Ana Sayfa > Siyasət > Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi

Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi


Bu gün, 17:59. Yazar: azer
Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi

Adını dünya tarixinə güclü, nüfuzlu və qalib ölkə kimi yazdırmış müasir, müstəqil Azərbaycan bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. 1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyinin ilk illərinin ictimai-siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun fenomenal fəaliyyəti, qətiyyətli və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu, heç şübhəsiz, öz tarixi köklərinə bağlı olan, istiqlal - müstəqillik idealını milli və siyasi dəyər kimi rəhbər tutan, bu yolda güclü əzm, iradə göstərən və sarsılmaz mübarizə nümunəsi yaradan bir xalqın üstünlüyü və xoşbəxtliyidir. Çünki zamandan, məkandan, dövrdən və şəraitdən asılı olmayaraq, taleyüklü anlarda siyasi məsuliyyəti öz üzərinə götürən lideri olmayan xalqların hansı acı ssenarilərin qurbanına çevrildiklərinin, necə böyük faciə və fəlakətlərlə üzləşdiklərinin şahidi olmuşuq. 1990-cı ilin əvvəlində eyni situasiya və problemlə qarşılaşan mübariz Azərbaycan xalqı, qeyd etdiyimiz kimi, lider fenomeni, xalq ilə liderin unikal və mükəmməl vəhdəti sayəsində tənəzzüldən qurtularaq tərəqqi yoluna çıxmağı, böyük Zəfərə doğru irəliləməyi və əsas strateji hədəflərinə çatmağı, nəhayət, tarixinin ən böyük Qələbəsinə müvəffəq olmağı bacarmışdır. Ümumiyyətlə, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyəti və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmişlər.
Azərbaycanda əldə edilən müstəqilliyin qorunub saxlanılması, dövlətçiliyin məhv olmaq təhlükəsindən xilası üçün geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiyanın yaradılması tarixi zərurət idi. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar dövlət quruculuğunda çoxillik təcrübəyə malik Ulu Öndər Heydər Əliyevə müraciət etdi və nəticədə Yeni Azərbaycan Partiyasının yaradılmasına qərar verildi.
Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən 33 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Geri dön