Ana Sayfa > Özəl > Gülər Sultanzadə : "Ağdərədə dirilən torpaq, dirilən yaddaş və qayıdışın mənəvi salnaməsi"
Gülər Sultanzadə : "Ağdərədə dirilən torpaq, dirilən yaddaş və qayıdışın mənəvi salnaməsi"14-01-2026, 14:30. Yazar: azer |
![]() Yanvarın 13-ü Ağdərə torpağı üçün adi təqvim günü olmadı. O gün Aşağı Oratağ kəndində səslənən sözlər sadəcə çıxış deyil, 30 illik həsrətin, sükutun, göz yaşının və səbrin dilə gəlməsi idi. Cənab Prezident İlham Əliyevin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü Böyük Qayıdışın rəsmi mərhələsindən çox, xalqın taleyinə yazılmış mənəvi qayıdışın təntənəsi kimi yadda qaldı. Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Partiya fəalı fikirlərini davam etdirərək bildirib ki, bu görüşdə tribunalar yox idi, süni məsafə yox idi. Dövlət başçısı illərlə didərgin salınmış insanların arasında dayanaraq bir həqiqəti göstərdi: Azərbaycan dövləti öz vətəndaşına yalnız qərarlarla deyil, varlığı ilə sahib çıxır. “Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar.” Bu sözlər təkcə gələcəyə vəd deyil, artıq başlanmış bir həyatın təsdiqi idi. Cənab Prezident İlham Əliyevin çıxışında səslənən əsas mesajlardan biri: müharibə bitib, amma həyat indi başlayır. Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə bərpa olunan yalnız binalar deyil – insanların inamı, gündəlik ritmi, sabaha ümididir. “Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir.” Bu cümlə qorxu üzərində yox, güvən üzərində qurulmuş sülh fəlsəfəsinin ifadəsidir. Çünki bu sülh zəiflikdən deyil, qalib iradədən doğub. Ağdərədə qurulan infrastruktur cənab Prezidentin çıxışında emosional çalarlarla təqdim olundu. Elektrik stansiyaları, yollar, istehsal sahələri sadəcə texniki obyektlər deyil, evlərə işıq, süfrələrə ruzi, insanlara sabitlik gətirən həyat damarlarıdır. “Bu gün burada şərait yaradılıb – işıq, su, qaz, yollar, iş yerləri.” Qozlukörpüdə açılan Su Elektrik Stansiyası, “Dəmirli” Filiz Emalı Kompleksi bir həqiqəti göstərir: Ağdərə artıq yardım gözləyən ərazi deyil, istehsal edən, verən, ölkə iqtisadiyyatına töhfə verən məkandır. Bu görüşün ən ağır, ən kövrək, eyni zamanda ən uca anı şəhidlərimizin xatirəsi ilə bağlı səslənən fikirlər idi. Cənab Prezident İlham Əliyevin sözlərində nə pafos vardı, nə də rəsmi ritorika – orada ata yanğısı, övlad məsuliyyəti və dövlət başçısının vicdan yükü hiss olunurdu. “Şəhidlərimizin qanını artıq biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb.” Bu cümlə Ağdərə dağlarında səslənərkən torpaq sanki özü də şahidlik edirdi: bu Zəfər təsadüf deyil, qanla yazılmış haqqın bərpasıdır. Cənab Prezidentin çıxışında xüsusi yer alan məqam Zəfərin mərhələli şəkildə qazanılması idi. 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı ilə Azərbaycanın tam Qələbəyə çatması təkcə hərbi bacarıq deyil, insan həyatına verilən ali dəyərin göstəricisi kimi təqdim olundu. “Biz cavanlarımızı qoruduq, onları qurban vermədik.” Bu sözlər minlərlə ailənin taleyində qorunmuş bir sabah deməkdir. Cənab Prezident İlham Əliyev işğal dövründə Ağdərədə və ətraf ərazilərdə aparılan talançılığı açıq şəkildə ifşa etdi. Qanunsuz istismar, dağıdılmış evlər, yandırılmış kəndlər – bütün bunlar unudulmur. “Bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qurub-yaradırıq.” Bu cümlə həm tarixi hökm, həm də gələcəyə verilən siyasi mesajdır. Ağdərənin yeni Baş planı, onun sənaye və turizm mərkəzinə çevrilməsi planı göstərir ki, bu torpaq yalnız xatirələrlə yaşamayacaq. Burada uşaqlar böyüyəcək, zəhmətkeş əllər çalışacaq, şəhərlər nəfəs alacaq. Cənab Prezidentin Aşağı Oratağda dediyi hər söz bir həqiqəti təsdiqlədi: Böyük Qayıdış təkcə fiziki proses deyil, milli ruhun öz yurduna qovuşmasıdır. Bütövlükdə cənab Prezidentin Ağdərədəki çıxışı Qarabağın son altı ildə keçdiyi mərhələlərin xülasəsi kimi qəbul edilə bilər. 2020-ci il noyabrın 10-da başlayan Zəfər yürüşü, antiterror əməliyyatları, işğaldan azad edilmiş bölgələrdə həyata keçirilən monitorinqlər və sonrakı quruculuq tədbirləri – bütün bunlar ardıcıl siyasi xəttin tərkib hissəsidir. Cənab Prezidentin sözləri bunu təsdiqləyir: “Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi.” Bu altı il həm də Azərbaycanın regional siyasətdə dayanıqlı mövqeyinin gücləndiyi dövr oldu. Qayıdan insanların sayı hər ay artmaqda, yeni iş yerləri, yollar, enerji infrastrukturu isə bölgənin sosial-iqtisadi həyatını möhkəmləndirməkdədir. Ağdərə torpağı bu gün danışır. Daşları ilə, yolları ilə, qayıdan insanları ilə. Və bu torpağın səsi bir daha deyir: Azərbaycan qalib xalqdır, qalib dövlətdir və bu qələbə əbədidir-deyə Gülər Sultanzadə fikrini tamamlayıb. Geri dön |