Ana Sayfa > Karusel / Gündəm > Dünya ictimaiyyətinin Azərbaycana ehtiramı daha da artacaqdır
Dünya ictimaiyyətinin Azərbaycana ehtiramı daha da artacaqdırBu gün, 10:21. Yazar: azer |
![]() Azərbaycan dövləti dünyanın siyasi maraqları ilə əhatələnmiş dövlətlətlərindən biridir. Bu maraq təkcə onun siyasi nüfuzu ilə bağlı deyil, həm də onun tolerantlığı, bəşəriliyi ilə bağlıdır. Belə dövlətlər dünya siyasi sistemində nüfuzlu dövlətlərdən hesab edilir. İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanması Azərbycanın nüfuzunu da, ona olan etimadı və ehtiramı da yüksəltdi. Bu yüksəliş dövlətlərarası münasibətlər sistemində rəğbətlə əhatələndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə də bu fikirlərin təsdiqidir. Dövlət başçımız müsahibəsində qeyd etdi ki, istər siyasi inkişafın, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun olub. “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almağı böyük şərəf hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”. Azərbaycan bəşəri dövlət kimi bəşəri niyyətlilərlə, bəşəri niyyəti fəsliyyətinin başlıca istiqaməti bilən beynəlxalq təşkilatlarla həmişə səmimi münasibətləri inkişaf etdirib. Son vaxtlar Avropa Parlamentinin Azərbaycana qərəzli münasibəti dünyanın nizamına pozucu təsir də göstərib. Bu səbəbdən onun Azərbaycana qarşı münasibəti, bu münasibəti əhatələyən tənqidi çıxışları hələ də davam etməkdədir və Azərbaycan daha buna əhəmiyyət vermir: “Bəli, reaksiya verməyi dayandırmışıq. Keçmişdə reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. İndi sərhədlərimiz tam ciddiyəti ilə qorunur, qorunacaq da. Bu, dövlətçilik qanunudur. Dövlət, dövlətin sərhədləri həmişə ehtimali həmlələrlə əhatələnir. Bu səbəbdən potensial risklər də mövcuddur. Azərbaycanda daxili risklər mövcud deyil. Bütün potensial risklərin kənardan qaynaqlandığını bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “Bu səbəbdən hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur. Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. İstəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycan gerçəkliklərinin bir hissəsini əhatə etməklə tarixləşdi. Bu gerçəklik də dünya ictimaiyyətinin Azərbaycana daha səmimi ehtiramı ilə nəticələnəcəkdir... Səbinə XASAYEVA, Milli Məclisin deputatı Geri dön |