Ana Sayfa > Karusel / Gündəm > Gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətidir
Gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətidirBu gün, 12:29. Yazar: azer |
![]() Məşhur Məmmədov Milli Məclisin deputatı İllərdir ki, Azərbaycan gəncləri 2 fevral tarixini təqvimin sıradan günü kimi yox, onlar üçün xüsusi əhəmiyyət daşıyan gün olaraq qeyd edirlər. Bu əlamətdar tarix Azərbaycan gəncləri tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur. 2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gəncliyə verilən dəyərin və göstərilən diqqətin rəmzidir. Müstəqil Azərbaycanın inkişafında aparıcı qüvvəyə çevrilən gənclər bu gün cəmiyyətin bütün sahələrində fəallıqları ilə seçilirlər. 2 Fevral – Azərbaycan Gəncləri Günü müasir Azərbaycan dövlətçiliyində gəncliyə verilən dəyərin, gənclərə olan etimadın və gələcəyə yönəlmiş strateji baxışın rəmzidir. Bu əlamətdar gün təsadüfi olaraq deyil, Ümummilli Lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsis edilmiş və həmin vaxtdan etibarən Azərbaycan MDB və Şərqi Avropa məkanında gənclər gününü rəsmi şəkildə qeyd edən ilk ölkəyə çevrilmişdir. Dövlət gənclər siyasəti onların bilik, bacarıq və potensialının reallaşdırılmasına geniş imkanlar yaradır. Sağlam düşüncəli, vətənpərvər və təşəbbüskar gənclik ölkənin sabahına inamla addımlayır. Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasəti sadəcə sosial tədbirlər toplusu deyil, dövlətin gələcəyini təmin edən fundamental strategiya idi. Dahi şəxsiyyətin “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri bu siyasətin ideoloji əsasını təşkil edirdi. Gənclərin həm fiziki, həm intellektual, həm də mənəvi baxımdan kamil yetişdirilməsi Ulu Öndərin dövlətçilik fəlsəfəsinin ayrılmaz tərkib hissəsi olmuşdur. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider gənclərə qayğını dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin ictimai-siyasi həyatda fəal iştirakına şərait yaradan normativ-hüquqi bazanın formalaşdırılması, Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi bu siyasətin real nəticələri idi. Ulu Öndərin təşəbbüsü ilə istedadlı gənclərə dövlət qayğısının institusional mexanizmi yaradıldı. “Qızıl kitab”, Prezident təqaüdləri, xaricdə təhsil proqramları gənclərin intellektual potensialının üzə çıxarılmasına xidmət edirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan gəncliyi qısa müddətdə ölkənin aparıcı sosial qüvvəsinə çevrildi. Ulu öndər Heydər Əliyev üçün gənclik yalnız gələcək deyil, həm də bu gün idi. O, gənclər qarşısında tarixi vəzifə qoyaraq bildirirdi ki, hər bir Azərbaycan gənci müstəqil dövlətin bu günü və sabahı haqqında düşünməlidir. Bu çağırış bu gün də aktuallığını qoruyur. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir və daha da dərinləşdirilir. Dövlət başçısının gənclərlə bağlı siyasəti innovasiya, bilik, vətənpərvərlik və qlobal rəqabətə hazırlıq prinsipləri üzərində qurulub. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, Gənclər Fondunun yaradılması, “Gənclər evi” şəbəkəsinin genişləndirilməsi, “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzləri gənclərin potensialının reallaşdırılması üçün yaradılmış mühüm platformalardır. Bu təşəbbüslər gənclərin yalnız sosial deyil, həm də idarəçilik və liderlik bacarıqlarının formalaşmasına xidmət edir. Xüsusilə gənclərin xaricdə təhsili üzrə dövlət proqramları Azərbaycanın insan kapitalına verdiyi önəmin bariz göstəricisidir. “Qara qızılın insan kapitalına çevrilməsi” strategiyası bu gün minlərlə azərbaycanlı gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması ilə real nəticələr verir. Azərbaycan gənclərindən danışarkən tarix yazan nəslin göstərdiyi şücaətləri xüsusi vurğulamaq istərdim. Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun, dövlətə sədaqətinin ən parlaq təzahürü oldu. Müstəqillik dövründə yetişmiş gənclər həm döyüş meydanında, həm də informasiya cəbhəsində tarixi qələbənin əsas təminatçısına çevrildilər. Bu, Heydər Əliyev siyasi məktəbinin və Prezident İlham Əliyevin məqsədyönlü gənclər siyasətinin məntiqi nəticəsi idi. Bu gün Azərbaycan gəncliyi yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da fəal mövqeyə malikdir. Könüllülük hərəkatı, beynəlxalq forumlar, idman yarışları, mədəni layihələr Azərbaycan gənclərinin qlobal miqyasda tanınmasına və ölkəmizin nüfuzunun artmasına xidmət edir. 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bayram deyil, dövlətin gələcəyə verdiyi mesajdır. Bu gün sübut edir ki, Azərbaycan gəncliyi güclü dövlətçilik ənənələrinə söykənən, müasir düşüncəli, vətənpərvər və rəqabətqabiliyyətli bir nəsildir. Ulu öndər Heydər Əliyev ideyaları və ölkə rəhbəri İlham Əliyevin strateji liderliyi ilə formalaşan bu gənclik Azərbaycanın sabahını etibarlı əllərdə saxlayır. Geri dön |