Ana Sayfa > Siyasət > Müstəqil Azərbaycanın gənclik salnaməsi
Müstəqil Azərbaycanın gənclik salnaməsiBu gün, 14:10. Yazar: azer |
![]() Müasir Azərbaycanın dövlətçilik tarixində gənclər siyasəti sadəcə bir idarəçilik sahəsi deyil, xalqın gələcək taleyini formalaşdıran milli strategiyanın əsas sütunudur. 2 Fevral – Azərbaycan Gəncləri Günü məhz bu uzaqgörən baxışın ən parlaq təzahürü kimi təqvimimizə həkk olunub. Hələ 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı tarixi sərəncamla bu günün təsis edilməsi, dövlətimizin öz gəncliyinə verdiyi dəyərin beynəlxalq müstəvidə nümunəvi addımı idi. Belə ki, Azərbaycan BMT-nin bu yöndəki analoji qərarından hələ illər öncə hərəkətə keçərək, həm regionda, həm də Şərqi Avropada gənclər hərəkatının öncülünə çevrildi. Ulu Öndərin 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratması isə sahədəki pərakəndəliyi aradan qaldıraraq, gənc nəslin tükənməz potensialını vahid bir mərkəzdən idarə olunan nəhəng gücə çevirdi. Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclərin fiziki sağlamlığı ilə mənəvi ucalığı və intellektual səviyyəsi hər zaman paralel vəhdət təşkil edirdi. 1996-cı ildə imzalanan "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Fərmanla "Qızıl kitab"ın təsis edilməsi, ən yüksək nəticə göstərən tələbələrə "Prezident təqaüdü"nün verilməsi gənclərimizin həm öz gücünə, həm də dövlətinə olan inamını köklü şəkildə bərkitdi. Ötən əsrin 70-80-ci illərində təməli qoyulmuş xaricdə təhsil ənənəsi müstəqillik illərində yeni nəfəs alaraq, "qara qızılın insan kapitalına" çevrilməsi strategiyasının əsasını qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "2022-2028-ci illər üzrə Dövlət Proqramı" həmin uzaqgörən xəttin məntiqi davamı və zirvəsidir. İndi bizim gənclərimiz dünyanın 33 ölkəsində, 200-dən çox nüfuzlu universitetdə ən müasir ixtisasların sirlərinə yiyələnərək Vətənə qayıdırlar. Müasir Azərbaycan gənci həm də tariximizin ən şanlı səhifəsini qanı ilə yazan "Zəfər nəsli"dir. Ulu Öndərin azərbaycançılıq məfkurəsi ilə yetişən, milli ruhu və vətənpərvərliyi hər şeydən üstün tutan bu nəsil 44 günlük Vətən müharibəsində bütün dünyaya öz sarsılmaz mətanətini sübut etdi. Cəbhədə göstərilən rəşadət informasiya savaşındakı mübarizə ilə tamamlandı; gənclərimiz sosial platformalarda milli həqiqətlərimizi dünyaya car çəkərək düşmənin dezinformasiya maşınını darmadağın etdilər. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən yüzlərlə maarifləndirici layihə, "Zəfərin 5 ili" münasibətilə təşkil olunan düşərgə və yarışlar bir daha təsdiqləyir ki, gəncliyimiz öz suverenliyini canı bahasına qorumağa hazırdır. Nailiyyətlərimiz təkcə hərbi və siyasi meydanla məhdudlaşmır. 2025-ci ilin yekun statistik göstəriciləri Azərbaycanın bir idman və zəka ölkəsi olduğunu növbəti dəfə sübuta yetirir. Ölkə üzrə fəaliyyət göstərən 33 "Gənclər evi"ndə il ərzində 112 mindən çox gənc müxtəlif layihələrə cəlb olunub. İdmançılarımız isə beynəlxalq arenalarda iki mindən çox medal qazanaraq rekord göstəriciyə imza atıblar. Eyni zamanda, innovativ sahədə atılan addımlar, süni intellekt və robototexnika üzrə keçirilən müsabiqələr gənclərimizin Dördüncü Sənaye İnqilabının çağırışlarına tam hazır olduğunun göstəricisidir. Könüllülük hərəkatının genişlənməsi, "Yüksəliş" müsabiqəsi vasitəsilə yeni kadr bankının formalaşması dövlətin öz gəncinə bəslədiyi sonsuz etimadın ən real nümunələridir. Nəticə olaraq vurğulamaq olar ki, bu gün hər bir Azərbaycan gənci azad, sabit və özünə güvənən bir dövlətin vətəndaşı olmaqdan qürur duyur. Ulu Öndərin müstəqilliyi qorumaq və yaşatmaq naminə gəncliyimiz qarşısında qoyduğu tarixi vəzifələr bu gün şərəflə yerinə yetirilir. Azərbaycan gəncliyi öz bilik və bacarığı, sarsılmaz dövlətçilik eşqi ilə XXI əsrin zirvələrinə doğru inamla irəliləyir, ölkəmizin həm hərbi, həm də intellektual qüdrətini bütün dünyada layiqincə təmsil edir. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |