Ana Sayfa > Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Ağdam işığın zülmət üzərində qələbəsi şəhəridir
Ağdam işığın zülmət üzərində qələbəsi şəhəridirBu gün, 12:53. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri 20 Noyabr ümidin və zəfərin birlikdə qeydə alındığı gündür. Qədim türk dilində “kiçik qala” mənasını verən, Qarabağlı Pənahəli xanın mirasında isə “günəş şüaları ilə nurlanmış, işıqlı, ağ ev” kimi yaşayan Ağdam, otuz ilin qaranlığından sonra yenidən doğulur. Bu gün, indi xəyalət şəhəri statusundan qurtulan, zəfərin və intiqamın simvoluna çevrilən Ağdam Şəhəri Günüdür! Səkkiz min ilin tarixini, Eneolit dövrünün sirlərini özündə gizlədən, Qafqazın ilk şəhər tipli məskənlərindən olan bu torpaq bir zamanlar yüksək əkinçilik mədəniyyətinin beşiyi idi. Lakin 1993-cü ilin iyulunda, 42 günlük qanlı döyüşdən sonra, 90 kəndin, 74 məktəbin, o vaxt üçün dünyada yeganə olan Çörək Muzeyinin susduğu ağır günlər gəldi. Erməni vəhşiliyi bu füsunkar diyarı cəhənnəmə və xarabazarlığa çevirdi. Erməni vandalizminin dəhşətli mahiyyətini dərk etmək üçün cəmi beş il əvvəlki Ağdamı görmək kifayət idi. Tarixdə bir çox işğal hadisələri, şəhərlərin xarabalığa çevrilməsi faktları olub, lakin onlar tarixin qaranlıq keçmişində baş verib. Bu vəhşilik isə XX əsrin sonunda, dünyanın gözü qarşısında törədildi. XIII əsrdə monqolların törətdiyi vəhşiliklərə heyrətlənən, bu gün isə dünyaya "ağıl dərsi" verməyə çalışanlar sadəcə susdular, sanki bu vandalizmlə razılaşdılar. Nəticədə Ağdam Qafqazın Xirosimasına çevrildi. Hər daşı fəryad edən bu torpaq, Cümə məscidi, Şahbulaq qalası kimi müqəddəs abidələr üzərində törədilən amansız terrorun qanı ilə yazılan bir dastan yaşadı. 128 min insanın göz yaşları ilə qovulduğu ata-baba yurdları 6 mindən çox şəhidin qanı ilə sulandı. Bu 6 min şəhidin sırasında Azərbaycanın bütün bölgələrindən oğullar varıdı. Onlar hamısı Ağdam uğrunda döyüşdü, şəhid oldu. Lakin ədalət gec də olsa, yerini tapdı. 2020-ci ilin payızı zülmət qaranlıqlarda işığa doğru mübarizə kimi tarixə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zülməti yararaq bu torpaqlara Zəfər nuru daşıdı. Savaşsız, qansız, sadəcə Qələbənin gücü ilə! 20 Noyabr 2020-ci ildə üçrəngli bayrağımız zəfər marşı ilə bu torpağa qayıtdı. Həmin gün əbədi bir dönüşün başlanğıcı, minlərlə hərbi qulluqçunun döşünə taxılan “Ağdamın azad olunmasına görə” medalı isə bu qürurun daşıyıcısı oldu. Ağdam bu gün bir xarabalıq deyil, dirçəlişin simvoludur! Bu gün Ağdamda, eləcə də bütün Qarabağda gedən proseslər bu torpağın əsil sahiblərinin kim olduğunu sübut etməklə yanaşı, Azərbaycan xalqının misilsiz quruculuq əzmini də göstərir. Şəhər səs-küyə, tikinti gurultusuna bürünüb. Cümə məscidinin bərpası tamamlanıb, minarələrindən yenidən azan səsi yüksəlir. Cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən misilsiz quruculuq işləri hər təməl daşında gələcəyə atılan möhkəm addımdır: Bərdədən uzanan avtomobil yolları, Sənaye Parkının təməli, "İmarət" Kompleksinin bərpası... Ağdamlılar köçkünlük taleyinə son qoyaraq, işıqlı və ağ evlərinə dönməyə hazırlaşırlar. Ağdam Şəhəri Günü təkcə bir təqvim qeydi deyil. Bu, Vətən sevgisinin, qətiyyətin və dövlətin qüdrətinin təcəssümüdür. Ağdamın yenidən qurulması missiyası, Cənab Prezident İlham Əliyevin dağıntıların üzərində gələcək nəsillər üçün yeni bir həyat qurmaq andı və sarsılmaz iradəsidir. O, hər təməl daşı ilə şəhidlərimizin ruhuna hörmət əlamətini qoyur, doğma ocaqlara qayıdışın təkcə coğrafi deyil, həm də mənəvi bir zəfər olduğunu bütün dünyaya nümayiş etdirir. Ağdam, nəhayət ki, öz Ağ Gününə qovuşur və Qarabağın mərkəzində yenidən parlayacaq! Geri dön |