Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Rəsmi Bakı ilk növbədə regionda sabit və etibarlı münasibətlər qurmağı prioritet hesab edir”
Novruzəli Aslanov: “Rəsmi Bakı ilk növbədə regionda sabit və etibarlı münasibətlər qurmağı prioritet hesab edir”Bu gün, 17:10. Yazar: azer |
![]() “Ölkə Prezidenti cənab İlham Əliyevin Davosda keçirdiyi görüş və müzakirələrin məzmunu Azərbaycanın müasir dövrdə formalaşdırdığı çevik, praqmatik və məsuliyyətli xarici siyasət kursunun mahiyyətini açıq şəkildə ortaya qoyur. Dövlət başçısının “Euronews” televiziyasına müsahibəsi və “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan dövləti regional reallıqlara əsaslanan, eyni zamanda qlobal çağırışları düzgün qiymətləndirən siyasi xətt yürüdür. Dövlət başçısının vurğuladığı kimi, bu gün hər bir ölkənin strategiyası yalnız öz potensialına uyğun qurulmalıdır. Bu yanaşma Azərbaycan üçün sadəcə nəzəri prinsip deyil. Bu, praktik siyasətin əsas dayağıdır. Rəsmi Bakı ilk növbədə regionda sabit və etibarlı münasibətlər qurmağı prioritet hesab edir, daha sonra isə bu münasibətləri qlobal əməkdaşlıq müstəvisinə daşıyır. Məhz bu baxış bucağı Azərbaycanın son illərdə həm regional, həm də beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib. Davos kimi nüfuzlu platformada bu mövqenin açıq şəkildə ifadə olunması Azərbaycanın siyasi xəttinin ardıcıllığını və şəffaflığını nümayiş etdirir.” Bu sözləri aia.az verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Fikirlərini davam etdirən millət vəkili Prezident İlham Əliyevin Ermənistanla bağlı səsləndirdiyi fikirlərin Azərbaycanın humanist və konstruktiv mövqeyinin bariz nümunəsi olduğunu diqqət mərkəzinə çəkib: “Ermənistan istiqamətində yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, eləcə də bu ölkənin ciddi ehtiyac duyduğu neft məhsullarının təchizatına başlanması göstərir ki, Azərbaycan postmünaqişə dövründə revanşist ritorikadan deyil, real əməkdaşlıq və qarşılıqlı asılılıq üzərində qurulan sülh modelindən çıxış edir. Bu addımlar regionda etimad mühitinin formalaşmasına xidmət etməklə yanaşı, Azərbaycanın məsuliyyətli regional aktor kimi mövqeyini daha da möhkəmləndirir. Qeyd edim ki, dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almağı böyük şərəf kimi dəyərləndirməsi də təsadüfi deyil. Bu mükafat Azərbaycanın multikulturalizm, tolerantlıq və dinlərarası dialoq sahəsində həyata keçirdiyi siyasətin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini təsdiqləyir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz humanist dəyərləri yalnız daxili siyasətdə deyil, beynəlxalq münasibətlər sistemində də fəal şəkildə təşviq edir. Əlbəttə ki, dövlət başçısının panel iclasında enerji və nəqliyyat imkanları ilə bağlı səsləndirdiyi fikirlər də Azərbaycanın Avrasiya məkanında artan strateji rolunu bir daha ön plana çıxarır. Təbii resurslar, müasir nəqliyyat infrastrukturu və boru kəmərləri şəbəkəsi Azərbaycanı Avropa üçün mühüm enerji təhlükəsizliyi tərəfdaşına çevirib. Eyni zamanda bu əməkdaşlıq ölkəmizə premium bazarlara çıxış imkanı yaradır ki, bu da milli iqtisadi maraqların qorunması baxımından son dərəcə əhəmiyyətlidir. Nəhayət, belə bir mehem məqamı da xüsusi vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin regional gündəliyə verdiyi xüsusi önəm və Ermənistan–Azərbaycan, eləcə də Ermənistan–Türkiyə yaxınlaşmasının paralel şəkildə inkişaf edəcəyinə dair fikirləri gələcəyə yönəlik aydın siyasi vizyonu əks etdirir. Bu yanaşma göstərir ki, Azərbaycan regionda davamlı sülhün yalnız kompleks və sinxron diplomatik addımlar nəticəsində mümkün olduğuna inanır və bu prosesdə aparıcı rol oynamağa hazırdır. Davosdan verilən bu mesajlar Azərbaycanın həm regional sabitliyin, həm də Avrasiyanın iqtisadi və siyasi əməkdaşlıq arxitekturasının formalaşmasında mühüm aktor olduğunu bir daha təsdiqləyir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb. Geri dön |