Ana Sayfa > Siyasət > Kəlbəcər qəhrəmanlıq və dirçəliş nişanəsidir
Kəlbəcər qəhrəmanlıq və dirçəliş nişanəsidirBu gün, 14:24. Yazar: azer |
![]() Kəlbəcər – Azərbaycan torpağının qədim tarix və mədəniyyətini, qəhrəmanlıq salnaməsini özündə daşıyan şəhərdir. “Çay üstündə qala” mənasını verən Kəlbəcər, Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar, 30 min ildən artıq tarixi olan yaşayış məskənləri, 6 min illik qaya təsvirləri və qədim türk əlifbası nümunələri ilə zəngindir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən İslamın yayıldığı dövrlərdə yaradılmışdır. Azərbaycanın ən yüksək dağ rayonlarından biri olan Kəlbəcərin zirvələri Camışdağ (3724 m) və Dəlidağ (3616 m) ilə səciyyələnir. İşğala qədər rayon 53 min nəfərdən çox əhaliyə sahib olub, 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsindən ibarət idi. 1930-cu ildə Kəlbəcərə inzibati rayon statusu verilmişdir. 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Kəlbəcər böyük dağıntılara məruz qaldı: 511 dinc sakin həyatını itirdi, 321 nəfər əsir götürüldü və itkin düşdü. İşğal zamanı rayonun minlərlə mənzili, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri dağıdıldı, milyardlarla manatlıq sərvət Ermənistan tərəfinə daşındı. BMT Təhlükəsizlik Şurasının 822 saylı 30 aprel 1993-cü il tarixli qətnaməsinə baxmayaraq, işğalçı qüvvələr əraziləri tərk etmədi, beynəlxalq ictimaiyyət isə onu icra etməyə təzyiq göstərmədi. Azərbaycanın əzəmətli Vətən müharibəsi nəticəsində Kəlbəcər 2020-ci il noyabrın 25-də işğaldan azad edildi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, strateji yüksəkliklərin ələ keçirilməsi erməni silahlı qüvvələrinin hərəkətlərini iflic vəziyyətə saldı və rayonun azad olunması Azərbaycanın hərbi, siyasi və diplomatik uğurunun nəticəsi oldu. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən ermənilər Kəlbəcəri tərk etdi və bölgədəki barbarizm, vandalizm beynəlxalq ictimaiyyətin gözü qarşısında nümayiş etdirildi. Azad edilmiş Kəlbəcərin bərpası da böyük sürətlə həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə və kəndlərdə yeni yaşayış məhəllələri salınır, modul tipli məktəblər, uşaq bağçaları, hərbi hissələr, İstisu Müalicə-İstirahət Kompleksi inşa olunur. 3,26 hektar ərazidə layihələndirilmiş Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsində 460 nəfərdən çox sakin məskunlaşacaq. Yanşaq, Zallar və Zar kəndlərində ümumilikdə minlərlə ailə üçün yeni birmərtəbəli və çoxmərtəbəli fərdi evlər tikilir, müasir məktəb və bağçalar inşa olunur. Bölgənin infrastrukturunun yenidən qurulması prioritetdir: Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi 82 km-lik məsafədə davam edir, 5 tunel inşa olunur. Meydan, Çıraq-1, Çıraq-2 və Qamışlı Kiçik Su Elektrik Stansiyaları tam yenidən qurulub, enerji təminatı gücləndirilib. Prezident İlham Əliyev Kəlbəcərə dəfələrlə səfər edərək azad edilmiş ərazilərdə gedən infrastruktur işlərini yerində izləyib, tikinti və yenidənqurma proseslərinə rəhbərlik edib. Bu səfərlər həm də milli qürurun, dirçəlişin və vətənpərvərlik əzminin rəmzidir. 25 noyabr tarixi Kəlbəcər şəhəri günü elan olunmuşdur və bu gün milli qələbə, tarixi dirçəliş və qəhrəmanlıq günü kimi qeyd edilir. Kəlbəcər yalnız Azərbaycanın torpağı deyil, həm də xalqımızın iradəsinin, milli birliyinin və gələcəyə inamının təcəssümüdür. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |