Ana Sayfa > Siyasət > Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır.

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır.


Bu gün, 11:47. Yazar: azer
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər tarixi Zəfərimiz və suverenliyimizin tam bərpasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə və noyabrın 15-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı bu reallığın bariz təsdiqidir. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında keçirilən təkbətək görüşdə Azərbaycan–Özbəkistan münasibətlərinin müttəfiqlik və strateji tərəfdaşlıq əsasında uğurla inkişaf etdiyi xüsusi vurğulandı. Qarşılıqlı səfərlərin intensivliyi və yüksəksəviyyəli siyasi dialoq bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı bildirildi. Dövlət başçıları həm ikitərəfli münasibətlərin perspektivlərini, həm də regional əməkdaşlıq gündəliyini ətraflı müzakirə etdilər. Prezident İlham Əliyev səfər çərçivəsində Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi ilə də tanış oldu. O, Mərkəzi Asiya Məşvərət Görüşündə çıxışı zamanı bu mərkəzin Özbəkistan Prezidentinin İslam mədəni irsinə sədaqətinin, tarixi-mənəvi dəyərlərin qorunmasına verdiyi yüksək önəmin növbəti nümunəsi olduğunu qeyd etdi. Dövlət başçısı bildirdi ki, bu gün bir sıra ölkələrdə İslama qarşı hücumların artması fonunda islamofobiyanın sistemli xarakter aldığı bir vaxtda belə bir mərkəzin yaradılması dünya ictimaiyyətinə İslam dininin quruculuq, dözümlülük və humanizm dəyərlərini nümayiş etdirir. Məşhur İslam alimlərinin elm və mədəniyyətə verdiyi töhfələr də məhz bu mərkəzdə əyani şəkildə təqdim olunur. Prezident İlham Əliyev müsahibə və çıxışlarında vurğuladı ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığı şərtləndirən başlıca amillər ortaq tarix, mədəniyyət, din, mənəvi dəyərlər, adət-ənənələrdir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın inkişafına xüsusi önəm verir. Son illərdə qarşılıqlı səfərlərin intensivliyi bunun aydın göstəricisidir: son üç ildə Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 14, həmin ölkələrin dövlət başçıları isə Azərbaycana 23 səfər həyata keçiriblər. Azərbaycan bir çox Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq sənədləri, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında razılaşmalar imzalayıb. Mədəniyyət günləri, sərgilər və humanitar layihələr xalqlarımız arasında yaxınlığı daha da artırır, qarşılıqlı etimadı gücləndirir. Bu gün fəal siyasi dialoq və sıx iqtisadi əməkdaşlıq nəticəsində Azərbaycan və Mərkəzi Asiya ölkələri qlobal miqyasda nüfuzu artan vahid geosiyasi və geoiqtisadi məkana çevrilməkdədir. Bu birlik və həmrəylik işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də özünü göstərir. Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilir. Artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir – bu, özbək, qazax və qırğız xalqlarının qardaşlıq hədiyyələridir. Oktyabr ayında Füzulidə Türkmənistanın dəstəyini simvolizə edən məscidin təməli qoyuldu. Prezident İlham Əliyev Mərkəzi Asiya Məşvərət Görüşündə qeyd etdi ki, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında strateji nəqliyyat körpüsünə çevrilib. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi yükdaşımaların həcmini artırır, iqtisadi dayanıqlılığı gücləndirir, beynəlxalq bazarlarda əməkdaşlığı genişləndirir. Görüş çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması haqqında tarixi qərar qəbul olundu. Bu, Azərbaycanı Mərkəzi Asiyanın ayrılmaz tərkib hissəsi və vahid əməkdaşlıq formatının tam hüquqlu üzvü kimi təsdiqləyir. Prezident İlham Əliyev vurğuladı ki, bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini daha da gücləndirəcək, geniş coğrafiyada siyasi və iqtisadi əməkdaşlığı yeni səviyyəyə daşıyacaq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu günü “qardaş xalqlar üçün tarixi an” adlandırdı və bildirdi ki, Azərbaycanın iştirakı ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha güclü körpü qurulacaq, vahid əməkdaşlıq məkanı formalaşacaq. Digər dövlət başçıları da Azərbaycanla əməkdaşlığın formatı daha da gücləndirəcəyini, tranzit, logistika və enerji sahələrində yeni geniş imkanlar açacağını qeyd etdilər.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön