Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası dünənin məsuliyyəti, bu günün gücü, gələcəyin zəmanətidir
Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası dünənin məsuliyyəti, bu günün gücü, gələcəyin zəmanətidirBu gün, 10:14. Yazar: azer |
![]() Ulu Öndər Heydər Əliyev demişdir: "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır." 1990-cı illərin əvvəlləri Azərbaycanın dövlətçilik tarixində ən mürəkkəb dövrlərdən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə ciddi siyasi böhran, hakimiyyət boşluğu, separatizm meyilləri və sosial-iqtisadi xaos şəraitində idi. Belə bir zamanda Azərbaycan ziyalıları, dövlətin gələcəyini düşünən insanlar ölkəni bu labirintdən çıxara biləcək yeni siyasi qüvvənin formalaşmasına ehtiyac duydu. Məhz bu zərurətdən Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ideyası meydana çıxdı. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu ideyanın təməlində xalqın etimadını qazanmış, dövlətçilik təcrübəsi ilə seçilən Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti dayanırdı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd həmin dövrdə həm tarixi məsuliyyətin, həm də xalq iradəsinin təcəssümü idi. 91 görkəmli ziyalının imzaladığı müraciət, əslində, bütöv bir millətin ümidi və istəklərinin ifadəsi idi. Ulu Öndər Heydər Əliyev bu müraciətə cavabında qeyd etmişdi: “Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil dövlətin möhkəmləndirilməsində tarixi rol oynaya bilər.” Bu cavab təkcə bir məktub deyildi – bu, dövlətin gələcək siyasi sisteminin əsas konsepsiyası idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupu Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi. Bu konfrans, sözün əsl mənasında, Azərbaycanın siyasi taleyində dönüş nöqtəsi oldu. Konfransda partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bununla da, müstəqil Azərbaycanın gələcək siyasi sabitliyini və inkişafını təmin edən yeni bir mərhələ başlandı. Ulu Öndər Heydər Əliyev YAP-ın yaranmasını yalnız bir partiyanın formalaşması kimi deyil, dövlətin xilası missiyası kimi qiymətləndirirdi. O, bildirirdi ki: “Yeni Azərbaycan Partiyası xalqın iradəsindən, milli birliyin təməlindən doğub. O, dünənin, bu günün və sabahın partiyasıdır.” Ulu Öndərin rəhbərliyi altında qısa zaman kəsiyində YAP cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Partiya xalqın etimadını qazandı, milli həmrəyliyin, siyasi sabitliyin və demokratik inkişafın təminatçısına çevrildi. Ulu Öndər Heydər Əliyev üçün YAP sadəcə bir siyasi təşkilat deyildi, o, xalqla dövlət arasında körpü funksiyasını yerinə yetirən milli institut idi. Bu partiyanın əsas sütunlarını xalqın birliyi, dövlətçiliyə sədaqət, qanunun aliliyi və azərbaycançılıq ideyası təşkil edirdi. YAP-ın fəaliyyəti nəticəsində ölkədə demokratik siyasi mədəniyyətin yeni səhifəsi açıldı. Müxalifət partiyası kimi yaranmasına baxmayaraq, YAP heç vaxt destruktiv mövqe tutmadı, əksinə, milli maraqları önə çəkərək dövlətçiliyin qorunmasına xidmət etdi. Bu, partiyanın siyasi mədəniyyətinin əsas fərqləndirici cəhəti oldu. Millət vəkili bildirib ki, 2003-cü ildən etibarən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rəhbəri kimi bu ideoloji xətti yeni mərhələyə daşıdı. 2005-ci ildə keçirilmiş III Qurultayda cənab Prezident İlham Əliyev partiyanın sədri seçildi və bu, YAP tarixində varisliyin və siyasi sabitliyin rəmzinə çevrildi. Cənab Prezident İlham Əliyev YAP-ın müasir dövrdə oynadığı rolu belə ifadə etmişdir: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamız bundan sonra da bütün ölkədə gedən proseslərin mərkəzində olacaq.” Hazırda YAP 730 mindən çox üzvü ilə regionun ən böyük və nüfuzlu siyasi təşkilatıdır. Bu fakt partiyanın ideoloji gücünün, xalqla birliyinin və dövlət siyasətindəki sabit yerinin göstəricisidir. 2021-ci il 5 mart tarixində keçirilən YAP-ın VII Qurultayı partiyanın inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. Qurultayda qəbul edilən qərarlarla partiyanın yeni Nizamnaməsi təsdiqləndi, struktur yeniləndi, İdarə Heyəti və Veteranlar Şurası formalaşdırıldı. Həmin tarixdə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Bu addım həm qadınların siyasi fəallığının artmasına, həm də dövlət siyasətində gender balansının təmininə mühüm töhfə oldu. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal, intellektual və vətənpərvər obrazı formalaşdı. VII Qurultay, həmçinin, partiyanın müasir çağırışlara uyğun ideoloji xəttini müəyyənləşdirdi: siyasi dialoqun dərinləşdirilməsi, cəmiyyətin bütün təbəqələrinin qərarvermə proseslərinə cəlb olunması və milli həmrəyliyin yeni mərhələsi kimi hədəflər önə çəkildi. 2021-ci ilin dekabrında YAP-ın yeni Proqramı təsdiqləndi. Beş fəsildən ibarət bu sənəd partiyanın gələcək inkişaf strategiyasını, siyasi dəyərlərini və prinsiplərini müəyyənləşdirdi. Proqramın əsasını təşkil edən 10 strateji istiqamət – Ulu Öndər Heydər Əliyev yolu, müstəqillik, dövlətçilik, azərbaycançılıq, qanunun aliliyi, varislik, sosial ədalət, multikulturalizm və demokratik ənənələr – həm milli, həm də qlobal kontekstdə YAP-ın ideoloji xəritəsini müəyyən edir. Bu prinsiplər əsasında formalaşmış 11 strateji hədəf – güclü iqtisadiyyat, inklüziv cəmiyyət, şəffaflıq, milli maraqlar, ordu quruculuğu və Böyük Qayıdış – Azərbaycanın gələcəyini müəyyən edən dövlət strategiyasına çevrilib. Cənab Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri bu gün YAP siyasətinin fəlsəfi mahiyyətini ifadə edir. Yeni Azərbaycan Partiyası iqtidar-xalq münasibətlərinin təkmilləşdirilməsində, siyasi dialoqun inkişafında və cəmiyyətin müxtəlif qüvvələrinin bir platformada birləşməsində stimullaşdırıcı qüvvə rolunu oynayır. Bu, Azərbaycan siyasi sistemində milli həmrəyliyin yeni modelini yaratmışdır. YAP artıq təkcə bir partiya deyil, milli dövlətçilik ideologiyasının daşıyıcısıdır. Bu gün Yeni Azərbaycan Partiyası, Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi məktəbin və cənab Prezident İlham Əliyevin liderliyində formalaşan müasir dövlətçilik modelinin birgə təcəssümüdür. YAP həm sabitliyin təminatçısı, həm milli ideyanın daşıyıcısı, həm də Azərbaycanın gələcək inkişafının mühərriki kimi çıxış edir. Tarixi məsuliyyətin, milli iradənin və siyasi uzaqgörənliyin rəmzi olan bu partiya öz ideyalarına sadiq qalaraq ölkəni yeni zirvələrə aparmaqda davam edir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb. Geri dön |