Ana Sayfa > Gündəm / Parlament > Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.


Bu gün, 17:29. Yazar: azer
Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Yanvarın 22-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan komitə sədri Əhliman Əmiraslanov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb. 

Komitə sədri gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Səhiyyə komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün  iş planının layihəsinin, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Məlumat verilib ki, 2025-ci ilin payız sessiyası ərzində komitənin 15 iclası keçirilib, ümumilikdə 20 məsələ müzakirə olunub. Ötən sessiya dövründə komitəyə vətəndaşlardan 170 müraciət daxil olub. Bunlardan bir qisminin icrası təmin edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri bildirib ki, ötən sessiya müddətində seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib və onlara zəruri izahatlar verilib. 
Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi  barədə məlumat verən Əhliman Əmiraslanov qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri müzakirə olunacaq və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.
Məsələlərlə bağlı müzakirələrdə komitənin sədr müavini Rəşad Mahmudov, üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Günay Əfəndiyeva çıxış edərək fikirlərini söyləyiblər, təkliflərini bildiriblər.
İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul hesab edilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Daha sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, qanun layihələrinə edilən dəyişikliklər onkoloji yardımın göstərilməsi sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılmasını, bu xidmətlərin “Lisensiyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsini nəzərdə tutur. Dəyişikliklər onkoloji xəstələrin həkim və tibb müəssisəsi seçmək hüququnun genişləndirilməsinə və tibbi xidmətlərə çıxış imkanlarının artırılmasına xidmət edəcək.
Müzakirələrdə komitənin sədr müavini Rəşad Mahmudov və üzvü Pərvanə Vəliyeva çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, təkliflərini irəli sürüblər.
İclasın sonunda birinci oxunuşda olan qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə Səhiyyə komitəsinin üzvləri Kəmaləddin Qafarov, Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.

Geri dön