Ana Sayfa > Özəl > ABŞ Apelyasiya Məhkəməsi fələstinli fəalın azadlığa buraxılması qərarını ləğv edib

ABŞ Apelyasiya Məhkəməsi fələstinli fəalın azadlığa buraxılması qərarını ləğv edib


15-01-2026, 20:49. Yazar: sevinc1
ABŞ Apelyasiya Məhkəməsi fələstinli fəalın  azadlığa buraxılması qərarını ləğv edib

Məhkəmənin qərarı ABŞ hökumətinin fələstinli fəalı yenidən həbs edib deportasiya etməsi üçün yol açdı.Pensilvaniya ştatının apelyasiya məhkəməsi Fələstin tərəfdarı nümayişlərə rəhbərlik etdiyinə görə həbs olunaraq girov müqabilində azadlığa buraxılan fəal Mahmud Xəlilin azadlığa buraxılmasına icazə verən qərarı ləğv etdi.

Filadelfiyadakı Üçüncü Dairə Apelyasiya Məhkəməsi Xəlilin immiqrasiya həbsxanasından azad edilməsinə icazə verən Nyu-Cersi Rayon Məhkəməsinin qərarını ləğv etdi.
Bu qərar ABŞ hökumətinin fələstinli fəalı yenidən saxlaması və deportasiya etməsi üçün yol açır.

Məhkəmə qərar verdi ki, aşağı məhkəmə Xəlilin azadlığa buraxılmasını təmin edən ərizəni rədd etməli idi və immiqrasiya işlərinin fərqli hüquqi prosedurlar vasitəsilə həll edildiyini və buna görə də rayon məhkəməsinin bu məsələdə səlahiyyətinin olmadığını bildirdi.

Üç hakimdən ikisi federal immiqrasiya qanununa əsasən, deportasiya qərarlarına qarşı apelyasiyaların birbaşa federal apelyasiya məhkəməsinə təqdim edilməli olduğu ilə razılaşdı.

Məhkəmə həmçinin müəyyən etdi ki, İmmiqrasiya və Vətəndaşlıq Qanunu (INA) Xəlilin dərhal məhkəməyə verilməsinə səbəb olacaq "habeas corpus" ərizəsini təqdim etməsinə mane olur və beləliklə, Nyu-Cersi Rayon Məhkəməsinin yurisdiksiyasını ləğv edir.

Apelyasiya Məhkəməsinin bu qərarı Donald Tramp administrasiyasının İsrail əleyhinə etirazlarda iştirak edən immiqrantları saxlaması və deportasiya etməsi ilə bağlı hərəkətlərini asanlaşdırır.


Universitetdə etirazlara rəhbərlik edən fələstinli fəal və Kolumbiya Universitetinin aspirantı Mahmud Xəlil 3 martda həyat yoldaşı ilə evinə girərkən saxlanılıb.

Onun vəkili Emi Qrir bildirib ki, Xəlil daimi yaşayış statusuna malik yaşıl kart sahibi və həyat yoldaşı amerikalı olmasına baxmayaraq, İmmiqrasiya və Gömrük Mühafizəsi rəsmiləri tərəfindən həbs edilib və yaşıl kartı ləğv edilib.

ABŞ Dövlət Katibi Marko Rubio özünün X sosial media hesabında paylaşım edərək bildirib ki, "Amerikadakı HƏMAS tərəfdarlarının vizalarını və ya yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya olunsunlar".

Vəkillərinin apelyasiya şikayətindən sonra Xəlilin deportasiyasına qarşı müvəqqəti qadağa qoyulub və 20 iyunda ona qarşı irəli sürülən ittihamların onun həbsini əsaslandırmaq üçün kifayət etmədiyi əsas gətirilərək girov müqabilində azadlığa buraxılıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön