Ana Sayfa > Siyasət > Yenidən qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək

Yenidən qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək


Bu gün, 15:38. Yazar: azer
Yenidən qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək

Prezident İlham Əliyevin tarixi Qələbəmizi və şanlı səhifələrimizi əbədiləşdirmək məqsədilə imzaladığı, 31 iyul 2023-cü il tarixli Sərəncama əsasən, işğaldan azad olunmuş şəhərlərin günləri təsis edilmişdir. Həmin Sərəncama uyğun olaraq 20 noyabr Ağdam şəhəri günü kimi qeyd olunur. Ağdam, Laçın və Kəlbəcər rayonları Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən işğaldan azad olunub. Bu üç rayonun bir güllə belə atılmadan geri qaytarılması, Qarabağ Zəfərinin təkcə hərbi meydanda qazanılmadığını, onun həm də Azərbaycanın tarixində ən mühüm siyasi nailiyyətlərdən biri olduğunu göstərir. Bu fakt eyni zamanda Prezident İlham Əliyevin yüksək diplomatik bacarığının və qətiyyətli siyasi iradəsinin bariz nümunəsidir.

Sahəsi 1094 km² olan Ağdam rayonunun əsası 1930-cu ildə qoyulmuşdur. Əsasən düzənlik relyefə malik olan rayon Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşdiyindən tarixi, iqtisadi və strateji baxımdan mühüm mövqeyə sahib olmuşdur.
Əlverişli mövqeyi və qədim tarixi səbəbindən Ağdam işğalçı Ermənistanın da hədəfinə çevrilmişdir. Rayonun qəhrəman sakinləri böyük canlı qüvvə və silah-sursat üstünlüyünə malik düşmənə qarşı 42 gün mübarizə aparmış, lakin 1993-cü il 23 iyulda rayon ərazisinin 73 faizi Ermənistan tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 128 min sakin məcburi köçkünə çevrilmiş, Ağdamın iqtisadi, mədəni və sosial infrastrukturu tamamilə dağıdılmış, döyüşlərdə 6 mindən çox vətəndaşımız şəhid olmuşdur.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edərək Ermənistan qoşunlarının Ağdamdan və digər ərazilərdən dərhal çıxarılmasını tələb etmiş, ATƏT-in Minsk qrupu adından 9 dövlət hücumu qəti şəkildə pisləmiş və işğalın dayandırılması üçün çağırış etmişdir. Lakin Ermənistan beynəlxalq hüquq normalarını və qəbul olunmuş qərarları nəzərə almamış, işğal siyasətini davam etdirmişdir.

Ermənistanın Ağdama qarşı həyata keçirdiyi işğal siyasəti bununla məhdudlaşmamışdır. İşğalçı ölkə Cenevrə Konvensiyalarından irəli gələn humanitar öhdəlikləri kobud şəkildə pozaraq, Ağdam ərazisində coğrafi adların dəyişdirilməsi, mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi beynəlxalq hüquqa zidd addımlar atmışdır. Ümumilikdə, Ermənistan silahlı birləşmələrinin təkcə Ağdamda deyil, digər işğal olunmuş rayonlarımızda da azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirməsi, bu dövlətin məqsədinin hərbi təcavüz yolu ilə ərazi ələ keçirmək olduğunu açıq şəkildə nümayiş etdirmişdir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi igidlik nəticəsində əldə edilmiş böyük Qələbə və imzalanmış üçtərəfli bəyanat sayəsində 2020-ci il 20 noyabr tarixində doğma Ağdam şəhərinə nəhayət ki, azadlıq qayıtmış və Zəfər təqvimi daha bir qürurverici günlə zənginləşmişdir.

2020-ci il 26 noyabr tarixində “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ağdamın azad olunması uğrunda yüksək şücaət göstərmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur.
Dövlət başçısı İlham Əliyev Ağdam şəhərinin işğaldan azad edilməsindən sonra bölgəyə 14 dəfə səfər etmişdir. Hazırda Ağdamda bərpa və yenidənqurma prosesi ən yüksək tempdə davam etdirilir. 2021-ci ildə şəhərin Baş Planı ictimaiyyətə təqdim olunmuş, həmin plan əsasında Ağdamın müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən qurulmasına start verilmişdir. Kəndlərdə və şəhərin digər ərazilərində də tikinti və bərpa işləri intensiv şəkildə aparılır. Prezident İlham Əliyevin iştirakı ilə 28 may 2021-ci ildə Bərdə–Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, həmçinin Ağdam Zəfər və İşğal muzeylərinin təməlqoyma mərasimləri keçirilmişdir. Hazırda “İmarət” Kompleksi, Qarabağ xanlarının türbələri, Cümə məscidi və digər tarixi abidələr bərpa edilərək əvvəlki orijinal görkəminə qaytarılır. Bununla yanaşı, yeni yolların salınması, mehmanxanaların, məktəblərin, xəstəxanaların tikilməsi və mədəni irs nümunələrinin bərpası xüsusi diqqət mərkəzindədir. Ağdam şəhərinə ilk köçürülmənin isə gələn ilin payızında həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”, işğaldan azad olunmuş ərazilər üzrə təsdiq edilmiş ilk strateji şəhərsalma sənədi olmaqla, dövlətin Qarabağın gələcək inkişafına verdiyi yüksək siyasi və iqtisadi prioriteti nümayiş etdirir.
Baş Plan Ağdamı azad edilmiş ərazilərin ən böyük, ölkənin isə dördüncü böyük şəhərinə çevirməyi hədəfləyir. Layihəyə əsasən şəhərdə 100 min nəfərin yaşaması üçün tam müasir, ekoloji və funksional şəhər infrastrukturu formalaşdırılır.

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olan bu konsepsiya çərçivəsində dağılmış ərazilərin genişmiqyaslı bərpası, müasir yaşayış məhəllələrinin salınması, sosial xidmətlərin yenidən qurulması, iqtisadi zonaların və istehsal sahələrinin yaradılması, mina təmizləmə əməliyyatlarının paralel həyata keçirilməsi intensiv şəkildə davam etdirilir.
2025-ci ilin oktyabr ayına qədər 825 ailənin (3318 nəfərin) doğma yurdlarına qayıtması, “Böyük Qayıdış”ın Ağdam üzrə real nəticələr verən ən mühüm mərhələlərindən biridir. Bu proses həm dövlətin siyasi iradəsinin, həm də bölgədə təhlükəsiz həyat şəraitinin təmin olunmasının bariz göstəricisidir.
Ağdam rayonunda iqtisadi transformasiyanın əsas elementlərindən biri Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanına əsasən yaradılmış Ağdam Sənaye Parkıdır. 190 hektarlıq park azad edilmiş ərazilər arasında ilk sənaye zonalarından biri olmaqla, Qarabağın sənaye potensialının reallaşdırılmasında həlledici rol oynayır.

10 may 2025-ci ildə açılışı baş tutan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat-kommunikasiya infrastrukturunda yeni mərhələnin əsasını qoyur. Bərdə–Ağdam dəmir yolu xəttinin ikinci mərhələsi kimi inşa olunan kompleks 8 hektarlıq ərazini əhatə edir və Azərbaycanda bir çox texnoloji yeniliklərin tətbiqi ilə seçilir. 2025-ci il 10 may tarixində açılan Ağdam Muğam Mərkəzi, Qarabağın mədəni-simvolik irsinin bərpasına xidmət edən ən mühüm layihələrdən biridir. 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi sahəsi, iclas otaqları və digər inzibati məkanlar muğam sənətinin tədrisi, ifası və təşviqi üçün geniş imkanlar yaradır. 615 nəfərlik açıq hava amfiteatrının yaradılması isə Ağdamın gələcəkdə regional mədəniyyət festivallarının və beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsinə şərait yaradacaq.

Bu səbəbdən 20 Noyabr təkcə tarixi bir təqvim günü deyil, həm də milli ruhun bayramıdır. Bu gün Ağdamla bağlı hər bir xatirə yenidən canlanır, hər bir insan bu torpaqların gələcək inkişafı üçün ümidlə baxır. Keçmişin acıları üzərində gələcəyin sevincini qurmaq kimi bir missiya icra olunur və Ağdam bu missiyanın ən parlaq nümunəsidir. Azərbaycanın digər azad edilmiş torpaqları kimi Ağdam da bir daha sübut edir ki, torpaq yalnız coğrafi məkan deyil, həm də kimlikdir, yaddaşdır, ruhdur. Bu gün Ağdama qayıdan hər bir addım, orada atılan hər bir təməl, çəkilən hər bir yol, işıqlandırılan hər bir küçə Azərbaycan dövlətinin və xalqının gücünü təsdiqləyir. Ağdam artıq keçmiş xatirələrin məkanı deyil, gələcəyin böyük layihələrinin həyata keçirildiyi bölgədir. Onun dirçəlişi Azərbaycan üçün yeni bir dövrün başlanğıcıdır – inkişafın, modernizasiyanın və tarixi qələbənin davamı olan bir dövrün. Beləliklə, 20 Noyabr – Ağdam şəhəri günü həm keçmişin acı yaddaşını, həm bu günün qürurunu, həm də gələcəyin ümidini özündə birləşdirən xüsusi bir gün kimi Azərbaycanın milli təqviminə həkk olunub. Bu gün Aqdamın azadlığı və dirçəlişi bütün xalqın qələbəsi kimi qeyd edilir və hər il daha böyük sevinc, daha böyük inamla anılır.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Geri dön