Ana Sayfa > Siyasət > Azərbaycanın Qlobal İqtisadi və Strateji Mövqeyinin Təsdiqi
Azərbaycanın Qlobal İqtisadi və Strateji Mövqeyinin TəsdiqiBu gün, 15:02. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantısında iştirakı ölkəmizin beynəlxalq iqtisadi, siyasi və strateji nüfuzunun növbəti dəfə aydın şəkildə nümayişi oldu. Davos Forumu bu gün dünya iqtisadiyyatının gələcəyini formalaşdıran əsas qlobal platformalardan biri kimi çıxış edir və burada aparılan müzakirələr, keçirilən görüşlər beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərir. Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında iştirak edərək çıxış etdi. Dövlətimizin başçısı çıxışında Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında etibarlı, təhlükəsiz və xoşməramlı bağlantı yaradan yeganə ölkə olduğunu vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycan nəinki coğrafi baxımdan, həm də siyasi sabitliyi, proqnozlaşdırılan iqtisadi siyasəti və tərəfdaşlığa əsaslanan xarici kursu ilə bu funksiyanı uğurla yerinə yetirir. Cənab İlham Əliyev Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyətinə toxunaraq bildirdi ki, son illərdə bu marşrut üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb və Azərbaycan bu dəhlizin əsas aparıcı həlqəsidir. Prezident Azərbaycanın Avrasiya məkanında etibarlı tərəfdaş imicinin təsadüfi olmadığını, uzun illər ərzində formalaşan düşünülmüş dövlət siyasətinin nəticəsi olduğunu vurğuladı. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın makroiqtisadi sabitliyinə, xarici borcun aşağı səviyyədə olmasına, valyuta ehtiyatlarının artmasına və ölkədə əlverişli investisiya mühitinin yaradılmasına xüsusi diqqət çəkdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda hüquqi bazanın təkmilləşdirilməsi, vergi və gömrük islahatları, rəqəmsal iqtisadiyyatın inkişafı xarici şirkətlər üçün geniş imkanlar açır. Xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar və maliyyə sektorları xarici investorların böyük marağına səbəb olur. Davos çərçivəsində Prezident İlham Əliyevin dünyanın aparıcı şirkət və beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda tutduğu mövqeni bir daha təsdiqlədi. Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşündə Azərbaycanda infrastruktur və enerji layihələrinə investisiya imkanlarını müzakirə etdi. Tərəflər uzunmüddətli əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirdilər. Dövlətimizin başçısı “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşündə rəqəmsal transformasiya, dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqi və kibertəhlükəsizlik məsələlərini diqqətə çatdırdı. Prezident İlham Əliyev “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi və rəhbəri ilə görüşündə Azərbaycanın infrastruktur layihələrinin qlobal maliyyə bazarları üçün cəlbedici olduğunu qeyd etdi. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti ilə görüşdə bankın Azərbaycandakı layihələrdə fəal iştirakı və yeni əməkdaşlıq istiqamətləri müzakirə olundu. Prezident İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşündə maliyyə bazarları, investisiya axınları və Azərbaycanın regional maliyyə mərkəzinə çevrilmə potensialından danışdı. Dövlətimizin başçısı “Carlsberg Group”, “DP World”, “Vestas Wind Systems”, Braziliyanın “BTG Pactual” şirkətinin rəhbərləri ilə görüşlərdə sənaye, logistika, yaşıl enerji və maliyyə sahələrində əməkdaşlıq perspektivlərini geniş şəkildə müzakirə etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşü səhiyyə sahəsində qlobal əməkdaşlığın və Azərbaycanın beynəlxalq təşəbbüslərə verdiyi töhfənin göstəricisi oldu. Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verərək Azərbaycanın regional və qlobal proseslərdəki mövqeyini, enerji siyasətini, postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq işlərini geniş şəkildə izah etdi. Dövlət başçısı müsahibəsində Azərbaycanın enerji strategiyasının təkamülünü belə xarakterizə etmişdir: "Bizim təşəbbüslərimiz regionda tamamilə yeni vəziyyət yaradıb. Bu gün biz artıq təkcə neft ixrac edən ölkə deyilik, biz Avropanın etibarlı qaz təchizatçısına çevrilmişik." Müsahibədən sonra Prezidentin iştirakı ilə “Euronews”un təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbir keçirildi ki, bu da beynəlxalq media və analitik dairələrin ölkəmizə marağının bariz nümunəsi oldu. Prezident İlham Əliyevin Davos görüşləri bir daha göstərdi ki, Azərbaycan artıq regional deyil, qlobal iqtisadi və siyasi aktor kimi qəbul olunur. Keçirilən görüşlər, səsləndirilən mesajlar və əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, etibarlı tərəfdaş statusunun və strateji əhəmiyyətinin təsdiqidir. Davos Forumu çərçivəsində aparılan müzakirələr və keçirilən görüşlər Azərbaycanın gələcək inkişaf strategiyasının beynəlxalq dəstək qazandığını və ölkəmizin dünya iqtisadiyyatında mühüm yer tutduğunu bir daha sübut etdi. Zahir Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının sədri Geri dön |