Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Su təhlükəsizliyi milli təhlükəsizlikdir və Prezident İlham Əliyevin Bakı, Abşeron üzrə strateji qərarı"

Səttar Möhbalıyev: "Su təhlükəsizliyi milli təhlükəsizlikdir və Prezident İlham Əliyevin Bakı, Abşeron üzrə strateji qərarı"


Bu gün, 10:25. Yazar: azer
Səttar Möhbalıyev: "Su təhlükəsizliyi milli təhlükəsizlikdir və Prezident İlham Əliyevin Bakı, Abşeron üzrə strateji qərarı"

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə təkcə Bakı şəhəri və Abşeron yarımadasının su təsərrüfatına dair növbəti müzakirə deyildi. Bu müşavirə dövlətin vətəndaş qarşısında məsuliyyətinin, gələcəyə hesablanmış siyasi iradənin və milli idarəetmə mədəniyyətinin açıq təzahürü idi. Dövlət başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan üçün su məsələsi sadəcə kommunal problem deyil, Bu, dövlətçilik məsələsidir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyev çıxışının əvvəlində açıq və qətiyyətli şəkildə bildirdi ki, “Bu gün biz Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələlərini müzakirə edəcəyik. Bu, həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir.” Bu cümlə ilə cənab Prezident problemin miqyasını dəqiq müəyyənləşdirdi: və bildirdi ki, söhbət lokal narahatlıqdan yox, ölkənin ən böyük urbanistik mərkəzinin həyat damarlarından gedir. Cənab Prezident İlham Əliyevin çıxışında son 20 ilin infrastruktura dair mənzərəsi təqdim olundu. Enerji qıtlığından enerji ixracatçısına çevrilən Azərbaycan nümunəsi dövlət başçısının sözlərində xüsusi vurğu ilə səsləndi: “Bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik.” Bu xatırlatma təsadüfi deyil. Cənab Prezident bu faktı xatırlatmaqla demək istəyir ki, vaxtilə mümkünsüz görünən hədəflər necə reallığa çevrilibsə, Bakı və Abşeronun su problemi də eyni siyasi iradə ilə köklü şəkildə həll ediləcək. Eyni yanaşma qazlaşma sahəsində də özünü göstərir. Əhalinin 96 faizinin təbii qazla təmin olunması cənab Prezidentin sözləri ilə desək, “son 20 ilin ən mühüm infrastruktur nailiyyətlərindən biridir”. Bir zamanlar qaz idxal edən ölkənin bu gün onlarla ölkəyə qaz ixrac etməsi uzaqgörən siyasətin bəhrəsidir. Cənab Prezident İlham Əliyevin çıxışında ən kəskin, ən emosional məqamlardan biri Ermənistanın işğal dövründə həyata keçirdiyi su terroru ilə bağlı oldu. Dövlət başçısı açıq şəkildə dedi ki, “Vaxtilə Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi.” “Sərsəng” və “Suqovuşan” su anbarlarının sudan siyasi təzyiq aləti kimi istifadə edilməsi Azərbaycan kəndlisinin, torpağının, məhsulunun taleyinə birbaşa zərbə idi. Bu gün həmin anbarların tam bərpa olunması təkcə texniki nailiyyət deyil, ədalətin və suverenliyin bərpasıdır. Cənab Prezidentin vurğuladığı kimi, azad edilmiş ərazilərdə su anbarlarının yenidən qurulması, yeni anbarların tikintisi göstərir ki, Azərbaycan torpağa qayıtmaqla kifayətlənmir, həyatı geri qaytarır. Dövlət başçısı iqlim dəyişikliyi fonunda su təhlükəsizliyinin strateji əhəmiyyətini də xüsusi vurğuladı:
“Əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi.” Bu fikirlər cənab Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin mahiyyətini açır. Dövlət problemlərin arxasınca qaçmamalı, onların önünə çıxmalıdır. Yeni Dövlət Proqramı da məhz bu düşüncənin məhsuludur fikrini bəyan edir.

Millət vəkili onu da bildirib ki, cənab Prezident İlham Əliyev səmimiyyətlə etiraf etdi ki, Bakı və Abşeronun su problemləri uzun illər ciddi narahatlıq yaradıb. Lakin bu etiraf zəiflik yox, siyasi məsuliyyət nümunəsidir: “Vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin.” 2035-ci ilə qədər nəzərdə tutulan bu proqram sadəcə sənəd deyil, şəhər həyatının yeni fəlsəfəsidir. 30-a yaxın yeni su anbarı, yüzlərlə kilometr yeni şəbəkə, fasiləsiz su təminatının 95 faizə çatdırılması-bütün bunlar Bakının və Abşeronun gələcək simasını formalaşdıracaq. Cənab Prezidentin diqqət çəkdiyi ən həssas mövzulardan biri də leysan yağışları zamanı şəhərin iflic olması problemidir. Dövlət başçısı bu məsələni qlobal kontekstdə dəyərləndirərək dedi ki, bu problem təkcə Azərbaycana xas deyil. Amma dərhal əlavə etdi: “Buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur.” Bu sözlər göstərir ki, problemlə barışmaq yox, onu aradan qaldırmaq dövlət siyasətinin əsas prinsipidir. 30 küçədə yeni kollektor şəbəkəsinin qurulması, dənizə axıdılan suların tam təmizlənməsi Xəzərin və şəhərin gələcəyinə verilən ciddi vədidir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən yenilik ölkədə ilk dəfə duzsuzlaşdırma zavodunun inşasıdır. Dövlət başçısının sözləri ilə desək: “Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq.” Bu layihə Azərbaycanın texnoloji cəsarətinin və gələcəyə inamının rəmzidir. Rəqəmsal idarəetmə isə su sektorunda şəffaflığın, dəqiqliyin və itkilərin aradan qaldırılmasının açarıdır. Cənab Prezident İlham Əliyev proqramın icrasında ictimai nəzarətin vacibliyini xüsusi vurğuladı: “Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır.” Bu çağırış onu göstərir ki, dövlət bu proqramı kabinetlərdə yox, cəmiyyətin gözü önündə icra etməyə qərarlıdır.
Yanvarın 12-də keçirilən müşavirə bir daha sübut etdi ki, cənab Prezident İlham Əliyev üçün su həyatdır, bu isə dövlətin birbaşa məsuliyyətidir. Bakı və Abşeron üzrə Dövlət Proqramı yalnız boruların, kanalların deyil, şəhərin taleyinin yenidən qurulmasıdır. Bu proqram icra olunduqca Bakının suyu da, nəfəsi də, gələcəyi də dəyişəcək. Çünki bu yol dövlət iradəsi ilə başlayan, xalq rifahına aparan yoldur-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Geri dön