Ana Sayfa > Manşet / Siyasət / Özəl > Göydəniz Qəhrəmanov: “20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik iradəsini sarsıda bilmədi”

Göydəniz Qəhrəmanov: “20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik iradəsini sarsıda bilmədi”


Bu gün, 20:13. Yazar: azer
Göydəniz Qəhrəmanov: “20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik iradəsini sarsıda bilmədi”

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının ali siyasi rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin silahlı birləşmələri Bakıya və respublikanın bir sıra rayonlarına yeridildi. Ağır hərbi texnika və müxtəlif silah növlərindən istifadə etməklə dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq törədildi, yüzlərlə günahsız insan qətlə yetirildi. Azərbaycanın tarixinə Qanlı Yanvar kimi həkk olunan bu faciə sovet imperiyasının ermənipərəst və antiazərbaycan siyasətinin açıq təzahürü olmaqla yanaşı, xalqımızın azadlıq və müstəqillik yolunda qətiyyətinin də sarsılmaz olduğunu nümayiş etdirdi. Kreml rəhbərliyi milli maraqlara zidd siyasətə qarşı ayağa qalxmış Azərbaycan xalqını cəzalandırmaq, Qarabağın Ermənistana birləşdirilməsinə etiraz edən iradəni zor gücü ilə boğmaq niyyəti güdürdü. Lakin bu qanlı cinayət xalqın mübarizə əzmini qıra bilmədi, əksinə, müstəqil dövlət quruculuğuna aparan yolu daha da sürətləndirdi.”

Bu sözləri 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə bağlı aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat daha sonra belə bir məqamı xüsusi olaraq vurğulayıb ki, 20 Yanvar hadisələri zamanı bir çox beynəlxalq konvensiyaların tələbləri ilə yanaşı fövqəladə vəziyyətin tətbiqi ilə də bağlı bütün hüquqi normalar kobud şəkildə pozulmuşdu: “Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da qüvvəyə minməsinə baxmayaraq, sovet qoşunları artıq yanvarın 19-u axşam saatlarından Bakıya daxil olmuş, əhali xəbərdar edilmədən genişmiqyaslı hərbi əməliyyatlara başlanmışdı. Tanklar, zirehli maşınlar, dənizdən endirilən desantlar şəhərdə xüsusi qəddarlıqla istifadə edilmiş, kütləvi insan qırğını törədilmişdi. Yalnız səhər saatlarında radio vasitəsilə fövqəladə vəziyyətin elan edilməsi barədə məlumat verilməsi baş verənlərin nə qədər planlı və məqsədli olduğunu açıq şəkildə göstərirdi. Hadisələr nəticəsində təkcə Bakıda deyil, Neftçala və Lənkəran da daxil olmaqla bir sıra rayonlarda da dinc sakinlər qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, minlərlə vətəndaş qanunsuz həbsə məruz qalmış, dövlət və şəxsi əmlaka ciddi maddi ziyan vurulmuşdu. Bu faciə totalitar sovet rejiminin insanlığa qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi tarixə düşdü.”

Sonda G.Qəhrəmanov bunu da bildirib ki, həmin ağır günlərdə xalqın ən böyük dərdi Ümummilli Lider Heydər Əliyevin respublikada olmaması idi: “Məhz bu amil faciənin siyasi-hüquqi qiymətinin dərhal verilməsini mümkünsüz etmişdi. Buna baxmayaraq, Ulu Öndər 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək baş verənlərə kəskin etirazını bildirdi, sovet rəhbərliyini və şəxsən Qorbaçovu açıq şəkildə ittiham etdi. Bu bəyanat 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət oldu. Sonrakı illərdə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi, daha sonra isə 1994-cü ildə Milli Məclis tərəfindən faciəyə rəsmi siyasi-hüquqi qiymət verildi. Bu gün isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulması, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Hər il 20 Yanvar şəhidlərinin ümumxalq ehtiramı ilə yad edilməsi, onların xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövlətinin öz tarixinə, şəhidlərinə və müstəqilliyinə sədaqətinin bariz nümunəsidir. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün cənab Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır və bu istiqamətdə işlər indi də davam etdirilir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Geri dön