Ana Sayfa > Özəl > Keçmiş işçilərdən biri Google-u süni intellekt prinsiplərini pozmaqda ittiham etdi

Keçmiş işçilərdən biri Google-u süni intellekt prinsiplərini pozmaqda ittiham etdi


Bu gün, 14:55. Yazar: sevinc1
Keçmiş işçilərdən biri Google-u  süni intellekt prinsiplərini pozmaqda ittiham etdi

Keçmiş Google işçisi bildirib ki, şirkət İsrail şirkətinə dron görüntülərini təhlil etməkdə kömək etməklə 2024-cü ilə qədər süni intellektin silah və ya müşahidə məqsədləri üçün istifadəsini qadağan edən siyasətini pozub.
"Washington Post" qəzetinin nəzərdən keçirdiyi məxfi federal ifşaçı şikayətinə görə, İsrail tərəfindən Google-ın Gemini süni intellekt texnologiyasından istifadə edilib.

2024-cü ilin avqust ayında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən şikayətdə yer alan sənədlər göstərir ki, Google-ın bulud hesablama bölməsi 2024-cü ilin iyul ayında İsrail ordusuna məxsus elektron poçt ünvanından müştəri dəstəyi sorğusu alıb. Sorğuda Gemini-nin hava görüntülərində dronları, zirehli texnikaları və əsgərləri daha dəqiq müəyyən etmək üçün hazırlanmasında kömək istənilib.
Sənədlərdə Google işçilərinin bu sorğuya cavab olaraq texniki təkliflər verdiyi və daxili testlər apardığı bildirilir. Şikayətdə iddia edilir ki, sorğunu verən şəxs İsrail ordusu ilə işləyən İsrail texnologiya şirkəti CloudEx-in rəsmisi ilə eyni ada malikdir.

Şikayətdə həmçinin iddia edilir ki, Google federal sənədlərdə qeydə alınmış siyasətlər də daxil olmaqla, özünün ictimaiyyətə açıq siyasətlərinə zidd olaraq investorları və tənzimləyiciləri yanıltmış və bununla da qiymətli kağızlar qanunlarını pozmuşdur.
Adı çəkilməyən keçmiş Google işçisi bildirib ki, "Şirkət süni intellekt etikası ilə bağlı araşdırma proseslərinin sərtliyini daim vurğulayırdı. Lakin İsrail və Qəzzaya gəldikdə isə, bunun əksi baş verdi. Şirkətin bu ikili standarta görə məsuliyyət daşımalı olduğunu düşündüyüm üçün Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya (SEC) şikayət ərizəsi təqdim etdim."

O dövrdə Google-un ictimaiyyətə açıq olan "Süni İntellekt qaydaları" beynəlxalq qaydaları pozan silah sistemlərində və ya müşahidə fəaliyyətlərində süni intellektdən istifadəni qadağan edirdi. İfşaçı göstərilən dəstəyin bu qaydaları pozduğunu iddia etdi.

Google iddiaları təkzib etdi. Şirkət sözçüsü hesabın süni intellekt xidmətlərində istifadə həcminin çox aşağı olduğunu iddia edərək bildirib ki, "Biz ümumi istifadə sualına standart dəstək cavabı verdik. Əlavə texniki yardım göstərilmədi."

aia.az
Tərcümə şöbəsi
Geri dön