Ana Sayfa > Karusel / Manşet / Gündəm / Siyasət / Ölkə / Özəl / Seçilənlər-9 > Azadlığın qanla yazılmış şərəf salnaməsi
Azadlığın qanla yazılmış şərəf salnaməsiBu gün, 11:01. Yazar: sevinc1 |
[/b] Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qıərbi Azərbaycan İcması İdarə Heyətinin sədri 1990-cı il yanvarın 19-dan 20-nə keçən o müdhiş gecə Azərbaycan xalqının yaddaşına təkcə böyük bir faciə kimi deyil, həm də sarsılmaz iradənin, milli rəşadətin və azadlıq eşqinin ən uca zirvəsi kimi həkk olundu. Bu, sadəcə bir hərbi müdaxilə deyildi; bu, sovet imperiyasının dağılmaqda olan dayaqlarını qan hesabına saxlamaq cəhdi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə "Yox!" deyən məğrur Azərbaycan xalqını cəzalandırmaq üçün Kremlin öncədən hazırladığı məkrli bir hərbi cinayət idi. Həmin günlərdə Bakı sanki bir müharibə meydanına çevrilmişdi. SSRİ-nin müdafiə və daxili işlər nazirliklərinin, habelə xüsusi təyinatlı dəstələrin 66 min nəfərdən çox əsgər və zabiti şəhərə yeridilmişdi. Bu qoşunların tərkibinə xüsusi bir məkrli niyyətlə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, erməni kursantları da daxil edilmişdi. Onlar paytaxtın strateji nöqtələrində — Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda və Salyan qışlasında pusquya yatmışdılar. Mixail Qorbaçovun birbaşa əmri ilə həyata keçirilən "Bakı əməliyyatı" vəhşilikdə sərhəd tanımırdı. Dmitri Yazov, Vadim Bakatin və Filip Babkov kimi cəlladların rəhbərlik etdiyi bu əməliyyatda beynəlxalq hüquq normaları ayaq altına atıldı. Fövqəladə vəziyyətin tətbiqi barədə əhaliyə rəsmi xəbərdarlıq edilmədən, yanvarın 19-u saat 21:00-dan etibarən tanklar şəhərə yeridildi. Radio və televiziyanı susduran xain rejim, dinc əhalini qaranlıqda və xəbərsiz yaxaladı. Yalnız kütləvi qırğın törədildikdən sonra — yanvarın 20-si səhər saat 05:30-da komendant V.Dubinyakın səsi eşidildi. Lakin artıq gec idi: Bakının küçələri 82 günahsız insanın qanı ilə boyanmışdı. Qanlı Yanvar təkcə Bakı ilə məhdudlaşmadı. İmperiya qəzəbi Neftçalada, Lənkəranda da canlar aldı. Ümumilikdə 147 vətən övladı şəhidlik zirvəsinə ucaldı, 744 nəfər yaralandı, yüzlərlə insan qanunsuz həbs edildi. Təcili yardım maşınları, evlər, dövlət əmlakı vəhşicəsinə məhv edildi. Amma Kreml bir şeyi hesablamamışdı: tökülən qan Azərbaycan xalqını diz çökdürmədi, əksinə, onu bir yumruq kimi birləşdirdi. Həmin gecə sovet imperiyası Azərbaycandakı bütün mənəvi və sosial dayaqlarını itirdi. İnsanlar kütləvi şəkildə partiya biletlərini yandıraraq, illərlə onları əsarətdə saxlayan bir rejimə nifrətlərini hayqırdılar. Məhz belə bir qaranlıq dövrdə, Moskva rejiminin qəzəbindən hər kəsin çəkindiyi bir məqamda, Azərbaycanın böyük oğlu Heydər Əliyev öz həyatını təhlükəyə ataraq meydana atıldı. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər, bu qanlı faciənin təşkilatçılarını dünya qarşısında ittiham etdi. O, bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd, Moskvanın və respublika rəhbərliyinin kobud siyasi səhvi kimi ifşa edərək dedi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam... Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” ![]() Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində verildi. Daha sonra 1994-cü ildə onun israrlı fəaliyyəti nəticəsində Milli Məclis bu hadisələrin əsl mahiyyətini üzə çıxaran tarixi qərarlar qəbul etdi. Heydər Əliyev faciəni öz siyasi maraqları üçün alətə çevirən, hakimiyyətə gəldikdən sonra isə bu mövzunu unudan qüvvələrin də daxili üzünü xalqa göstərdi. Bu gün bu müqəddəs yol cənab Prezident İlham Əliyev tərəfindən böyük sədaqətlə davam etdirilir. Şəhidlərin xatirəsi dövlətin ən ali qayğısı ilə əhatə olunub. 2006-cı ildə təsis edilən Prezident təqaüdləri, Şəhidlər Xiyabanının yenidən qurulması və şəhərin mərkəzində ucaldılan memorial abidə kompleksi bu ehtiramın əyani göstəricisidir. 20 Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasında müstəsna rol oynadı, dünya azərbaycanlılarını bir amal uğrunda birləşdirdi. Hər il yanvarın 20-si saat 12:00-da ölkə boyu ucalan sükut və gəmilərin sədası bir hüzn nidası deyil, bir zəfər müjdəsidir. Çünki 20 Yanvar bizim istiqlal hərəkatımızın zirvəsi, müstəqilliyimizin təməl daşıdır. Şəhidlərimizin qanı ilə suvarılan bu torpaq bu gün azaddır, bütövdür və qalibdir. Nə qədər ki Azərbaycan var, şəhidlərimiz bizim qürur mənbəyimiz olaraq əbədi yaşayacaqlar! Şəhidlər ölməz, Vətən bölünməz! Geri dön |