Ana Sayfa > Manşet / Siyasət > Davos Forumu: Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətə uğurla təqdim olunur

Davos Forumu: Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətə uğurla təqdim olunur


Bu gün, 15:39. Yazar: azer
Davos Forumu: Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətə uğurla təqdim olunur

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişiklikləri ortaya qoyur. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, dünya artıq klassik beynəlxalq hüquq mexanizmlərinin dominant olduğu mərhələdən çıxaraq yeni, daha mürəkkəb və ziddiyyətli bir mərhələyə daxil olub. Bu mərhələdə dövlətlərin davranışlarını müəyyən edən əsas amil çox zaman hüquqi normalar deyil, real güc balansı və milli potensialdır.

Beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq və dəyişməz davranış çərçivəsi kimi qəbul edilmir. Məhz bu reallıq strateji yanaşmanın əsasını təşkil edir. Qarşıya qoyulan məqsəd milli maraqlara uyğun konkret nəticələr əldə etməkdən ibarət olub və bütün addımlar beynəlxalq hüquqa tam riayət edilməklə atılıb. Prezident İlham Əliyevin sözügedən müsahibəsində siyasi inkişafdan tutmuş suverenliyin və ərazi bütövlüyünün bərpasına qədər görülən bütün işlərin beynəlxalq hüquq və ümumbəşəri dəyərlərlə uzlaşdığı diqqətə çatdırılıb.

Azərbaycan Prezidentinin müsahibəsində beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyduğu vurğulanıb. Bu erada prosesləri artıq qanunun aliliyi deyil, “güc qaydası” müəyyənləşdirir. Dünyanın müxtəlif regionlarında müşahidə edilən münaqişələr, davam edən müharibələr və qeyri-sabitlik bu tendensiyanın real təzahürüdür. Belə bir şəraitdə hər bir dövlətin öz strategiyasını və siyasətini real potensialına uyğun qurması mütləq zərurətə çevrilir. Xüsusilə regional müstəvidə etibarlı münasibətlərin formalaşdırılması, paralel olaraq qlobal miqyasda çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması əsas prioritet kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi müsahibədə qeyd olunan məqamlardan biridir. Bu mükafat 30 ildən artıq davam edən qanlı münaqişələrdən, müharibə və qarşıdurmalardan sonra Qafqazda sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərə verilən yüksək beynəlxalq qiymət kimi təqdim olunub. Region yeni inkişaf mərhələsinə daxil olur və artıq bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Bu, müstəqillik tarixində ilk dəfə yaşanan, həm psixoloji, həm də strateji baxımdan mühüm imkanlar açan bir mərhələdir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsi müsahibənin əsas mövzularından biri olub. Uzun illər düşmənçilik və qarşıdurma üzərində qurulan münasibətlər tədricən əməkdaşlıq müstəvisinə transformasiya olunub. Ermənistan istiqamətində yüklərin daşınmasına tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırılması, eləcə də bu ölkənin ciddi şəkildə asılı olduğu əsas malların, xüsusilə neft məhsullarının təchizatına başlanması regional iqtisadi əməkdaşlığın real nümunəsi kimi təqdim edilib. Bu proses bütün tərəflər üçün faydalıdır, əsas məqsəd Qafqazda müvəqqəti deyil, əbədi sülhə nail olmaqdır.

Prezident İlham Əliyevin müsahibəsində daxili təhlükəsizlik məsələlərinə toxunaraq bildirib ki, ölkə daxilində potensial risklər mövcud deyil. Mövcud risklər əsasən xarici mənbələrdən qaynaqlanır, bu səbəbdən qonşuluqda sabitliyin qorunması və regional mühitin proqnozlaşdırıla bilən olması strateji əhəmiyyət daşıyır. Regionda sülh, sabitlik və təhlükəsizlik istənilən dövlət üçün ən böyük sərvət kimi qiymətləndirilir. İşğal və müharibə təcrübəsi yaşamış bir cəmiyyət üçün sülh dəyəri ölçüyəgəlməzdir.

Enerji bazarları ilə bağlı qiymətləndirmələr müsahibədə qeyd olunan məsələlərdən biridir. Neftin qiymətinin hazırda sabit səviyyədə qalması və bu səviyyənin məqbul hesab olunması qlobal bazarların nisbətən balanslı vəziyyətdə olduğunu göstərir. Dünyanın müxtəlif bölgələrində baş verən gərginliklərin qiymətlərə ciddi təsir etməməsi hasilatçı və istehlakçı ölkələr üçün gələcəyi planlaşdırmaq baxımından mühüm üstünlük yaradır. Prezident İlham Əliyev enerji təhlükəsizliyi kontekstində vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə dövlətdir. Regionun digər ölkələri uzun illərdir bu enerji resurslarını məhz ölkəmizdən idxal edir. Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, 16 ölkəyə təbii qaz ixracı və onların 10-nun Avropa İttifaqının üzvü olması bu əməkdaşlığın strateji miqyasını nümayiş etdirir. Boru kəməri qazının coğrafi əhatəsinə görə dünya üzrə birinci yeri tutması ölkəmizin enerji siyasətinin mühüm göstəricisidir. Təbii resurslar, müasir nəqliyyat infrastrukturu və boru kəmərləri Avropa bazarı üçün etibarlı tərəfdaş obrazını gücləndirir.

Dövlətimizin başçısı Avropa Parlamentinin davamlı tənqidlərinə münasibət məsələsində isə açıq və prinsipial mövqe sərgiləyib. Artıq bu qurumun qərəzli mövqeyinə reaksiya verilməməsi şüurlu siyasi seçimdir. Bu yanaşma müstəqil siyasəti qəbul edə bilməyən xüsusi lobbi qruplarının fəaliyyəti ilə izah edilir. Avropa Komissiyası ilə əməkdaşlıq davam etdirilir, lakin Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əlaqələr uzun müddətdir dayandırılıb. Xüsusilə Ağ Evdə sülh müqaviləsinin paraflandığı bir vaxtda Avropa Parlamentinin ittihamlarının ziddiyyətli və əsassız olduğu məlumdur.

Ümumilikdə, Davosdan verilən bu müsahibə qlobal güc balansının dəyişdiyi bir dövrdə milli maraqlara söykənən, praqmatik və balanslı siyasətin real nəticələr verdiyini nümayiş etdirən konseptual baxış kimi dəyərləndirilir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı


Geri dön