Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Müasir Azərbaycan gəncliyinin formalaşmasında cənab Prezident İlham Əliyevin siyasətində yer alan vətənpərvərlik və qlobal inteqrasiya amilləri mühüm rol oynayır”

Novruzəli Aslanov: “Müasir Azərbaycan gəncliyinin formalaşmasında cənab Prezident İlham Əliyevin siyasətində yer alan vətənpərvərlik və qlobal inteqrasiya amilləri mühüm rol oynayır”


Dünən, 10:51. Yazar: azer
Novruzəli Aslanov: “Müasir Azərbaycan gəncliyinin formalaşmasında cənab Prezident İlham Əliyevin siyasətində yer alan vətənpərvərlik və qlobal inteqrasiya amilləri mühüm rol oynayır”

“Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin problemlərini hər zaman xüsusi diqqət mərkəzində saxlayırdı. Ümummilli Lider tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Belə bir mühüm məqam xüsusi qeyd olunmalıdır ki, Ulu Öndərin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili daha sonra bildirib ki, müasir dövrdə Azərbaycan gəncliyi dövlətin strateji inkişaf kursunun əsas dayaqlarından biri kimi çıxış edir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti gənclərin potensialının reallaşdırılmasına, onların bilikli, vətənpərvər və təşəbbüskar vətəndaş kimi formalaşmasına yönəlib. Bu siyasət gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini təmin etməklə yanaşı, ölkənin uzunmüddətli inkişaf maraqlarına xidmət edir.
2007-ci ilin “Gənclər ili” elan olunması gənclər siyasətinin yeni mərhələyə keçidinin rəmzi oldu. Bu təşəbbüs gənclərin ictimai-siyasi və mədəni proseslərdə iştirakını xeyli artırdı, bölgələrdə “Gənclər evi” və mərkəzlərinin yaradılması isə gənclərin sosiallaşması və asudə vaxtının səmərəli təşkili üçün yeni imkanlar açdı. Paralel olaraq yaradılan Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin ideyalarının dəstəklənməsi, innovativ layihələrin maliyyələşdirilməsi baxımından mühüm instituta çevrildi. Dövlət başçısının “qara qızılın insan kapitalına çevrilməsi” strategiyası çərçivəsində həyata keçirilən xaricdə təhsil proqramları gənclərin qlobal bilik və bacarıqlara yiyələnməsinə imkan yaradıb. Minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil alması Azərbaycanın gələcək intellektual potensialının möhkəmlənməsinə xidmət edir. Bu proqramlar yalnız təhsil təşəbbüsü deyil, həm də dövlətin gənclərə etimadının göstəricisidir. Azərbaycan gəncliyi Vətən müharibəsi zamanı həm döyüş meydanında, həm də informasiya cəbhəsində tarixi məsuliyyət nümayiş etdirdi. Rəşadətli Ordunun sıralarında döyüşən gənclər ölkənin ərazi bütövlüyünün bərpasında həlledici rol oynadılar. Eyni zamanda sosial şəbəkələrdə aparılan informasiya müharibəsində gənclərin fəallığı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm amil oldu. Bu fakt cənab Prezident İlham Əliyevin gəncləri vətənpərvərlik ruhunda yetişdirməyə yönələn siyasətinin real nəticəsidir. İdman, könüllülük və liderlik sahələrində həyata keçirilən təşəbbüslər – “Yüksəliş” müsabiqəsi, “Könüllülər ili”, beynəlxalq idman tədbirləri – gənclərin sosial məsuliyyət hissini və idarəçilik bacarıqlarını gücləndirir. Dördüncü Sənaye İnqilabı dövründə texnologiyalara daha tez adaptasiya olunan Azərbaycan gəncliyi bu gün ölkənin rəqəmsal və innovativ inkişafında aparıcı rol oynayır. Beləliklə, cənab Prezident İlham Əliyevin gənclər siyasəti müasir çağırışlara cavab verən, güclü və özünə inanan Azərbaycan gəncliyinin formalaşmasını təmin edən strateji xətt kimi çıxış edir” – deyə, Novruzəli Aslanov açıqlamasını başa çatdırıb.
Geri dön