Ana Sayfa > Siyasət > Davos mesajları – Azərbaycan diplomatiyasının uğur strategiyası
Davos mesajları – Azərbaycan diplomatiyasının uğur strategiyasıBu gün, 17:32. Yazar: azer |
![]() Cənab Prezident İlham Əliyevin yanvarın 21-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyaların Azərbaycan prizmasından rasional və praqmatik izahı kimi dəyərləndirilə bilər. Dövlət başçısının fikirləri qlobal siyasətdə idealizm dövrünün arxada qaldığını, real güc balansı və milli maraqların ön plana çıxdığını açıq şəkildə ortaya qoyur. Bu kontekstdə Azərbaycanın son illərdə yürütdüyü siyasət yeni beynəlxalq reallıqlara uyğunlaşdırılmış strateji xəttin davamıdır. Beynəlxalq hüququn artıq bir çox hallarda siyasi alətə çevrildiyi bir mərhələdə Azərbaycan öz yolunu aydın şəkildə müəyyən edib. Bu yol milli maraqlara söykənən, lakin beynəlxalq hüququn fundamental prinsiplərindən kənara çıxmayan siyasətdir. Suverenliyin və ərazi bütövlüyünün bərpası prosesi göstərdi ki, hüquq və güc arasında ziddiyyət yarandıqda belə, düzgün strateji planlama və siyasi iradə ilə legitim nəticələr əldə etmək mümkündür. Prezidentin vurğuladığı kimi, Azərbaycan bu mürəkkəb tarazlığı qorumağa nail olan azsaylı ölkələrdəndir və bu, onu regional aktordan daha geniş miqyaslı geosiyasi oyunçuya çevirir. Müsahibənin ən diqqətçəkən məqamlarından biri də Cənubi Qafqazda formalaşmaqda olan yeni sülh mühitinə dair verilən mesajlardır. Dövlətimizin başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məhz bu mərhələdə təqdim edilməsi Azərbaycanın postmünaqişə dövründə seçdiyi barış və əməkdaşlıq kursuna beynəlxalq etimadın göstəricisi kimi çıxış edir. Ermənistanla münasibətlərin qarşıdurmadan praktiki əməkdaşlıq müstəvisinə keçməsi regionun siyasi arxitekturasını dəyişən əsas faktordur. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji təchizatının təmin olunması Azərbaycanın qalib ölkə statusunu revanşizm üzərində deyil, konstruktiv yanaşma üzərində qurduğunu nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin təhlükəsizliklə bağlı fikirləri isə dövlətin daxili dayanıqlığının və institusional gücünün göstəricisidir. Daxili risklərin olmaması, potensial təhdidlərin əsasən regiondakı geosiyasi proseslərlə bağlı olması Azərbaycanın daxili siyasi sabitliyinin möhkəm təməllər üzərində qurulduğunu sübut edir. Dövlət başçısının regionda sabitliyin “ən böyük sərvət” kimi xarakterizə etməsi təsadüfi deyil. Uzun illər müharibə və işğal şəraitində yaşamış bir ölkə üçün sülh artıq mücərrədt anlayış deyil, strateji üstünlükdür. Müsahibədə enerji məsələlərinə dair səsləndirilən fikirlər isə Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu bir daha təsdiqləyir. Boru kəməri qazının coğrafi əhatəsinə görə dünya lideri olan Azərbaycan həm Avropa İttifaqı, həm də digər bazarlar üçün etibarlı tərəfdaşdır. Enerji siyasətində şaxələndirmə, sabit qiymət mühiti və proqnozlaşdırıla bilən ixrac strategiyası Azərbaycanın yalnız hasilatçı deyil, həm də məsuliyyətli enerji aktoru kimi qəbul edilməsinə şərait yaradır. Xüsusi qeyd olunmalıdır ki, Cənab Prezident İlham Əliyev tərəfindən Avropa Parlamentinə münasibətdə nümayiş etdirilən təmkinli mövqe də Azərbaycanın xarici siyasətində yeni mərhələnin göstəricisidir. Emosional reaksiyalardan imtina edərək real əməkdaşlıq platformalarına fokuslanmaq, siyasi qərəzi dialoqdan kənarda saxlamaq müstəqil siyasətin təzahürüdür. Ermənistanın belə Azərbaycanla münasibətləri müsbət qiymətləndirdiyi bir dövrdə, bəzi Avropa dairələrinin köhnə stereotiplərdən çıxış etməsi əslində regiondakı yeni reallıqlardan nə qədər uzaq qaldıqlarını göstərir. Beləliklə, Davos müsahibəsi Azərbaycanın güc, hüquq, sülh və əməkdaşlıq anlayışlarını vahid strateji çərçivədə birləşdirən modelini ortaya qoyur. Bu model dəyişən dünyanın şərtlərinə uyğunlaşdırılmış suveren inkişaf yoludur. Qurban Qaraisayev, YAP Balakən rayon təşkilatının sədr müavini. Geri dön |