Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”
Novruzəli Aslanov: “1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”Bu gün, 12:46. Yazar: azer |
![]() “Yeni Azərbaycan Partiyası dövlətin və cəmiyyətin inkişafı naminə hər zaman ölkədə sağlam əməkdaşlıq mühitini təşviq edir. Bu gün açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsi kimi çıxış edir. Bu istiqamət YAP-ın fəaliyyətində partiyanın yarandığı ilk gündən əsas prioritetlərdən biri olmuşdur. Məlum olduğu kimi, 1980-ci illərin sonlarında Azərbaycanda getdikcə daha böyük vüsət alan xalq hərəkatının fonunda yaradılmış müxtəlif siyasi partiya və təşkilatların heç biri nə xalqı, nə də ölkəni düşdüyü ağır iqtisadi-siyasi böhrandan qurtarmaq iqtidarında deyildi. Məhz belə bir dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi, Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Millət vəkili xüsusi olaraq qeyd edib ki, 33 il bundan öncə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi: “Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda, ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Çünki xalqı səfalətdən, ölkəni isə parçalanmaqdan qurtaracaq bir siyasi qüvvənin meydana çıxması artıq dövlətin mövcudiyyətinin təmin olunması baxımından da bir zərurətə çevrilmişdi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildilər. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Bundan sonra partiyamızın fəaliyyətində yeni, daha dinamik və müasir dövrün tələblərinə uyğun qərarların qəbul edilməsi baxımından daha effektiv dövr başladı. 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq edilmişdir. Hazırda güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Partiyamızın beynəlxalq müstəvidə fəal mövqeyi və qlobal təşəbbüsləri Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |