Ana Sayfa > Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Şərq və Qərb mədəniyyətləri arasında yeni dostluq və tərəfdaşlıq körpüsü

Şərq və Qərb mədəniyyətləri arasında yeni dostluq və tərəfdaşlıq körpüsü


10-12-2025, 15:30. Yazar: sevinc1
Şərq və Qərb mədəniyyətləri arasında yeni dostluq və tərəfdaşlıq körpüsü

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə heyətinin sədri


Qədim İpək Yolunun mərkəzində yerləşən, Şərqlə Qərbi birləşdirən Azərbaycan üçün beynəlxalq əməkdaşlıq sadəcə xarici siyasət vektoru deyil, həm də bir dostluq və əməkdaşlıq fəlsəfəsidir. Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya gerçəkləşən ilk rəsmi səfəri məhz bu fəlsəfənin parlaq təzahürü oldu. Paytaxt Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini ilə aparılan danışıqlar, Avropanın mərkəzində yerləşən bu sənaye gücünə malik ölkə ilə əlaqələrin artıq sadə tərəfdaşlıq sərhədlərini aşaraq, strateji dostluq müstəvisinə qədəm qoyduğunu bəyan etdi. Bu səfər, Bakı ilə Bratislava arasında iqtisadi, siyasi və mədəni əlaqələri yeni zirvələrə daşıyan tarixi bir səhifə açdı.

Azərbaycan və Slovakiya arasındakı münasibətlərin təməli hər iki ölkənin müstəqilliyini bərpa etməsindən və 1993-cü ildə diplomatik əlaqələr qurmasından sonra atılmışdır. Tarixən Avropanın sənaye və mədəniyyət mərkəzində yerləşən Slovakiya, müstəqillik illərində sürətli inkişaf yolu keçmiş və Avropa İttifaqı (Aİ) və NATO-ya inteqrasiya etmişdir. Azərbaycan isə özünün zəngin enerji ehtiyatları və tranzit imkanları ilə regionun aparıcı iqtisadi gücünə çevrilmişdir.
İlkin illərdə əsasən iqtisadi-ticarət əlaqələri kontekstində inkişaf edən bu münasibətlər, 2024-cü ildə Prezidentlər tərəfindən imzalanan "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ilə keyfiyyətcə yeni mərhələyə yüksəldi. Bu sənəd, sadəcə siyasi iradənin ifadəsi deyil, Bakının Avropa ilə dərinləşən enerji və nəqliyyat əlaqələrində Slovakiyanın oynaya biləcəyi mühüm rolu təsdiqləyən strateji yol xəritəsi idi. Bu tarixi məqam, iki xalqın bir-birinə olan hörmətinin və ortaq maraqlarının davamlı inkişafına əsaslanan etimadının təcəssümüdür.



Cənab Prezident İlham Əliyevin Bratislavada səsləndirdiyi bəyanatın hər bir cümləsi, iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini, mövcud nailiyyətləri və gələcək ambisiyaları əks etdirən əsas tezislərə bölünür:
Ölkəmizin başçısı tərəflər arasında imzalanan Birgə Bəyannamənin əlaqələri ən yüksək səviyyəyə qaldırdığını qeyd edərək, Slovakiya rəhbərliyinə dərin hörmətini ifadə etdi. Xüsusilə, Slovakiya rəhbərliyinin müstəqil xarici siyasət yürütməsinin ölkəyə regionda böyük hörmət qazandırdığını vurğulamaqla, Azərbaycanın da regional çətinliklərə baxmayaraq, milli maraqlara söykənən siyasət kursunu təsdiqləmiş oldu. Azərbaycanın 44 günlük Vətən Müharibəsində Qələbəsinin beşinci ildönümündə Slovakiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı isə, ikitərəfli münasibətlərin səmimi dostluq müstəvisində inkişaf etdiyinin ən parlaq göstəricisi kimi qiymətləndirildi.

Bəyanatın mərkəzi hissəsini təşkil edən energetika mövzusu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı müstəsna rolu bir daha təsdiqlədi. Cənab Prezident ilk dəfə Slovakiya bazarına daxil olan Azərbaycan qazının təchizatı potensialını genişləndirərək, ölkəmizin istənilən həcmdə enerji resurslarını təmin etməyə hazır olduğunu bildirdi. 14 ölkəyə qaz ixrac edən Azərbaycanın bu gün Aİ-nin 8 ölkəsini təbii qazla təmin etməsi, ölkəmizin həm geopolitik dəyərini, həm də enerji diplomatiyasının uğurunu nümayiş etdirir. Gələcəkdə qaz ixracının 25 milyard kubmetrdən daha böyük həcmlərə çatdırılması perspektivi Slovakiyanın enerji ehtiyacları üçün etibarlı mənbə olacağını göstərir.

Əməkdaşlığın gələcəyə yönəlik əsas istiqamətləri müdafiə sənayesi və rəqəmsal transformasiya ilə müəyyən edildi. Müdafiə sənayesi sahəsindəki əməkdaşlıq müharibə sənayesi deyil, sənaye və texnoloji inkişaf kimi nəzərdən keçirildi. Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarının birləşməsi, dünya bazarları üçün rəqabətədavamlı yeni məhsullar yaradacaqdır. Eyni zamanda, Azərbaycanın sürətlə artan enerji potensialı (növbəti beş ildə 8 giqavata qədər bərpa olunan enerji) və münasib iqlim şəraiti, ölkəmizi beynəlxalq data mərkəzləri habına çevirmək ambisiyasını ortaya qoydu. Bu, iqtisadi əlaqələrin neft-qazdan kənar, yüksək texnologiya sahələrinə şaxələndirilməsinin bariz nümunəsidir.

Azərbaycanın Orta Dəhlizin və Şərq-Qərb nəqliyyat dəhlizinin əsas parçasına çevrilməsi, ölkəmizin regionda ən etibarlı və təhlükəsiz tranzit marşrutu olduğunu təsdiqləyir. Nəqliyyat sahəsinə əlavə sərmayələr qoymaq niyyəti isə, bu körpü rolunun gücləndirilməsi və Avropa ilə, o cümlədən Slovakiya ilə əlaqələrin dərinləşdirilməsi deməkdir.
Cənab Prezident İlham Əliyevin Bratislavadan səsləndirdiyi bəyanat, Azərbaycanın həm regionda, həm də Avropada etibarlı tərəfdaş, enerji təminatçısı və beynəlxalq tranzit habı kimi mövqeyinin növbəti təsdiqidir. Bu, sadəcə iqtisadi sənədlərin imzalanması deyil, iki suveren ölkənin bir-birinin müstəqil siyasətinə hörmətlə yanaşaraq, ortaq gələcəyə doğru irəliləmək əzminin göstəricisidir.

Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfərə dəvət edilməsi isə, əməkdaşlıq münasibətlərinin davamlı və yüksək səviyyədə inkişaf etdirilməsinə yönəlmiş qəti siyasi iradəni simvolizə edir. Bakı və Bratislava, enerji, sənaye və rəqəmsal texnologiyalar kimi strateji sahələrdə əməkdaşlıq edərək, Şərq və Qərb mədəniyyətləri arasında yeni dostluq və tərəfdaşlıq körpüsü qurur.


Geri dön