Ana Sayfa > Siyasət > Sarsılmaz suverenlik doktrinası

Sarsılmaz suverenlik doktrinası


8-01-2026, 10:40. Yazar: azer
Sarsılmaz suverenlik doktrinası

Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə, müasir Azərbaycan dövlətçiliyinin Zəfər sonrası dövrü üçün fundamental inkişaf proqramıdır. Bu çıxış sadəcə ötən ilin yekunu deyil, xalqımızın gələcək onilliklərini sığortalayan strateji bir yol xəritəsidir. Dövlət başçısının inamla bəyan etdiyi “Biz strateji inkişafla bağlı tam, necə deyərlər, aydın mənzərəyə sahibik” tezisi ölkəmizin daxili islahatlarda və beynəlxalq münasibətlərdəki yeni yerini dəqiq hədəflərlə müəyyən edir. Bu mənzərə Azərbaycanın müstəqil iqtisadiyyat, sarsılmaz ordu və texnoloji sıçrayış üzərində qurduğu yeni dövlətçilik modelinin əksidir.

Bu strateji mənzərənin əsas dayağı milli müdafiə qüdrətimizdir. Beynəlxalq hüququn təsirini itirdiyi, təhlükəsizlik sistemlərinin iflic olduğu müasir dünyada Azərbaycan öz təhlükəsizliyini yalnız öz daxili gücünə və ordusuna arxalanaraq təmin edir. Cənab Prezidentin müsahibədəki “Bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır... Əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük” sözləri sadəcə fakt deyil, həm də regionun gələcəyini müəyyən edən güc mərkəzinin iradəsidir. Müdafiə sənayesinin liberallaşdırılması, özəl sektorun bura cəlb edilməsi və hərbi ixrac hədəfləri göstərir ki, biz hərbi gücü iqtisadi səmərə ilə birləşdirən nadir dövlətlərdən birinə çevrilmişik.

Azərbaycanın geostrateji planlarında Zəngəzur dəhlizi artıq sadəcə bir yol deyil, bütün regionun taleyini dəyişən siyasi rəmzdir. Cənab Prezident bu məsələdə dövlətimizin prinsipial mövqeyini növbəti dəfə ən yüksək səviyyədə bəyan etdi: “Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur”. Bu layihə Azərbaycanın Naxçıvanla birbaşa bağlantısını təmin etməklə yanaşı, Türk dünyasının coğrafi bütövlüyünü bərpa edən strateji bir qapıdır. Dövlət başçısının vurduğladığı kimi, Ermənistanın bu prosesdən kənarda qalması ancaq onun öz gələcəyinə zərbə vura bilər. Çünki Azərbaycan artıq öz logistik imkanlarını Çindən Avropaya qədər uzanan nəhəng bir zəncirin mərkəzinə çevirib.
Daxili siyasətimizin və iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi insan kapitalıdır. "Qara qızıl"ın intellektual kapitalla əvəzlənməsi bu gün real bəhrələrini verir. Ölkə başçısının müsahibədə xüsusi qeyd etdiyi Süni İntellekt (AI) və rəqəmsal mərkəz layihələri Azərbaycanın gələcək iqtisadiyyatının sütunlarıdır. Regional İT mərkəzinə çevrilmək üçün sərbəst olan 2000 meqavatlıq enerji potensialı ölkəmizin gələcəyə nə dərəcədə hazırlıqlı olduğunu sübut edir. Eyni zamanda, paytaxtın nəqliyyat sistemində böyük dəyişikliklərə yol açacaq 10 yeni metro stansiyasının inşası və digər nəhəng infrastruktur layihələri vətəndaşların rifahını yüksəltməyə yönəlmiş ardıcıl siyasətin tərkib hissəsidir.

Bu böyük hədəflərin həyata keçirilməsi şəffaf idarəetmə və güclü kadr potensialı tələb edir. Cənab Prezidentin kadr islahatları və korrupsiyaya qarşı mübarizə ilə bağlı mesajları hər bir vəzifəli şəxs və dövlət məmuru üçün ciddi xəbərdarlıqdır. İdarəetmədə “sıfır tolerantlıq” və ictimai nəzarətin gücləndirilməsi dövlətçilik fəlsəfəmizin əsasını təşkil edir. Müsahibədə qeyd olunan Böyük Qayıdışın uğurları, azad edilmiş torpaqlarda ilin sonuna qədər 140 min insanın məskunlaşması hədəfi göstərir ki, Azərbaycan dövləti vətəndaşı qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Artıq o torpaqlar "yaralı ərazi" deyil, Azərbaycan dilinin ucalığı ilə yenidən qurulan, sülhün və inkişafın bərqərar olduğu müqəddəs vətəndir.
Nəticə olaraq demək olar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın sarsılmaz suverenlik doktrinasıdır. Yolumuz aydındır: güclü ordu, tam iqtisadi müstəqillik və milli kimliyimizə söykənən müasir inkişaf. Dövlət başçısının müəyyən etdiyi bu strateji mənzərə Azərbaycanın gələcək onilliklər ərzində regionun lider dövləti kimi mövqeyini daha da möhkəmləndirəcək.

Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri.

Geri dön