Ana Sayfa > Özəl > Pistorius ABŞ-ın Qrenlandiya ilə bağlı ambisiyalarını "güc oyunu" adlandırıb

Pistorius ABŞ-ın Qrenlandiya ilə bağlı ambisiyalarını "güc oyunu" adlandırıb


16-01-2026, 19:07. Yazar: sevinc1
Pistorius ABŞ-ın Qrenlandiya ilə bağlı ambisiyalarını "güc oyunu" adlandırıb

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı ambisiyalarını "güc oyunu" kimi gördüyünü söylədi. ABŞ administrasiyasının təhlükəsizlik səbəbləri ilə Qrenlandiyaya sahib olmaq barədə ritorikasına gəldikdə, Pistorius ictimai yayımçı ARD televiziyasına deyib: "Düşünürəm ki, Qrenlandiyada kimin nə qədər təsirə malik olduğu ilə bağlı güc oyunu ilə qarşılaşırıq".
Müdafiə naziri bildirib ki, NATO-nun Qrenlandiyaya daha çox qoşun yeritməsi onun Arktika təhlükəsizliyinə sadiqliyini nümayiş etdirir və əlavə edib ki, Avropa müttəfiqləri ABŞ-ın narahatlıqlarını suverenliklərindən ödün vermədən həll edə bilərlər.

Pistorius deyib: "Bu bölgənin təhlükəsizliyini təmin etdiyimizi deməklə, ABŞ-ın əsas arqumentini aradan qaldırırıq. Biz təkcə təhlükəsizlik narahatlıqlarını bölüşmürük, həm də onları birlikdə həll etmək əzmindəyik."

Alman qoşunlarının Qrenlandiyaya yerləşdirilməsi ilə bağlı müzakirələrə aydınlıq gətirən Pistorius, missiyanın nə ABŞ-a qarşı bir hərəkət, nə də simvolik bir addım olduğunu, əksinə NATO-nun Arktikada müdafiə məsuliyyətinin bir hissəsi olduğunu vurğulayıb.

Nazir həmçinin Almaniyanın iki il əvvəl Kanada, Norveç və Danimarka ilə Şimali Atlantika dəniz əməkdaşlığı haqqında müqavilə imzaladığını və İslandiya ilə müzakirələrin davam etdiyini qeyd edib.

ABŞ prezidenti Donald Trampın Avropa müxalifətinə baxmayaraq, Qrenlandiyadakı ambisiyalarını hərbi güc tətbiq etməklə həyata keçirməyə cəhd etməsi halında Almaniyanın necə reaksiya verəcəyi soruşulduqda, Pistorius cavab verib: "Düşünmürəm ki, bu baş verəcək. Bu, NATO üçün ölümcül olardı, bunu hamı bilir. ABŞ administrasiyası da bundan xəbərdardır."

Pistorius həmçinin Berlinin Danimarkanın Qrenlandiya üzərindəki ərazi suverenliyinə qəti dəstəyini təkrarlayaraq bildirib: "Almaniya, Avropa Birliyi və bütün digər NATO üzv dövlətləri Danimarkanın və deməli, Qrenlandiyanın ərazi suverenliyini birmənalı şəkildə dəstəkləyir. Bu məsələdə qətiyyən güzəştə getmək olmaz. ABŞ prezidenti də bunu bilir. Buna görə də əminəm ki, nəticə pessimistlərin qorxduğu kimi olmayacaq".
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın "milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiyaya ehtiyacı olduğunu" və bunun "tikilən Qızıl Günbəz" üçün həyati əhəmiyyət kəsb etdiyini bildirmişdi.

Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiya xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra fundamental fikir ayrılıqlarının davam etdiyi və ABŞ-ın "Qrenlandiyanı ələ keçirmək istəyinin" aydın olduğu qeyd edildi.

Danimarka hakimiyyəti altında muxtar bölgə olan Qrenlandiya əvvəllər ABŞ-ın suverenliyin təhvil verilməsini əhatə edən yanaşmalarını rədd etmişdi.

aia.az
Tərcümə şöbəsi

Geri dön