Ana Sayfa > Siyasət > Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənclər strategiyası

Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənclər strategiyası


Bu gün, 10:42. Yazar: azer
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənclər strategiyası

2 Fevral – Azərbaycan Gəncləri Günü müstəqil dövlətimizin gənclərə verdiyi dəyərin, onlara olan yüksək etimadın və gələcəyə yönəlik strateji baxışın rəmzidir. Bu əlamətdar günün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə gənclər siyasəti yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Bu gün Azərbaycan gəncliyi təkcə ölkədaxili proseslərin deyil, regional və qlobal çağırışların da fəal iştirakçısına çevrilmişdir.
Azərbaycan dövlət gənclər siyasətinin ideoloji və fəlsəfi əsasları Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Heydər Əliyev gənclərə münasibətdə situativ yanaşmanı deyil, uzunmüddətli və strateji baxışı əsas götürmüşdür. Onun üçün gənclər sadəcə sosial təbəqə deyil, milli təhlükəsizliyin, dövlət müstəqilliyinin və tarixi davamlılığın əsas təminatçısı idi.
Ulu Öndərin gənclərlə bağlı baxışları sistemli şəkildə formalaşmış ideoloji konsepsiya xarakteri daşıyırdı. O, gənclərin tərbiyəsini milli-mənəvi dəyərlərə söykənən, eyni zamanda dünyəvi və müasir çağırışlara açıq bir model üzərində qurmağı vacib hesab edirdi. Heydər Əliyev üçün gəncin fiziki sağlamlığı, intellektual səviyyəsi, əxlaqi kamilliyi və vətənpərvərliyi bir-birindən ayrı deyil, bir-birini tamamlayan keyfiyyətlər idi. Məhz bu yanaşma onun məşhur fikrində öz əksini tapmışdır: gənclər yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa və yüksək elmə malik olmalıdırlar.
Heydər Əliyev gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə fəal iştirakını milli inkişafın zəruri şərti kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə müstəqil Azərbaycanda ilk dəfə olaraq gənclərlə bağlı dövlət strukturları yaradılmış, gənclər təşkilatlarının formalaşmasına və institusional inkişafına real dəstək verilmişdir. 1996-cı ildə keçirilmiş Azərbaycan Gənclərinin Birinci Forumu və 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi gənclərə göstərilən yüksək etimadın bariz nümunəsidir.
Ulu Öndərin gənclər siyasətində əsas prioritetlərdən biri də milli kimliyin qorunması və tarixi yaddaşın gənc nəsilə ötürülməsi idi. O, qloballaşma şəraitində gənclərin milli köklərindən qopmamasını, tarixini, dilini, mədəniyyətini dərindən bilməsini strateji məsələ hesab edirdi. Eyni zamanda, Heydər Əliyev gənclərin beynəlxalq aləmdə rəqabətqabiliyyətli, açıq dünyagörüşlü və müasir biliklərə yiyələnmiş fərdlər kimi yetişdirilməsini vacib sayırdı.
Heydər Əliyev gəncləri gələcəyin liderləri kimi formalaşdırmağı qarşıya məqsəd qoymuşdu. Onun siyasi iradəsi nəticəsində təhsilin inkişafı, elmin dəstəklənməsi, istedadlı gənclərin üzə çıxarılması və onların stimullaşdırılması dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Bu baxımdan, Heydər Əliyev gənclər siyasəti təkcə sosial proqramlar məcmusu deyil, müstəqil dövlət quruculuğunun ideoloji dayağı kimi formalaşdırılmışdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti məhz Heydər Əliyev ideoloji xəttinin davamıdır. Müasir, güclü, vətənpərvər və qalib Azərbaycan gəncliyi Ulu Öndərin müəyyən etdiyi strateji baxışın real nəticəsidir. Heydər Əliyev ideyaları əsasında formalaşan gənclər siyasəti Azərbaycanın sabitliyinin, inkişafının və tarixi qələbələrinin təminatçısı kimi çıxış edir.
Azərbaycan gənclərinin potensialı və onların inkişafı ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, müasir gənclik üçün imkanlar tarixən heç vaxt bu qədər geniş olmamışdır. Bu, yalnız iqtisadi və sosial imkanlarla məhdudlaşmır; eyni zamanda, gənclərə milli maraqları qorumaq, beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq və dövlətçiliyə töhfə vermək üçün hərtərəfli şərait yaradılmışdır.
Prezidentin çağırışı gənclərə yalnız şəxsi inkişaf perspektivləri ilə bağlı deyil, həm də vətən qarşısında məsuliyyətlə bağlıdır. Azərbaycanda sabitlik, təhlükəsizlik və milli müstəqillik mövcuddur; iqtisadiyyat inkişaf edir və ölkə özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Bu şəraitdə gənclər öz bacarıqlarını sərbəst şəkildə inkişaf etdirə, təhsilini genişləndirə, istedadlarını ortaya qoyaraq həm şəxsi uğur əldə edə, həm də dövlətin inkişafına töhfə verə bilərlər.
Prezident İlham Əliyev gəncləri fəallığa, təşəbbüskarlığa və məsuliyyətə çağırır. O, vurğulayır ki, gənclər öz gələcək həyatını düzgün planlaşdırmalı, elmi, texnoloji və sosial biliklərini artırmalı, həmçinin dövlətin iqtisadi və mədəni inkişafına maksimum töhfə verməlidirlər. Bu yanaşma, eyni zamanda, gənclərin liderlik bacarıqlarını, təşəbbüskarlığını və innovativ düşüncə qabiliyyətini formalaşdırmağa xidmət edir.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə gənclərin hərtərəfli inkişafına böyük dəstək göstərən aparıcı institut kimi fəaliyyət göstərir. Fond yalnız xeyriyyəçilik fəaliyyəti ilə məhdudlaşmır; o, təhsil, mədəniyyət, idman və elmin inkişafı sahəsində sistemli və uzunmüddətli layihələr həyata keçirir, gənclərin bacarıqlarının üzə çıxarılması, təşəbbüskarlığının stimullaşdırılması və milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xidmət edir.
Heydər Əliyev Fondunun gənclər siyasətində əsas prioritetlərdən biri onların intellektual və mədəni inkişafıdır. Fond tərəfindən təşkil edilən beynəlxalq və yerli təhsil proqramları, elmi seminarlar, yay məktəbləri və yarışlar gənclərin bilik səviyyəsini yüksəldir və onların qlobal miqyasda rəqabət qabiliyyətini artırır. Xüsusilə Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlar gənclərin yalnız akademik bacarıqlarını deyil, həm də liderlik və innovativ düşüncə qabiliyyətlərini formalaşdırır.
Fond həmçinin gənclərin istedadlarının aşkara çıxarılması və təşviqi sahəsində xüsusi rol oynayır. İncəsənət, musiqi, teatr, rəqs və idman sahələrində təşkil olunan müsabiqələr və layihələr gənclərin yaradıcılıq potensialını ortaya çıxarmağa imkan verir. Bu fəaliyyətlər gənclərdə milli qürur hissini artırmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasına da xidmət edir.
Heydər Əliyev Fondunun gənclərlə bağlı digər mühüm istiqaməti xaricdə təhsil və təcrübə proqramlarıdır. Fond, yüksək akademik göstəricilərə malik gənclərin beynəlxalq universitetlərdə təhsil almalarına dəstək göstərir. Bu, gənclərin dünya miqyasında rəqabət qabiliyyətini artırır, onların əldə etdikləri bilik və təcrübəni ölkənin inkişafına yönəltmələrinə imkan yaradır.
İdman sahəsində də Fond gənclərin potensialını dəstəkləyir. Olimpiya və dünya səviyyəli yarışlarda uğur qazanmış gənc idmançılar üçün maliyyə və mənəvi dəstək Fond tərəfindən təmin edilir. Bu yanaşma, gənclərin fiziki və mənəvi sağlamlığını qoruyarkən, onları həm də dövlətçiliyə və vətənpərvərliyə sədaqətli fərdlər kimi formalaşdırır.
Mehriban Əliyeva və Heydər Əliyev Fondu həmçinin gənclər arasında sosial məsuliyyət, könüllülük və vətəndaş fəallığını artırmağa xüsusi diqqət yetirir. Könüllülük hərəkatları, sosial layihələr və ictimai təşəbbüslər gənclərin cəmiyyətin inkişafına aktiv qatılmalarını təmin edir və onlarda təşəbbüskarlıq, liderlik və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön