Ana Sayfa > Manşet / Siyasət > Mütərəqqi gənclər siyasəti - uzunmüddətli inkişaf strategiyasının prioritet istiqaməti

Mütərəqqi gənclər siyasəti - uzunmüddətli inkişaf strategiyasının prioritet istiqaməti


Bu gün, 12:07. Yazar: azer
Mütərəqqi gənclər siyasəti - uzunmüddətli inkişaf strategiyasının prioritet istiqaməti

Müasir dövrdə hər bir dövlətin inkişaf səviyyəsi artıq yalnız iqtisadi göstəricilər, təbii resurslar və maliyyə imkanları ilə ölçülmür. Əsas meyar insan kapitalının keyfiyyəti, cəmiyyətin intellektual potensialı və yeni biliklərə açıq düşüncə mühitidir. Elmə, texnologiyaya və innovasiyaya əsaslanan çağdaş dünyada rəqabət qabiliyyətini müəyyən edən başlıca faktor məhz savadlı və təşəbbüskar gənclərdir. Cəmiyyətin sosial dinamizmi, yaradıcılıq mühiti və yeniliklərə uyğunlaşma bacarığı gənc nəslin fəallığı ilə formalaşır. Bu səbəbdən gənclərə diqqət və qayğı göstərmək sırf sosial məsələ deyil, dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Sağlam, yüksək bilik və mənəvi dəyərlərə malik, Vətəninə bağlı və məsuliyyətli gənclərin yetişdirilməsi məqsədyönlü və ardıcıl siyasət tələb edir.

Ulu Öndər Heydər Əliyevin “Bizim xalqımızın gələcəyi gənclərdir” tezisi gənclərə münasibətdə strateji baxışı müəyyənləşdirib. Bu yanaşmaya əsasən, gənclər cəmiyyətdə sosial-iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi kimi qəbul olunub. Dövlət quruculuğunun bütün mərhələlərində onların bilik və enerjisindən istifadə edilməsi prioritet istiqamətə çevrilib, gənclər idarəetmə proseslərinə, ictimai həyata və mühüm qərarların icrasına fəal şəkildə cəlb ediliblər.

Gənclərlə işin sistemli şəkildə təşkili istiqamətində ilk mühüm addımlardan biri 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Bu qurumun təsis edilməsi gənclərlə bağlı fəaliyyətin vahid dövlət mexanizmi əsasında həyata keçirilməsinə şərait yaratdı. Ardınca 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumunda gənclərin fikir və təşəbbüslərinin birbaşa şəkildə dinlənilməsi, onların dövlət quruculuğunda iştirakının təmin olunması baxımından mühüm platformaya çevrildi və yeni nəslin ictimai-siyasi fəallığını artırdı.

Tarixi qərarlarından biri isə Ulu Öndər Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə fevralın 2-sinin Gənclər Günü elan edilməsi oldu. Bu addım postsovet məkanında ilk təşəbbüs kimi gənclərə verilən yüksək dəyərin təcəssümünə çevrildi və dövlətin gənclərə strateji tərəfdaş kimi yanaşdığını nümayiş etdirdi. Təsadüfi deyil ki, 1999-cu ildə BMT tərəfindən 12 avqust Beynəlxalq Gənclər Günü təsis edildi. Bu fakt həyata keçirilən siyasətin beynəlxalq səviyyədə də müsbət qiymətləndirildiyini və qabaqcıl təcrübə kimi qəbul olunduğunu göstərdi.

Ulu Öndərin hakimiyyəti dövründə gənclər siyasətinin hüquqi əsasları “Dövlət gənclər siyasəti haqqında” Fərman və qəbul edilmiş qanunlarla daha da möhkəmləndirildi. Bu sənədlər gənclərin hüquq və vəzifələrini, sosial müdafiə mexanizmlərini, dövlət dəstəyinin istiqamətlərini aydın şəkildə müəyyənləşdirdi. İstedadlı gənclərin aşkar olunması və stimullaşdırılması məqsədilə “Qızıl kitab” təsis edildi, xüsusi təqaüdlər verildi, yüksək nəticə göstərən tələbələr mükafatlandırıldı. Həmin dövrdə xarici ölkələrə tələbə göndərilməsi ənənəsinin bərpası isə mühüm addım oldu və 2003-cü ildə 3000-dən artıq gənc dünyanın nüfuzlu universitetlərində təhsil alırdı. Bu amillər gələcək peşəkar kadr ehtiyatının formalaşmasında xüsusi rol oynadı.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti daha geniş miqyas alaraq yeni təşəbbüslərlə zənginləşdirildi. 2007-ci ilin “Gənclər ili” elan olunması bu sahədə aparılan işlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bölgələrdə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq və intellektual inkişafı üçün əlverişli mühit formalaşdırdı, sosial layihələrə cəlb olunmasına imkan verdi.

2011-ci ildə Gənclər Fondunun təsis olunması isə gənclərin təşəbbüs və ideyalarının real layihələrə çevrilməsi üçün maliyyə mexanizmi yaratdı. Fondun dəstəyi ilə yüzlərlə sosial, elmi, mədəni və innovativ layihə həyata keçirildi. Daha sonra fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzləri minlərlə gəncin peşəkar bacarıqlarının artırılmasına, məşğulluq imkanlarının genişləndirilməsinə və əmək bazarına inteqrasiyasına mühüm töhfə verdi. “Yüksəliş” müsabiqəsi isə idarəçilik potensialı olan gənclərin üzə çıxarılması və onların karyera inkişafının stimullaşdırılması baxımından effektiv platformaya çevrildi.

Könüllülük hərəkatının geniş vüsət alması da diqqətəlayiqdir. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi minlərlə gəncin sosial layihələrə qoşulmasına, ictimai həmrəyliyin möhkəmlənməsinə və vətəndaş məsuliyyətinin artmasına səbəb oldu. Bu proses gəncləri cəmiyyətin fəal iştirakçılarına çevirməklə onların sosial təcrübəsini və təşkilatçılıq bacarıqlarını gücləndirdi.

Təhsil sahəsində həyata keçirilən proqramlar isə insan kapitalının inkişafında xüsusi əhəmiyyət daşıyır. Xaricdə təhsil layihələri çərçivəsində 5000-dən artıq gəncin dünyanın aparıcı ali məktəblərində oxuması müasir bilik və təcrübənin ölkəyə gətirilməsinə şərait yaradıb. 2022–2028-ci illər üzrə proqramın icrası isə hər il yüzlərlə tələbənin xaricdə təhsil almasını təmin etməklə rəqabətədavamlı və yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Bu amillər gələcəyə yönəlmiş strateji sərmayə kimi dəyərləndirilir.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi də xüsusi əhəmiyyət daşıyır. Tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin aşılanması və dövlətçilik ideyalarının təbliği nəticəsində gənclərdə yüksək məsuliyyət hissi formalaşıb. Vətən müharibəsi dövründə ön cəbhədə qəhrəmanlıq göstərənlərin böyük hissəsinin gənclər olması bu siyasətin real nəticəsi kimi tarixə yazıldı. Onlar yalnız döyüş meydanında deyil, informasiya sahəsində də fəal mübarizə apararaq milli maraqları qətiyyətlə müdafiə ediblər.

İdman sahəsində yaradılmış müasir infrastruktur da sağlam və güclü nəslin formalaşmasına mühüm töhfə verir. Ölkə üzrə inşa edilmiş onlarla olimpiya kompleksi, beynəlxalq yarışlar və idman proqramları gənclərin fiziki inkişafını stimullaşdırır, onların dünya arenasında uğur qazanmasına şərait yaradır. Qazanılan minlərlə medal bu diqqət və qayğının real nəticəsidir.

Bütün addımlar göstərir ki, gənclər siyasəti kompleks və məqsədyönlü inkişaf modelinə çevrilib. Təhsil, innovasiya, məşğulluq, vətənpərvərlik və sosial fəallığın vahid sistemdə birləşdirilməsi dayanıqlı gələcəyin əsasını formalaşdırır. Azərbaycan gəncliyi savadlı, təşəbbüskar və müasir düşüncəli nəsil kimi formalaşıb. Onların əldə etdiyi nailiyyətlər həyata keçirilən dövlət siyasətinin real bəhrəsidir. Məhz bu gənclik sabahın daha güclü, daha müasir və daha qüdrətli cəmiyyətinin qurucusuna çevriləcəkdir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Geri dön