Ana Sayfa > Siyasət > 20 Yanvar xalqın sınanmış ləyaqətinin simvoludur
20 Yanvar xalqın sınanmış ləyaqətinin simvoludurBu gün, 11:04. Yazar: azer |
![]() 1990-cı ilin 20 yanvar günü Azərbaycan xalqının tarixinə həm dərin bir kədər, həm də sarsılmaz bir qürur səhifəsi kimi həkk olunmuşdur. Həmin müdhiş gecədə törədilən Qanlı Yanvar qırğını, əslində, sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Kreml tərəfindən öncədən və xüsusi amansızlıqla planlaşdırılmış bir hərbi cinayət idi. "Bakı əməliyyatı" adlanan bu hərbi müdaxiləyə SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və DTK sədrinin müavini Filip Babkov kimi yüksək rütbəli şəxslər birbaşa rəhbərlik edirdilər. Paytaxta və ölkənin müxtəlif rayonlarına yeridilən 66 minlik ordu kontingentinin tərkibinə məqsədli şəkildə erməni əsilli hərbçilərin və kursantların daxil edilməsi, dinc əhaliyə qarşı tətbiq edilən zorakılığın hüdudlarını daha da genişləndirmişdi. Beynəlxalq hüquq normaları, xüsusilə də "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın tələbləri kobud şəkildə ayaq altına alınaraq, fövqəladə vəziyyətin tətbiqi haqqında xalqdan gizlədilmiş, qoşunlar rəsmi elandan saatlar öncə şəhərə yeridilərək kütləvi qırğına başlamışdı. Yanvarın 20-si səhər saatlarında, artıq onlarla insan qətlə yetirildikdən sonra komendant Dubinyak tərəfindən radio vasitəsilə verilən rəsmi məlumat sovet rejiminin öz vətəndaşlarına qarşı nümayiş etdirdiyi xainliyin ən bariz sübutu idi. Bu qanlı hadisələr nəticəsində respublikada ümumilikdə 147 nəfər şəhid olmuş, yüzlərlə insan yaralanmış və qanunsuz həbslərə məruz qalmışdır. Tankların dinc insanları əzməsi, təcili yardım maşınlarının atəşə tutulması və yaşayış binalarının dağıdılması sovet imperiyasının bütün mənəvi və sosial dayaqlarının iflası ilə nəticələndi, xalqın mövcud rejimə olan nifrətini son həddə çatdırdı. Faciənin ertəsi günü, yanvarın 21-də bütün təhlükələrə rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev cəsarətli bəyanatla çıxış edərək bu cinayətin siyasi-hüquqi məsuliyyətini birbaşa Mixail Qorbaçovun və respublika rəhbərliyinin üzərinə qoydu. O, xalqın namusunu və milli mənliyini qorumaq naminə öz vətəndaşlıq borcunu yerinə yetirərək, baş verənləri demokratiyaya və humanizmə zidd kobud siyasi səhv kimi ifşa edən ilk lider oldu. Maraqlıdır ki, 20 Yanvar hadisələrindən öz siyasi maraqları üçün istifadə edən Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi hakimiyyətə gəldikdən sonra bu faciəyə rəsmi qiymət vermək məsələsini unutsa da, məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə hadisələrə ilk dəfə tam siyasi-hüquqi qiymət verildi və cinayətin əsl mahiyyəti üzə çıxarıldı. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman uca tutulur. Dövlət başçısının fərmanları ilə şəhid ailələrinin sosial müdafiəsi gücləndirilmiş, onlar üçün xüsusi təqaüdlər təsis edilmiş və paytaxtın simvolik məkanlarında xatirə kompleksləri ucaldılmışdır. Hər il yanvarın 20-də ölkə boyu elan edilən bir dəqiqəlik sükut xalqın öz qəhrəmanlarına olan tükənməz ehtiramının göstəricisidir. Qanlı Yanvar Azərbaycan xalqı üçün təkcə böyük bir faciə deyil, həm də milli azadlıq hərəkatının zirvəsi, xalqın öz müstəqilliyi uğrunda hər cür qurban verməyə hazır olduğunu sübut edən milli kimliyin formalaşması tarixidir. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavinui Geri dön |