Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: "Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi"

Tamam Cəfərova: "Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi"


Bu gün, 12:25. Yazar: azer
Tamam Cəfərova: "Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi"

“Azərbaycan xalqı böyük sevinc və fərəh hissi ilə Ağdam rayonunun işğaldan azad olunmasının beşinci ildönümünü qeyd edir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən 20 Noyabr-Ağdam şəhər günüdür. Hamıya məlum olduğu kimi, Ağdam rayonunun hərbi-siyasi yolla işğaldan azad olunması beş il öncə imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanatın şərtlərinə əsasən 2020-ci ilin noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bununla da, Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi”.

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Ağdamın işğal tarixini xatırladan millət vəkili Tamam Cəfərova qeyd edib ki, Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Qeyd etmək lazımdır ki, Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.Əgər Ermənistan iradə göstərsəydi və beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, yəni beynəlxalq hüquqa hörmət etsəydi problem çoxdan həllini tapardı. Çox təəssüf ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar kağız üzərində qaldı. Şübhəsiz ki, ötən dövr ərzində məsələnin sülh yolu ilə həll olunmamasının birinci səbəbi Ermənistanın destruktiv siyasəti idisə, ikinci səbəb isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmaması idi. Beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlar nəticəsində Azərbaycan tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməklə kobud şəkildə pozulmuş beynəlxalq hüququ və ədaləti bərpa etmiş oldu.

Həmçinin, T.Cəfərova qeyd edib ki, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. İşğalçı Ermənistanın vandal siyasətinin nəticəsidir ki, Ağdamın Xrosimadan heç bir fərqi qalmamışdır. Hətda, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.

Şübhəsiz ki, Ağdam və işğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat qayıdacaq. Cənab Prezident Ağdam şəhərinin bərpa edilməsi haqqında çıxışlarından birində belə deyib: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Əlbəttə, Ağdam özünün əvvəlki şöhrətini bərpa edəcək. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdama səfərlərini xüsusi vurğulayan millət vəkili T. Cəfərova bildirib ki, cənab Prezident ötən beş ildə Ağdam rayonuna dəfələrlə səfər etmiş və bu səfərlərin hər biri mühüm infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimləri ilə yadda qalmışdır. Əminliklə deyə bilərik ki, tezliklə Ağdam rayonu özünün əvvəlki şöhrətini bərpa edəcək və Qarabağ iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək. Bir daha Ağdam rayonunun işğaldan azad olunmasının beşinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm.
Geri dön