Ana Sayfa > Karusel / Manşet / Siyasət / Özəl / Gündəm / Seçilənlər-9 > DÜNƏNDƏN GƏLƏN, BU GÜNÜ QURAN VƏ SABAHI MÜƏYYƏN EDƏN PARTİYA
DÜNƏNDƏN GƏLƏN, BU GÜNÜ QURAN VƏ SABAHI MÜƏYYƏN EDƏN PARTİYABu gün, 10:51. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcaması İdarə Heyətinin sədri Yeni Azərbaycan Partiyası (YAP) müstəqil Azərbaycanın ən mühüm siyasi səhifəsi, dövlətçiliyimizin dirçəlişinin və tərəqqisinin simvoludur. 1992-ci ilin noyabrında, ölkənin xaos, hərc-mərclik və vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda bu partiyanın yaranması Xilasın başlanğıcı oldu. Milli maraqların keşiyində duran və vətənpərvərlik hissinin daşıyıcısı olan ziyalıların Naxçıvana – Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın böyük istəyini əks etdirirdi. 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi və beləliklə, Azərbaycanın siyasi səhnəsinə Xalqın Partiyası kimi qədəm qoyuldu. YAP-ın yaranması ilə insanlar, nəhayət ki, sivil mübarizənin və dövlətçiliyin yolunu müəyyən etdilər, cəmiyyətdə dövlətçilik ideyaları, müstəqillik ruhu və vətənpərvərlik duyğuları yenidən, daha mütəşəkkil şəkildə formalaşmağa başladı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, o, haqlı olaraq xalqımızın Xilaskarına çevrildi. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını qısa zamanda cəmiyyətin aparıcı qüvvəsinə, özünün dediyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Məhz onun uzaqgörən siyasəti, 1994-cü il sentyabrın 20-də imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Bu, ölkəmizə olan böyük inamın göstəricisi idi. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. İqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərdi, xalqın gələcəyə inamı gündən-günə artdı. ![]() Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayda Partiyanın yeni sədri seçildi və YAP özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin rəhbərliyi altında partiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu məqsədi ilə bütün Azərbaycan vətəndaşlarını – irqindən, dinindən, cinsindən asılı olmayaraq – ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən Ümumxalq Partiyası kimi fəaliyyətini davam etdirdi. Bu siyasi kursun zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəldi, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirdi. Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi müzəffər siyasətin ən böyük və ən parlaq məntiqi nəticəsi isə 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Qələbə oldu. Torpaqlarımızın işğaldan azad olunması tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan böyük Zəfərdir və bu, məhz YAP liderinin qətiyyətinin təntənəsidir. 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı, ölkəmizin tarixi Qələbəsindən sonra yaranan yeni reallıqlar dövrünə təsadüf etdi. Bu qurultay hakim partiyanın yeni dövrə daha fəal, yenilənmiş formada qədəm qoyduğunu göstərdi; Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, digər siyasi partiyaların YAP-a qoşulması isə Partiyanın birləşdirici qüvvə olduğunu bir daha sübut etdi. YAP bu gün də gənc nəslə diqqət və qayğının artırılmasını, onların respublikamızın ictimai-siyasi həyatında fəal iştirakını təmin etməyi əsas missiyası hesab edir. Gənclərimizin Yeni Azərbaycan Partiyasına inamla üz tutması, bu partiyanın sıralarında yetişməsi, onun xalqa xidmət kimi şərəfli missiyanın daşıyıcısına çevrilməsi bu partiyanın siyasi gələcəyinin qarantıdır. YAP – dünəndən gələn, bu günü quran və Zəfər Siyasəti ilə sabahı müəyyən edən Xalqa Xidmət Partiyasıdır! Geri dön |