Ana Sayfa > Manşet / Siyasət > Göydəniz Qəhrəmanov: “Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin bariz nümunəsi idi”
Göydəniz Qəhrəmanov: “Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin bariz nümunəsi idi”Bu gün, 14:38. Yazar: azer |
![]() “Qarabağın mərkəzində yerləşən, qədim tarixə və zəngin mədəni irsə malik olan Ağdam şəhəri Azərbaycan xalqının yaddaşında həm dağıntıların acı simvolu, həm də yenidənqurmanın ümid işığı kimi qalacaq. “Ağdam” sözünün mənşəyi – “ağ ev”, “kiçik qala” – bu torpağın həm qədim türk köklərini, həm də onun nurla, diriliklə assosiasiya olunan mənəvi dəyərini əks etdirir. Qədim arxeoloji tədqiqatlar Ağdamın Eneolit dövrünə, yəni altı-səkkiz min il əvvələ gedib çıxan yaşayış məskəni olduğunu təsdiqləyib. Üzərriktəpə kimi abidələr bura sivilizasiyanın beşiklərindən biri kimi baxmağa əsas verir. Tarixin bu dərin qatlarından gələn mədəniyyət izləri Ağdamın Azərbaycanın milli kimliyində necə mühüm yer tutduğunu bir daha nümayiş etdirir. 1930-cu ildə inzibati rayon kimi yaradılan Ağdam təkcə Qarabağın deyil, bütövlükdə ölkənin iqtisadi və mədəni həyatında seçilən bölgələrdən biri idi.” Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib. Fikirlərini davam etdirən deputat bildirib ki, erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində bütün Azərbaycanla birgə Ağdam rayonu da ağır faciə yaşadı: “1993-cü ilin iyulunda rayon ərazisinin 73 faizi işğal olundu, 128 min insan doğma yurdunu tərk etməyə məcbur qaldı. Ağdamın 90 kəndi, yüzlərlə mədəniyyət və təhsil ocağı yerlə-yeksan edildi. Bütün dünyada tayı-bərabəri olmayan Çörək Muzeyi belə düşmən vəhşiliyinin hədəfinə çevrildi. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə baxmayaraq, işğala son qoymadı, beynəlxalq hüquq normalarını pozaraq etnik təmizləmə və mülki əhalinin məhvinə yönəlmiş cinayətlər törətdi. Ölkə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin bariz nümunəsi oldu. Bu vəhşiliyin miqyası elə böyük idi ki, Ağdam “Qafqazın Xirosiması” adlandırıldı. Amma Azərbaycan xalqı heç vaxt bu torpaqlardan imtina etmədi – ədalətə, haqqa və qələbəyə inamını qorudu. Nəhayət, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatla Azərbaycanın haqq savaşı Zəfərlə başa çatdı – 20 noyabrda Ağdam rayonu bir güllə atılmadan, diplomatik üstünlüyün və hərbi qüdrətin sintezi ilə Vətənə qaytarıldı. O gündən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən hayata qayıdır. 2021-ci ildə təsdiqlənmiş Baş Plana əsasən şəhərdə 5 məhəllə salınır, yeni yaşayış massivləri, sosial obyektlər, sənaye parkı inşa olunur. Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində aparılan bərpa-quruculuq işləri qayıdışın real təcəssümüdür. 20 noyabrın Ağdam şəhəri günü kimi təsis edilməsi isə Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bu gün Ağdam artıq dağıntıların deyil, iradənin, inamın və dövlət siyasətinin uğurla həyata keçməsinin rəmzidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb. Geri dön |