Ana Sayfa > Manşet / Siyasət > 20 Yanvar faciəsi xalqımızın milli azadlıq naminə sarsılmaz iradəsinin ifadəsidir

20 Yanvar faciəsi xalqımızın milli azadlıq naminə sarsılmaz iradəsinin ifadəsidir


Bu gün, 12:15. Yazar: azer
20 Yanvar faciəsi xalqımızın milli azadlıq naminə sarsılmaz iradəsinin ifadəsidir

20 Yanvar faciəsi dövlətçilik tariximizdə azadlıq iradəsinin və müstəqillik əzminin sarsılmaz ifadəsi kimi dərin iz buraxmış taleyüklü hadisədir. Qanlı Yanvar Sovet totalitarizminin törətdiyi ən ağır cinayətlərdən biri olaraq dünyada miqyasında böyük rezonans doğurmuşdur.

1990-cı ilin yanvar hadisələri təsadüfi xarakter daşımırdı. Bu qanlı ssenari azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından sistemli şəkildə deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri və regionda məqsədli şəkildə yaradılan gərginlik fonunda mərhələli şəkildə hazırlanmışdı. Mərkəzi Sovet hakimiyyəti yaranmış vəziyyəti hüquqi-siyasi müstəvidə nizamlamaq əvəzinə, dinc əhaliyə qarşı hərbi güc tətbiq etməyi seçdi və bununla da insanlıq əleyhinə bəşəri cinayətə yol verdi.

1990-cı ilin yanvarında Bakı şəhərinə və bir sıra rayonlara SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin 66 mindən artıq hərbçisi yeridildi. Bu qüvvələrin tərkibinə Stavropol, Rostov, Krasnodar vilayətlərindən səfərbər edilmiş erməni zabit və əsgərləri, eləcə də hərbi məktəblərdə təhsil alan erməni kursantları da daxil idi. Qoşun hissələri Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi. Fövqəladə vəziyyət elan olunmadan əvvəl şəhərə daxil olan hərbi birləşmələr ağır texnika, tanklar və müxtəlif silah növlərindən istifadə edərək qadın, uşaq, qoca demədən günahsız insanları amansızcasına qətlə yetirdilər. Bu fakt hadisənin əvvəlcədən planlaşdırıldığını və hüquqi çərçivədən kənar icra edildiyini təsdiqləyir.

“Bakı əməliyyatı”na SSRİ-nin ali hərbi-siyasi rəhbərliyi bilavasitə nəzarət edirdi. Əhaliyə fövqəladə vəziyyət barədə yalnız kütləvi qırğın törədildikdən sonra – yanvarın 20-si səhər saat 5:30-da radio vasitəsilə məlumat verildi. Halbuki hərbi əməliyyatlar yanvarın 19-u axşam saat 21-dən başlamış, tanklardan, zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən desant çıxarılmışdı. Yalnız fövqəladə vəziyyətin tətbiqindən əvvəl 82 nəfər qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı. Sonrakı günlərdə isə Bakı, Lənkəran və Neftçalada dinc əhaliyə qarşı zorakılıqlar davam etmişdir.

Qanlı Yanvar nəticəsində ümumilikdə 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Yüzlərlə ev və mənzil, onlarla nəqliyyat vasitəsi, o cümlədən təcili tibbi yardım maşınları məhv edilmiş, dövlət və şəxsi əmlaka milyonlarla rubl məbləğində maddi ziyan vurulmuşdur. Bu rəqəmlər Sovet rejiminin öz vətəndaşlarına qarşı nümayiş etdirdiyi qəddarlığın real miqyasını açıq şəkildə göstərir.

Faciədən dərhal sonra xalqla həmrəy olduğunu açıq şəkildə bəyan edən siyasi lider Ümummilli Lider Heydər Əliyev oldu. Yanvarın 21-də Moskvada verdiyi bəyanatla Ulu Öndər 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və humanizmə zidd olan ağır cinayət kimi qiymətləndirdi, həmin faciənin mərkəzi Sovet rəhbərliyinin və o dövrkü respublika rəhbərliyinin məsuliyyətsizliyi nəticəsində baş verdiyini bildirdi. Bu cəsarətli mövqe xalqın ruhunu sındırmaq istəyən qüvvələrə ciddi mənəvi zərbə oldu.

1990-cı ilin noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Qəbul olunan qərarlarda həmin hadisə totalitar kommunist rejimi tərəfindən xalqımıza qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi təsbit edildi, günahkarların adları konkret göstərildi.

20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində daim uca tutulur. Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması, xatirə və memorial məkanların yaradılması bu ehtiramın təzahürüdür. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, şəhid ailələrinə və əlilliyi olan şəxslərə göstərilən geniş dəstək dövlətin sosial siyasətinin ifadəsidir.

Qanlı Yanvar hadisələri həm də milli oyanışın və azadlıq iradəsinin təcəssümüdür. Həmin gün xalq öz müstəqilliyi uğrunda ilk böyük qurbanlarını verdi və geri dönüşü olmayan bir yola qədəm qoydu. Qanla yazılmış bu tarix sübut etdi ki, milli ləyaqət və birlik hər cür zorakılıqdan güclüdür.

Bu gün 20 Yanvar hadisələrinə daha dərindən baxdıqca, milli kimliyin formalaşmasında, dünya azərbaycanlılarının təşkilatlanmasında və müstəqillik ideyasının möhkəmlənməsində oynadığı rol aydın görünür. Bu faciə göstərdi ki, azadlıq heç vaxt asan əldə edilmir, lakin onun uğrunda verilən qurbanlar tarixi əbədiləşdirir. 20 Yanvar şəhidlərinin xatirəsi xalqın yaddaşında daim yaşayacaqdır, onların canı bahasına qorunan milli ləyaqət və azadlıq ideyası gələcək nəsillər üçün ən böyük mənəvi mirasdır.

Asif Əsgərov
Milli Məclisin deputatı

Geri dön