Ana Sayfa > Gündəm / Karusel > Polkovnik istintaqdan kənarda necə qala bildi?

Polkovnik istintaqdan kənarda necə qala bildi?


27-02-2017, 16:43. Yazar: admin
Polkovnik istintaqdan kənarda necə qala bildi?

"MTN işi" ilə bağlı başladılan cinayət işlərində adı bir neçə epizodda hallanan polkovnik Təhsin Ağayevlə bağlı daha bir məqam ortaya çıxıb. Onun müavin olduğu baş idarədə 1-ci idarənin rəisi olan Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş kimi tanınan Müsənnif Salahov T.Ağayevin də leyhinə ifadə verib.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Salahov istintaqa ifadəsində bildirib ki, ondan ümumilikdə alınan 600 min manatı T.Ağayev və V.Ələkbərov birlikdə hədə-qorxu gələrək tələb ediblər.

2003-cü ildən "Texnikabank"ın Sumqayıt filialının direktoru olan M.Salahov deyib ki, 2012-ci ildə bankın rəhbəri Etibar Əliyev həbs olunduqdan sonra, yəni martın 27-də, bir qrup MTN əməkdaşı filiala gəlib 6 aylıq fəaliyyəti yoxlayacaqlarını bildirib və axtarış apararaq sənədləri götürüb M.Salahovla birlikdə nazirliyə aparıblar. Lakin axşamüstü saat 9 olduğundan ona buraxılış vəsiqəsi vermək mümkün olmayıb, sərbəst buraxıblar və sabah gəlməyi tapşırıblar.

Növbəti gün getdiyində Nadir adlı müstəntiq qəbul edib və onu Vüsal Ələkbərovun yanına, o isə öz növbəsində Təhsin Ağayevin otağına aparıb: "Təhsin Ağayev otağında məndən: "Etibar Əliyev bankı yeyib-talayıb, sən nə qədər pul verirdin Etibara?" - deyə soruşdu, ardınca da cavabımı gözləmədən: "Haraya düşdüyünü bilirsən də, çıxmaq üçün 3 milyon manat verməlisən", - dedi. Mən gülərək: "Nə özümdə, nə filialda indiyə kimi bu qədər pul görməmişəm" dedim. Pulla bağlı xeyli müzakirə etdikdən sonra Təhsin: "Verməsən, Etibarın dalınca sən içəri girəcəksən", - dedi. Vüsal isə: "Nə qədər səni həbs etməmişəm, get, pulu gətir", - deyib hədələdi.

Evə gələndən sonra 2 həftə ərzində Təhsinlə Vüsal tez-tez zəng edib pulu tələb etdilər. Psixoloji təzyiqlərə dözmədim, həm də həbs olunacağımdan qorxub bacanağımdan 150 min manat borc alıb, evdəki qızılları da 50 minə satdım. 200 min manatı sellofan torbaya qoyub nazirliyə getdim, orada Təhsin Ağayevə zəng edib məlumat verdim, məni onun otağına apardılar. Pulu Təhsinə verib başqa pulumun olmadığını dedim. Vüsal dərhal: "Min dənə obyektin var, get, sat, pulu gətir, milyonlar qazanırsız, Misir hesablayıb", - deyə reaksiya verdi. Mən onlara yalvardım, Təhsin 600 min manat versəm, həbs edilməyəcəyimə razılıq verdi. Əks halda notarius əməliyyatlarında rüşvət almağım barədə 4 nəfəri üzümə qoyaraq həbs edəcəklərini dedilər.

Növbəti bir həftədə də pulu düzəldə bilmədim, Təhsin Ağayev məni nazirliyə çağırıb əvvəl verdiyim 200 min manatı qaytardı. Buna görə lap qorxuya düşdüm, xalam oğlundan 100 min, dostum Nadirdən 100 min, qardaşlarım Tahir və Səyyafın hərəsindən 50 min, ümumi 500 min manatı may ayının əvvəllərində torbaya qoyub nazirliyə gəlib orada Təhsinin otağında onun özünə verdim. Qalan 100 min manat üçün də 1 həftə vaxt verdilər, bu dəfə də yeznəm İlhamdan və dayım oğlu Əyyubdan hərəsindən 50 min alıb gətirib Təhsin Ağayevə verdim".

M.Salahovun dediyi tarixlərdə MTN-də olması qeydiyyat kitabçasında təsdiqlənib.

T.Ağayev Etibar Əliyev və digərləri barəsində cinayət işinin başladılması qərarı verib, V.Ələkbərovu isə istintaq qrupunun rəhbəri təyin edib. M.Salahov barəsində başladılan cinayət işinə V.Ələkbərov tərəfindən xitam verilib.

Zərərçəkmişin ifadəsinə görə, bu epizodda ittiham olunan şəxslərdən biri də Təhsin Ağayevdir. Lakin V.Ələkbərovun barəsində olan cinayət işinin ittiham aktında T.Ağayevin dindirilməsinin "səhhəti ilə bağlı mümkün olmadığı" qeyd edilib.

T.Ağayevin vəkili Gülarə İlyasova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, müvəkkili bir müddət öncə xəstəxanaya yerləşdirilib: "Onun vəziyyəti həqiqətən də çox pisdir. İndi də xəstəxanadadır, müalicəsi qısa müddətli deyil, daimidir. Ürəyində problemlər var, bir neçə dəfə insult keçirib. Danışmaq imkanı yoxdur, onu dindirmək mümkün deyil".

G.İlyasova müvəkkilinin hazırda vəzifədə qalıb-qalmaması barədə suala gərgin reaksiya verib: "Onun vəzifədə olması, yaxud təqaüddə olması sizə nə üçün lazımdır? O hər hansı bir cinayət işində nə təqsirləndirilən, nə də şahid qismində cəlb olunan şəxs deyil".

DTX polkovnikinin vəkili zərərçəkmişlərin ifadələrində T.Ağayevə qarşı iddialarına cavab verməyib: "Zərərçəkmişlərin dediklərinə prosessual qaydada heç bir münasibət bildirə bilmərəm".

Qeyd edək ki, MTN ləğv ediləndən sonra T.Ağayev vəzifəsində saxlanılmışdı. O, ötən ilin ortalarına kimi DTX-nın İstintaq İdarəsinin rəis müavini idi.

AİA.az
Geri dön