Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir”

Novruzəli Aslanov: “Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir”


Bu gün, 10:18. Yazar: azer
Novruzəli Aslanov: “Ağdam  yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir”

“1993-cü ilin 23 iyulunda ərazisinin 73 faizi işğal olunmuş Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi erməni qəsbkarlarının əlinə keçmiş. İşğal nəticəsində bu rayondan 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. Qeyd olunmalıdır ki, işğal dövründə erməni vandallığına ən çox məruz qalan böləgələrimizdən biri də məhz Ağdam rayonu olmuşdur. Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək məqsədilə qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində xaricdən gətirilmiş 360 nəfər etnik ermənini qanunsuz olaraq məskunlaşdırmışdılar. Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir.”

Bu fikirləri 20 noyabr Ağdam şəhəri günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Millət vəkili xüsusi olaraq qeyd edib ki, ölkəmizə qarşı törədilən bütün haqsızlıqlara, yaradılan əngəllərə rəğmən Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanmağa müvəffəq olub: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi son dərəcə uğurlu hərbi və siyasi-diplomatik strategiyanın nəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ savaşında hər iki müstəvidə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, cənab Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsində Azərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı min nəfərə yaxın hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Bu gün Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Möhtərəm dövlət başçımızın dediyi kimi, indi Ağdam üçün yeni dövr başlayıb və bu dövr işğaldan azad olunmuş bütün bölgələrimizin möhtəşəm inkişafı ilə səciyyələnir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön