəxt və məzmunlu gənclik yaşamaq imkanı verir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət gənclərin dövlətə və liderə olan inamını daha da gücləndirmişdir. Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, müstəqil, güclü və suveren dövlətimizin inkişafına öz töhfəsini vermək əzmindədir. Bu həmrəylik və qarşılıqlı etimad ölkənin sabitliyinin, davamlı inkişafının və parlaq gələcəyinin əsas təminatlarından biri kimi çıxış edir. Bir daha Gənclər günü münasibətilə gənclərimizi təbrik edir, fəaliyyətlərində uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıram”.
Geri dön