Ana Sayfa > Siyasət > Heydər Əliyev və gənclər siyasəti
Heydər Əliyev və gənclər siyasətiBu gün, 09:58. Yazar: azer |
![]() Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində uzaqgörən və qətiyyətli siyasi lider kimi gənclər siyasətinin əsas memarı olmuşdur. Onun 1969–1982-ci illərdə respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrə qədər Azərbaycan iqtisadi və mədəni tənəzzül mərhələsində idi. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə sürətli sosial-iqtisadi yüksəliş, milli ruhun dirçəlişi və mənəvi dəyərlərin inkişafı mərhələsi başlanmışdır. Bu prosesdə gənclərin hazırlanması və milli kadr potensialının formalaşdırılması əsas prioritetlərdən biri olmuşdur. Gənclərin bir şəxsiyyət və əsl Azərbaycan vətəndaşı kimi yetişdirilməsində Ümummilli Liderin danılmaz xidmətləri vardır. Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutmuşdur. Hələ XX əsrin 70–80-ci illərində onun təşəbbüsü ilə yüzlərlə, sonradan isə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin, o cümlədən Moskva şəhərinin aparıcı ali təhsil müəssisələrinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Təkcə 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu dövlət qayğısı ilə əhatə olunmuşdur. 1970–1985-ci illərdə Sovet İttifaqının 170 tanınmış ali təhsil müəssisəsində oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırılmışdır. Hər il təhsil almaq üçün Azərbaycandan kənara təxminən 800 gənc göndərilirdi. Bu gənclər Sankt-Peterburq, Kiyev, Xarkov, Minsk kimi böyük elm və təhsil mərkəzlərində təhsil alaraq gələcəkdə ölkənin iqtisadiyyatında, sənayesində, elmi və idarəetmə sahələrində yüksək ixtisaslı kadr kimi fəaliyyət göstərmişlər. Onlar Azərbaycanın daxil olacağı yeni tarixi mərhələnin problemlərinin həllində mühüm rol oynamışlar. Müstəqillik dövründə də Heydər Əliyev gənclər siyasətinin düzgün aparılmasını dövlətin gələcəyi baxımından həyati əhəmiyyətli hesab edirdi. Onun “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycanın gələcəyi gənclərdən və uşaqlardan asılıdır” fikri bu siyasətin ideoloji əsasını təşkil edirdi. Ümummilli Liderin yanaşmasına görə, dövlət gənclər siyasəti gənclərin bilik və bacarıqlarını reallaşdırmasına yönəlmiş tədbirlər sistemidir və gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Bu baxımdan mühüm institusional addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. “Hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir” prinsipinə əsaslanan bu qurum qısa müddətdə dövlət gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirmiş və həyata keçirməyə başlamışdır. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurasının yaradılması isə gənclərin ictimai-siyasi fəallığının artmasına mühüm töhfə vermişdir. Ümummilli Liderin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirilmişdir. Bu forum Azərbaycanda gənclər siyasətinin formalaşmasında mühüm mərhələ olmuşdur. Qeyd etmək lazımdır ki, dünya üzrə Gənclər Günü yalnız 1999-cu ildə BMT tərəfindən təsis edildiyi halda, Azərbaycanda bu sahədə sistemli yanaşma daha əvvəl mövcud idi. 1997-ci il fevralın 1-də Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sonrakı illərdə keçirilən Gənclərin II Forumu, eləcə də “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərman və sərəncamlar, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin inkişafına dair Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” kimi proqram və qanunlar Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynamışdır. Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin dövlət qulluğunda, ictimai-siyasi həyatda və idman sahəsində fəal iştirakı bu siyasətin nəticəsidir. Bu gün Azərbaycan gəncliyi öz intellektual səviyyəsi, kreativ potensialı və milli-mənəvi dəyərlərə bağlılığı ilə dünya gəncləri arasında nüfuz qazanmışdır. Bu uğurun təməlində isə Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı güclü və davamlı dövlət gənclər siyasəti dayanır. Misir Məmmədov YAP Laçın rayon təşkilatının fəal üzvü Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Geri dön |