Ana Sayfa > Manşet / Siyasət > Ağdam Şəhəri Günü həm də dünyəvi dövlətçiliyə ehtiram günüdür

Ağdam Şəhəri Günü həm də dünyəvi dövlətçiliyə ehtiram günüdür


Dünən, 20:47. Yazar: azer
Ağdam Şəhəri Günü həm də dünyəvi dövlətçiliyə ehtiram günüdür

Ermənistan Azərbaycandan ərazi iddiasının ilk mitinqlərinə Ağdam barmaq qıcadı. O illərdə Ağdamın nüfuzu (həm güc kimi, həm də monolitliyin simvolu kimi) ermənilərin ən çox çəkindiyi səksəkə idi. Ermənilərin mitinqini dağıtmaq üçün Xankəndinə Ağdamdan minlər yol almışdı. Erməni xəyanəti bu yürüşün qarşısını silahla almışdı...

Ermənistan silahlı qüvvələrinin hissələri Ağdama da həmlələr, hücumlar edirdi. Ağdamı əhali və ərazi özünümüdafiə taborları qoruyurdu...

1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizi işğal olundu. Rayon mərkəzi və 90 kəndin işğalından sonra 128 min insan köçkün Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdı.

Ağdam rayonunun 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu erməni işğalının subyekti oldu. Ermənistanın elan etmədən başladığı müahribədə 6 mindən artıq döyüşçü və mülki vətəndaş şəhid oldu, minlərlə insan yaralandı...
BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli “işğalçı qüvvələrin Ağdam rayonundan və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması”nı tələb edən 853 saylı qətnamə yerinə yetirilmədi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pisləsə də”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etsə də” nəticə olmadı...

İkinci Qarabağ müahribəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu bəyanat qalibi, məğlubu müəyyənləşdirdi. Dünya ictimaiyyəti bu bəyanatın bəyanını haqqın, ədalətin təntənəsi bildi. Bəyanata əsasən Ermənistanın silahlı qüvvələrinin hissələri və Ermənistana tabe olan silahlı dəstələr Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz tərk etməli idi. Bu qərara əsasən Ermənistan Ağdamı 2020-ci il noyabrın 20-də tərk etdi.

Tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi...
Düşmən işğal etdiyi digər rayonlarda da böyük dağıntılar törətmişdi. Ancaq Ağdamda əsl ermənilik törədilmişdi. Bu səbəbdən xarici siyasətçilər Ağdamı “Qafqazın Xirosiması” adlandırıb.
T
arixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Bu proses Ağdam rayonunda da böyük məsuliyyətlə yerinə yetirilməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir.
Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.
Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ağdam Sənaye Parkı ölkədə ikinci ən böyük sənaye parkıdır. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir.

Ermənistanın elan etmədən başladığı müharibəyə qədər Ağdam Azərbaycan musiqisinin, bu baxımdan muğamlarımızın inkişaf, formalaşma mərkəzlərindən biri idi. Ağdamda keçirilmiş “Xarı Bülübül festivalı” bu gün da yaddaşlardadı və tarix bu festivalın işığında neçə-neçə tədbir izləyib. Müharibədə muğamlarımızın da inkişafına ermənilik daşları atıldı. Lakin tarixi Zəfərdən sonra bu sahədə də quruculuq işləri həyata keçirildi, Ağdamda Muğam Mərkəzi yaradıldı. Ağdam Muğam Mərkəzi 2025-ci il mayın 10-da açılmışdır. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan sonra Ağdama səfərlərində quruculuq prosesinin istər dinamikasının, istərsə də miqyasının genişlənməsini təmin edirdi.

2020-ci il noyabrın 23-də Ağdam şəhərində Dövlət Bayrağı ucaldıldı, 2021-ci il mayın 28-də Ağdam şəhərində ilk yaşayış binasının təməli qoyuldu, 2022-ci il fevralın 13-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu. 2023-cü il dekabrın 24-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı oldu, 2025-ci il fevralın 18-də Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı oldu, ...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni vəhşiyinin belə ifadə edib: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə noyabrın 19-u Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu, şəhərə də ehtiramdır, Azərbaycana da, Azərbaycanın timsalında dünyəvi dövlətçiliyə də...
20 noyabr Ağdam Şəhəri Günüdür...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Geri dön