Ana Sayfa > Özəl > Heç zaman ölməyən sevgi…

Heç zaman ölməyən sevgi…


Bu gün, 19:44. Yazar: azer
Heç zaman ölməyən sevgi…

Bu günlər xalqımız 20 Yanvar faciəsinin 36-cı ildönümünü dərin hüzn və qürur hissi ilə yad edir. Paytaxt Bakıda, eləcə də ölkəmizin bütün bölgələrində şəhidlərimizin əziz xatirəsi ehtiramla anılır, ruhlarına dualar oxunur. Qara Yanvarın ağrısı zaman keçdikcə unudulmur, əksinə, yaddaşlarda daha da dərin iz salır. Çünki bu faciə təkcə qanla yazılmış tarix deyil, həm də sevgi, sədaqət, fədakarlıq və mərdlik salnaməsidir.
Sevindirici haldır ki, illər ötdükcə 20 Yanvar soyqırımı nəinki unudulmur, əksinə, şəhidlərimizin vətənpərvərliyi, qəhrəmanlığı, şəhidlik zirvəsinə ucalmamışdan öncə qəlblərində daşıdıqları pak məhəbbət, bu sevgini bu günə qədər yaşadan Azərbaycan qadınlarının sədaqəti üzə çıxır. Bu həqiqətlər bizi həm kövrəldir, həm də qürurlandırır.
Biz əsrlər boyu əsl sevgi anlayışını daha çox ədəbiyyatdan öyrənmişik. Deyiblər ki, Leyli və Məcnun, Əsli və Kərəm, Fərhad və Şirin yalnız nağıllarda olub. Onların adlarını Nizamilər, Füzulilər öz misralarında əbədiləşdirib.

Amma bu, tam həqiqət deyil.

Bu gün də sevgi dastanlarına layiq, mərd, sədaqətli, fədakar insanlar yaşayır. Sadəcə onların sevgisini qələmə alan Nizamilər, Füzulilər azdır. Halbuki elə həmin Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi öz əsərlərində ilahi sevgidən bəhs ediblər. İlahi sevgi isə zaman tanımır, ölmür, sönmür. O sevgi bu gün də yaşayır, sədaqətli ürəklərdə.
Biz bunun bariz nümunəsini 1990-cı il 20 Yanvar faciəsində şəhid olan İlhamın həyat yoldaşı Fərizənin taleyində gördük. Sevgisini yaşamaqdan çox, onunla birlikdə yaşamağı seçən Fərizə kimi qəhrəman qadınlarımız az deyil.

Onlardan biri də Qubalı qız Mənzərdir.

Bu, o Mənzərdir ki, 1990-cı il yanvarın 22-də şəhid olan Vəfadar Eminovun sevgisini bu günə qədər yaşadır və bundan sonra da yaşadacaq. Bu sevgi nə illərə uduzub, nə də taleyin sərt hökmünə.
Vəfadar Eminov əslən Gürcüstanın Marneuli rayonunun Kirəc Muğanlı kəndində doğulub, boya-başa çatıb. Hələ məktəb illərindən xalqa, vətənə sevgisi ilə seçilən Vəfadar Bakı Dövlət Universitetinə qəbul olunduqdan sonra azadlıq hərəkatına qoşulub, onun fəal üzvlərindən biri olub. 20 Yanvar hadisələri zamanı sovet ordusuna qarşı mübarizənin önündə gedən gənclərdən idi.
1990-cı il yanvarın 22-də yaralılar üçün qanvermə aksiyasında iştirak edib. Xəstəxanadan çıxarkən mənfur düşmənin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Amma onun nə həyat dastanı, nə də sevgi dastanı bununla bitdi…

O qanlı günlərdə hamı sanki başını itirmişdi. Şəhidlərə yas tutulur, sinəsi dağlı anaların ah-naləsi göylərə ucalırdı. Amma elə yaralar vardı ki, səssiz idi. Elə acılar vardı ki, hönkürtü ilə deyil, susqunluqla yaşanırdı. Nakəm sevgi qurbanlarının ağrısı da məhz belə idi.
Onlardan biri də Vəfadarın sevgilisi Mənzər idi.
Şəhidin bacısı Gülnarə Musayeva xatırlayır: “Biz artıq Mənzərə elçi getməyə hazırlaşırdıq. Valideynlərimiz tanış idi. Amma qismət olmadı. Yanvar hadisələrindən sonra çox ağır günlər yaşadıq. Yarımçıq qalan xeyir işimiz, ata-anamın fəryadı bizi sarsıtmışdı. Mənzərə zəng vurmağa da ürək etmirdik. Düşünürdüm ki, yaralı qəlbini bir daha ağrıtmayaq. İllər belə keçdi… Ta ki 2025-ci il iyulun 25-dək”.

Təsadüfən Qubadan olan bir rəfiqəsi ilə söhbət zamanı Mənzərin adı çəkilir. Rəfiqəsi bildirir ki, Mənzər Vəfadardan sonra heç kimi sevməyib, ailə qurmayıb.
Gülnarə həmin gün Mənzərə zəng vurur: “Dəstəyin o başında səs titrəyirdi. “Kimsiniz?” dedi. “Vəfadarın bacısıyam” söylədim. Bir neçə dəqiqə lal sükut oldu… Sonra ikimiz də hönkür-hönkür ağladıq”.

Məlum olur ki, Mənzərin valideynləri onu ailə qurmağa məcbur etmək istəsələr də, o, qətiyyətlə imtina edib. Vəfadara olan sevgisini heç nəyə dəyişməyib. Anası Hökumə xanım da bu sədaqətin yanında dayanıb.
Mənzər deyir:“O qanlı yanvarda özümü öldürmək istəyirdim. Elə bil hər yerdə Vəfadarı görürdüm. Ürəyimdə ona səslənirdim: “Ruhun buradadırsa, mənə yol göstər”. Sanki kimsə saçımı sığalladı, məni ayağa qaldırdı. O gündən söz verdim ki, onu heç kimə dəyişməyəcəyəm”.

Bu gün Mənzərin 54 yaşı var. İxtisasca ingilis dili müəllimi olsa da, hazırda başqa sahədə çalışır. İş yerində onu şəhid ailəsi kimi tanıyır, hörmət edirlər.
Qeyd edək ki, şəhidin bacısı Gülnarə Musayeva və Almaz Həsrətin birgə müəllifliyi ilə işıq üzü görmüş “Xarıbülbülün qərənfilə müjdəsi” kitabında da bu kimi talelər, nakam həyat hekayələri, sönməyən sevgi dastanları yer alır.

Bəli, əsl sevgi ölmür. O, şəhid məzarları üstündə açan qərənfillərdə, sədaqətli qadınların susqun göz yaşlarında, illərə meydan oxuyan qəlblərdə yaşayır.
Və bu sevgi xalqın yaddaşıdır.

Xətayi Əzizov
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri

Geri dön