Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov: “Azərbaycan siyasi mühiti köhnə kölgə strukturlaşmasından tam qurtulmalıdır”

Eltun Süleymanov: “Azərbaycan siyasi mühiti köhnə kölgə strukturlaşmasından tam qurtulmalıdır”


Bu gün, 11:49. Yazar: azer
Eltun Süleymanov: “Azərbaycan siyasi mühiti köhnə kölgə strukturlaşmasından tam qurtulmalıdır”

“Son günlər ictimai məkanın gündəmini bürüyən əsas mövzulardan biri Ramiz Mehdiyev və Əli Kərimli arasında illərdir davam etdiyi iddia olunan əlaqələrin dövlətə qarşı yönəlmiş fəaliyyətlə kəsişməsi barədə yayılan məlumatlardır. Siyasi prosesləri yaxından izləyənlər yaxşı bilir ki, Mehdiyevin uzun illər ərzində qurduğu qapalı şəbəkə və hakimiyyət içində formalaşdırdığı təsir dairəsi bu gün onun barəsində səslənən ittihamların cəmiyyət tərəfindən qeyri-adi qarşılanmamasının əsas səbəbidir. Məhz buna görə də Mehdiyev ətrafında yenidən baş qaldıran “kölgə siyasəti” iddiaları tanış səhnənin davamı təsiri bağışlayır.”

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, müzakirələrin mərkəzində duran ən kəskin məqam, Mehdiyevin müxtəlif siyasi qruplarla, xüsusilə də radikal müxalifət təmsilçiləri ilə dolayı əlaqələr saxladığı barədə səslənən ittihamlardır: “Bir çox siyasi analitiklər radikal müxalifətin hələ 2000-ci illərin əvvəllərindən bəri Mehdiyevin sistem içindəki oyunlarından ən azı dolayı şəkildə bəhrələndiyini iddia edirlər. Əslində ölkə ictimaiyyətinin böyük hissəsi tərəfindən Ramiz Mehdiyev-Əli Kərimli xətti sadəcə təsadüfi təmaslar yox, uzunmüddətli paralel fəaliyyət müstəvisi kimi dəyərləndirilir. İstər Mehdiyevin dövlət sistemində yaratdığı gərginlik mirası, istərsə də Kərimlinin ölkədəki hər siyasi prosesdən siyasi dividend əldə etmək cəhdi bu iki adı zaman-zaman eyni kontekstdə görünməyə daha da uyğun edir. Son günlər isə yayılan məlumatlarda bu xətt açıq şəkildə dövlət əleyhinə fəaliyyət çərçivəsində şərh olunur. Əlbəttə ki, belə bir münasibət “sistemə qarşı koordinasiyalı sabotaj cəhdləri” kimi qiymətləndirilməlidir və ölkədə sabitlik və institusional təhlükəsizlik baxımından bu tip kölgə əməkdaşlıqları ciddi təhlükə doğurur. Mehdiyevin ətrafında dolaşan ittihamların radikal müxalifətlə eyni spektrdə təqdim olunması, əslində, ölkədə dövlətçiliyə qarşı yönələ biləcək istənilən qeyri-rəsmi siyasi koordinasiyanın təhlükəli nəticələr doğura biləcəyini deməyə imkan verir. Məhz buna görə hazırkı müzakirələr təkcə iki şəxsin adı ətrafında cərəyan etmir. Onlar bütövlükdə sistemin sabitliyinə yönəlmiş mümkün təhdidlərin ictimai səviyyədə açıq müzakirəyə çıxması kimi də dəyərləndirilə bilər. Nəticə etibarilə, Ramiz Mehdiyev və Əli Kərimliyə qarşı irəli sürülən son ittihamlar bir daha göstərir ki, Azərbaycan siyasi mühiti köhnə qarşıdurmalardan və kölgə strukturlaşmasından tam qurtulmalı, informasiya manipulyasiyasını və gizli ittifaqları siyasi silah kimi istifadə edən qruplar birdəfəlik ləğv edilməlidir. Artıq siyasi proseslərin şəffaflaşdırılması, kölgə əlaqələrinin tam ifşası və bu istiqamətdə fəaliyyət göstərən bütün siyasi aktorların açıq məsuliyyət müstəvisinə gətirilməsi Azərbaycan üçün strateji zərurətə çevrilib” – deyə, Eltun Süleymanov fikirlərini tamamlayıb.
Geri dön