Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “20 Yanvar faciəsi Azərbaycan xalqının milli ləyaqətinin rəmzi kimi daim yaddaşlarda yaşayacaq”

Novruzəli Aslanov: “20 Yanvar faciəsi Azərbaycan xalqının milli ləyaqətinin rəmzi kimi daim yaddaşlarda yaşayacaq”


Bu gün, 11:27. Yazar: azer
Novruzəli Aslanov: “20 Yanvar faciəsi Azərbaycan xalqının milli ləyaqətinin rəmzi kimi daim yaddaşlarda yaşayacaq”

“20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə qanlı repressiya aktı kimi deyil, həm də milli şüurun və siyasi iradənin oyanışı kimi dəyərləndirilir. Sovet imperiyası bu əməliyyatla xalqın azadlıq istəyini boğmaq, milli hərəkatı zor gücü ilə dayandırmaq niyyəti güdürdü. Bakıya yeridilən on minlərlə hərbçi ağır texnika və müxtəlif növ silahlarla dinc əhaliyə qarşı istifadə edildi, şəhər faktiki olaraq işğal olundu. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə şəxsi heyətlərinin tərkibinə imperiyanın müxtəlif şəhərlərində yerləşən hərbi hissələrdə qulluq edən erməni hərbçilərinin də daxil edildiyi qoşun birləşmələri təcavüzə məruz qoyduqları ərazilərdə xüsusi amansızlıq nümayiş etdirir, onlara heç bir müqavimət göstərməyən günahsız insanları – qocaları, qadınları, uşaqları belə qətlə yetirirdilər. Təsadüfən küçəyə çıxan dinc sakinlər, yaşayış evləri, təcili yardım maşınları belə şiddətli atəşə tutulurdular. Təəssüflər olsun ki, bu hərbi cinayət bu günə qədər beynəlxalq hüquqi məsuliyyətdən yayındırılmışdır. Lakin bu qanlı əməliyyat Sovet dövlətinin mahiyyətini açıq şəkildə üzə çıxardı: öz varlığını qorumaq üçün xalqa qarşı silah qaldıran, hüquq və insan həyatını heçə sayan imperiya modeli. Nəticədə Sovet hakimiyyəti Azərbaycanda bütün mənəvi dayaqlarını itirdi və xalq bu rejimlə yollarını birdəfəlik ayırdı.”

Bu sözləri 20 Yanvar faciəsi ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra millət vəkili 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etirazın Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini və bu qətiyyətli mövqe nümayişinin Ümummilli Liderimiz üçün son dərəcə böyük təhlükə ilə müşayiət olunduğunu vurğulayıb: “20 Yanvar faciəsi bütün acı nəticələrinə baxmayaraq, ölkəmizdə müstəqillik ideyalarının ümummilli amala çevrilməsinə zəmin yaratdı və Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi. Məhz bu qanlı faciədən sonra milli azadlıq hərəkatı artıq dönməz xarakter aldı və xalqımız öz gələcəyinin yalnız müstəqil Azərbaycanla bağlı olduğunu birmənalı qəbul etdi. Həmin ağır və faciəli günlərdə də Ümummilli Lider Heydər Əliyev hər zaman olduğu kimi öz xalqının yanında oldu. Yanvar ayının 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, özünün və bütün ailə üzvlərinin həyatını real təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əliyevin bu qətiyyətli mövqeyi 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin başlanğıcı oldu. Sonrakı illərdə onun təşəbbüsü ilə bu qanlı hadisənin səbəbləri və günahkarları araşdırıldı, rəsmi qərarlar qəbul edildi. Bu mövqe Azərbaycan xalqının milli ləyaqətinin, şərəfinin və tarixi həqiqətinin qorunması idi. 20 Yanvarı törədən qüvvələr tarix qarşısında ifşa olundu və bu faciə müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji təməl daşlarından birinə çevrildi. Bu gün cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində Azərbaycanda 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Bu da qeyd olunmalıdır ki, 2020-ci ilin noyabr ayında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına Şuşanın azad edilməsi ilə bağlı Azərbaycan xalqına müjdəni vermək üçün məkan olaraq məhz Şəhidlər Xiyabanını seçməsi də şəhidlərimizin ruhuna ən böyük ehtiramın daha bir təzahürüdür. Bu gün 20 Yanvar faciəsi Azərbaycan xalqının milli ləyaqətinin rəmzi kimi yaddaşlarda yaşayır. Onu törədənlər isə tarix qarşısında məhkum olunmuş cinayətkarlar kimi xatırlanırlar” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön