Ana Sayfa > Gündəm / Ölkə / Özəl > "Duzdağ"da nələr olur? Marketlərdəki bu "şorsupanlıq" nə vaxt bitəcək?
"Duzdağ"da nələr olur? Marketlərdəki bu "şorsupanlıq" nə vaxt bitəcək?Dünən, 21:19. Yazar: sevinc1 |
![]() Son günlər marketlərin ədviyyat rəflərində qəribə bir mənzərə var; hər şey var, bircə o məşhur Naxçıvan duzundan başqa. Öyrəşmişdik axı, mətbəxin "ağ qızılı" həmişə əlimizin altında olsun. İndi isə rəflər elə bil qəribsəyib, yaranan bu "şorsupanlıq" isə hamının ağzının dadını qaçırıb. Rəsmi qurumlar deyir ki, narahat olmayın, Duzdağdakı 5 nömrəli şaxtada "texniki profilaktika" gedir, modernizasiya edirik, təhlükəsizliyi möhkəmlədirik. Amma adamın ağlına min bir sual gəlir: bu duz zavodu dünənin zavodu deyil, bəs bu "modernizasiya" niyə məhz indi, həm də istehsalı tam dayandırmaq bahasına yada düşdü? Görünən odur ki, məsələ təkcə şaxtanın divarlarını rəngləmək və ya texnikanı yeniləmək deyil. Naxçıvanda son illər baş verən o məşhur idarəetmə küləkləri, görünür, axır ki, Duzdağa da gəlib çatıb. Uzun illər bu strateji sahələr kimlərinsə inhisarında olanda heç "təhlükəsizlik" yada düşmürdü, indi isə birdən-birə şaxta "istirahətə" göndərildi. Belə çıxır ki, mülkiyyət məsələləri yenidən bölüşdürülür, köhnə sahiblərin izi silinir. Bu cür "keçid dövrlərində" isə adətən birinci istehsal zərbə alır. Yəni, yuxarıda fil fəğan edir, aşağıda bizim duz qablarımız boş qalır. Bəlkə də məsələnin kökündə elə o məşhur audit yoxlamaları dayanır. Maliyyə kəsirləri, yeyintilər, vergi oyunları... Əgər zavodun sənədlərində "duz yerinə toz" yazılıbsa, əlbəttə ki, o şaxtanın ağzına kilid vurulmalı idi. Bir də logistika məsələsi var; Naxçıvandan Bakıya məhsul gətirmək onsuz da baha başa gəlirdi. İndi bazarın bu boşluğundan istifadə edən rəqiblər – istər Masazırın "Azərduz"u olsun, istərsə də xarici brendlər – yəqin ki, əllərini bir-birinə sürtüb "yaxşı oldu" deyirlər. Hə, bir də "təhlükəsizlik" məsələsinin daha sərt üzü ola bilər. İllərlə baxılmayan şaxtada doğrudan da uçqun təhlükəsi yaranıbsa, bu artıq zarafat deyil. Amma bir tərəfdən də Duzdağın o məşhur fizioterapiya mərkəzini düşünək. Ola bilsin, bəzi başbilənlər qərara gəlib ki, xəstələrin yatdığı yerdə duz çıxarmaq üçün partlayış etmək düzgün deyil, turizm sənayeni üstələyib. Nəticədə isə biz marketdə satıcıya "Naxçıvan duzu gəlmədi?" sualını verməkdən yoruluruq. Ümid edək ki, bu modernizasiya nağılı tez bitər və biz o "keyfiyyətli" duza qovuşarıq. Yoxsa bu gedişlə mətbəxdə hələ çox "şorsupanlıq" edəcəyik. ![]() Şəmsi Qoca Geri dön |