Ana Sayfa > Manşet / Ölkə > Azər Kərimli: “Yeni Dövlət Proqramı paytaxt regionunun həyat keyfiyyətini yüksəltməklə yanaşı, iqlim dəyişiklikləri fonunda dayanıqlı su təminatının əsasını qoyacaq”
Azər Kərimli: “Yeni Dövlət Proqramı paytaxt regionunun həyat keyfiyyətini yüksəltməklə yanaşı, iqlim dəyişiklikləri fonunda dayanıqlı su təminatının əsasını qoyacaq”Bu gün, 10:57. Yazar: azer |
![]() “Son iyirmi il ərzində həm Bakıda, həm də regionlarda genişmiqyaslı infrastruktur layihələri ardıcıl şəkildə icra olunub və bir neçə regional inkişaf proqramı qəbul edilib. Bu proqramlar ölkənin sosial-iqtisadi xəritəsini köklü şəkildə dəyişdirib, uzun illər yığılıb qalmış əsas infrastruktur problemlərinin həllini təmin edib. Məhz planlı və sistemli yanaşma nəticəsində bu gün Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Artıq dövlət siyasəti təkcə mövcud ehtiyacların qarşılanmasına deyil, gələcək çağırışların qabaqlanmasına, dayanıqlı və uzunmüddətli inkişafın təmin olunmasına yönəlib. Bakı və Abşeron üzrə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması da bu baxımdan təsadüfi deyil və Prezident İlham Əliyevin strateji düşüncə tərzinin bariz nümunəsidir. Yanvarın 12-də dövlət başçısının sədrliyi ilə keçirilən müşavirə də Azərbaycanın son illər ərzində həyata keçirdiyi inkişaf modelinin məntiqi davamı kimi dəyərləndirilməlidir.” Bu fikirləri aia.az-a Milli Məclisin deputatı Azər Kərimli səsləndirib. ![]() Millət vəkili bildirib ki, cənab Prezidentin çıxışında qeyd olunan enerji təhlükəsizliyi məsələsi həyata keçirilən infrastruktur islahatlarının ən mühüm nəticələrindən biridir: “Bu gün Azərbaycanın enerji generasiya gücünün daxili tələbatdan artıq olması və elektrik enerjisinin ixrac edilməsi ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirən əsas amillərdəndir. Vaxtilə enerji çatışmazlığı ilə üzləşən Azərbaycan indi təkcə regionda deyil, həm də qlobal miqyasda etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Eyni zamanda, avtomobil yollarının, magistralların, kənd və şəhərlərarası yolların tikintisi ölkə miqyasında geniş vüsət alıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturu, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı və qazlaşma layihələrinin paralel şəkildə icra olunması həmin ərazilərin sürətlə dirçəlməsinə xidmət edir. Uzun illər işğal altında qalmış torpaqların vahid infrastruktur şəbəkəsinə qoşulması təkcə bərpa prosesi deyil, həm də ölkənin ərazi bütövlüyünün real iqtisadi və sosial məzmunla möhkəmləndirilməsidir. Müşavirədə xüsusi diqqət yetirilən əsas məsələlərdən biri də Bakı şəhəri və Abşeron yarımadasının içməli su problemləri olub. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu problem uzun illərdir ki, ciddi narahatlıq doğurur və görülən işlərə baxmayaraq, hələ də köklü həllini tapmayıb. Məhz buna görə də dövlətimizin başçısı vaxtın yetişdiyini və genişmiqyaslı, müfəssəl Dövlət Proqramının qəbulunun zəruriliyini vurğuladı. Bakı şəhərini, onun ətraf qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək bu proqram paytaxt regionunun həyat keyfiyyətini yüksəltməklə yanaşı, urbanizasiya, əhali artımı və iqlim dəyişiklikləri fonunda dayanıqlı su təminatının əsasını qoyacaq. Bu yanaşma göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət problemləri açıq şəkildə ortaya qoyaraq onların real və uzunmüddətli həll yollarını təklif edir. Bakı və Abşeron üzrə yeni Dövlət Proqramı da məhz bu məsuliyyətli və uzaqgörən idarəçilik siyasətinin növbəti mühüm təzahürü kimi qiymətləndirilməlidir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb. Geri dön |