Ana Sayfa > Parlament > İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib
İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilibBu gün, 19:01. Yazar: azer |
![]() Yanvarın 21-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclası açan komitə sədri Fazil Mustafa bildirib ki, gündəliyə 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi və cari məsələlərin müzakirəsi daxildir. Birinci məsələ barədə danışan komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ilin payız sessiyası dövründə komitənin 4 iclası keçirilib və 6 məsələyə baxılıb. Bu dövr ərzində komitəyə daxil olmuş 83 ərizə, məktub və digər müxtəlif xarakterli sənədlərlə, həmçinin elektron poçt vasitəsilə daxil olmuş məktubların əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb, onların qanun çərçivəsində həllinə nail olunub. Seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib, lazımi izahatlar verilib. Sessiya ərzində “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi digər komitələrlə birlikdə komitədə müzakirə olunub və Milli Məclisdə üç oxunuşda qəbul edilib. Qeyd olunub ki, sessiya ərzində komitədə ölkəmizdə səfərdə olan xarici qonaqlarla bir sıra görüşlər keçirilib, komitə üzvləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunmuş festival və forumda, həmçinin bir sıra konfrans, ictimai dinləmə və digər tədbirlərdə iştirak ediblər. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi barədə danışan komitə sədri bildirib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri komitədə müzakirə olunacaq, bir sıra mövzularda ictimai müzakirələr, vətəndaşlarla və dini konfessiyaların nümayəndələri ilə mütəmadi görüşlər keçiriləcək. Sonra komitə sədrinin müavini Sahib Alıyev və komitə üzvləri Azər Allahverənov, Elşad Musayev, Tənzilə Rüstəmxanlı, Ceyhun Məmmədov və Azay Quliyev çıxış edərək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, bir sıra təkliflərini səsləndiriblər. İclasda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub və komitənin növbəti sessiya üçün iş planının layihəsi təsdiqlənib. Tədbirdə komitə üzvləri Cavanşir Paşazadə, Səbinə Salmanova, Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər. Geri dön |