Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Bu gün Kəlbəcər Azərbaycanın qüdrətini nümayiş etdirən böyük quruculuq meydanıdır”
Novruzəli Aslanov: “Bu gün Kəlbəcər Azərbaycanın qüdrətini nümayiş etdirən böyük quruculuq meydanıdır”Bu gün, 20:13. Yazar: azer |
![]() “25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd edilməsi təkcə tarixə ehtiram deyil, həm də Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra formalaşan siyasi iradənin, milli gücün və yenilməzlik əzminin rəmzidir. Kəlbəcər minilliklərin yaddaşını yaşadan unikal bölgədir: qayaüstü təsvirlər, qədim türk əlifbası nümunələri və süni mağaralar bu ərazinin insan sivilizasiyasının ilkin ocaqlarından biri olduğunu sübut edir. “Kəlbəcər” toponiminin “çay üstündə qala” mənası bölgənin strateji-coğrafi mövqeyinin tarix boyu nə qədər mühüm olduğunu göstərir. Azərbaycanın ən hündür zirvələrindən birinə sahib olan bu diyar əsrlər boyu türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən etibarən İslamın mədəni izlərini bir araya gətirən bir təbii-tarixi muzey kimi formalaşmışdır.” Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Millət vəkili bildirib ki, bu tarixi mirasın Ermənistana məxsus silahlı qüvvələr tərəfindən 1993-cü ildə işğal edilməsi yalnız ərazi itkisi deyildi, bu, həm də Azərbaycan xalqının mədəni-tarixi irsinə, qan yaddaşına vurulmuş ağır zərbə idi: “İşğal zamanı onlarla tarixi abidə, məktəblər, kitabxanalar, xəstəxanalar, mədəniyyət evləri və minlərlə yaşayış məntəqəsi dağıdıldı, yüzlərlə dinc sakin qətlə yetirildi və ya itkin düşdü. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi ermənilərin dərhal ərazidən çıxarılmasını tələb etsə də, bu sənəd 27 il kağız üzərində qaldı. Azərbaycan bu ədalətsizliyə qarşı təkbaşına mübarizə apardı və 2020-ci ildə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa etdi. Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin azad edilməsi hərbi əməliyyatların gedişatını dəyişdi və düşmən ordusunun manevr imkanlarını məhdudlaşdırdı. Bu, son nəticədə noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla Kəlbəcərin tamamilə Azərbaycana qaytarılmasına yol açan dönüş nöqtəsi oldu. Bu gün Kəlbəcər əvvəlki ağrı və dağıntılar məkanı deyil, Azərbaycanın qüdrətini nümayiş etdirən böyük quruculuq meydanıdır. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan bölgəni ölkənin dağlıq turizm, sağlamlıq və mədəniyyət mərkəzinə çevirəcək strateji bir sənəddir. Müasir yaşayış massivi, geniş yaşıllıq zolaqları, yüzlərlə fərdi ev, məktəblər, xəstəxanalar, sosial infrastruktur və beynəlxalq standartlara uyğun yol şəbəkəsi Kəlbəcərin gələcəyini tamamilə yeni səviyyəyə qaldırır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və xüsusən Murovdağ tuneli bu bölgəni nəqliyyat baxımından ölkənin ən əlçatan istiqamətlərindən birinə çevirir. “İstisu” Müalicə-İstirahət Kompleksi və mineral su zavodu isə Kəlbəcərin iqtisadi və turistik potensialını daha da gücləndirir. Bütün bunlar sübut edir ki, 25 noyabr yalnız işğaldan azad olunmanın tarixi deyil. Bu, Kəlbəcərin dirçəlişi, Azərbaycan dövlətinin iradəsinin və xalqın gələcəyə inamının nümayişidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |