Ana Sayfa > Siyasət > Yeni Azərbaycan Partiyası xalqın sabit inam ünvanıdır

Yeni Azərbaycan Partiyası xalqın sabit inam ünvanıdır


Bu gün, 18:33. Yazar: azer
Yeni Azərbaycan Partiyası  xalqın sabit inam ünvanıdır

Azərbaycanın müasir siyasi tarixində 1992-ci ilin noyabrında baş verən siyasi hadisə yalnız bir partiyanın yaranması ilə bağlı deyildi. O gün – noyabrın 21-i, əslində, müstəqil dövlətçiliyimizin xilası və gələcək inkişaf yolunun başlanğıcı idi. Yeni Azərbaycan Partiyasının (YAP) yaranması, xalqın parçalanmaq təhlükəsi qarşısında birləşdiyi, milli düşüncənin yenidən dirçəldiyi, siyasi iradənin dövlət məsuliyyəti ilə qovuşduğu tarixi dönüş nöqtəsi oldu. Bu partiya əslində tarixi zərurətdən doğan siyasi iradənin gücündən yarandı. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün ən çətin dövrlərdən idi. Müstəqilliyini yenicə bərpa etmiş dövlət dərin böhran içində idi: ölkədə hakimiyyət zəif, iqtisadiyyat iflic, ərazi bütövlüyü isə təhlükə altındaydı. Dövlət idarəçiliyində xaos, siyasi qütbləşmə və vətəndaş qarşıdurması ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir tarixi məqamda xalqın çağırışına səs verən, ölkənin xilası naminə məsuliyyəti öz üzərinə götürən şəxs yalnız Ulu Öndər Heydər Əliyev ola bilərdi. 91 ziyalının tarixi müraciəti, xalqın qəti iradəsi və dövlətin sabit gələcəyi naminə yaranan Yeni Azərbaycan Partiyası, məhz bu mürəkkəb vəziyyətdən çıxışın ideoloji təməlini qoydu. Ulu Öndər sonralar bu tarixi hadisəni belə xarakterizə etmişdi: “Yeni Azərbaycan Partiyası xalqın iradəsindən doğdu, millətin xilası üçün yaranmış bir hərəkat idi. Bu partiyanın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onun sabahını təmin etmək idi.” Bu fikir əslində, partiyanın fəlsəfəsini, ideoloji mahiyyətini və gələcək missiyasını müəyyənləşdirirdi.

Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını siyasi sistemə çevirdi. Bu partiya yalnız bir siyasi təşkilat kimi yox, milli liderlik məktəbi, idarəetmədə məsuliyyət və peşəkarlığın mərkəzi kimi formalaşdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP Azərbaycanın siyasi sabitliyinin əsas dayağına çevrildi. O, parçalanmış cəmiyyətin birliyini təmin etdi, dövlətin dayaqlarını möhkəmləndirdi, xalqın dövlətə inamını bərpa etdi. Partiyanın ideoloji prinsipləri — vətənə sədaqət, dövlətçiliyə sadiqlik, milli həmrəylik və inkişaf — ölkənin bütün siyasi və sosial həyatının əsasına çevrildi. Bu dövrdən etibarən Azərbaycan siyasətində YAP xətti – yəni milli maraqlara əsaslanan, sabitliyi prioritet sayan və dövlət suverenliyini hər şeydən üstün tutan kurs formalaşdı. 2003-cü ildə xalqın iradəsi ilə Prezident seçilən cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyev siyasətini yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirdi. Onun rəhbərliyi ilə YAP təkcə siyasi təşkilat deyil, dövlətin strateji idarəetmə mərkəzi kimi fəaliyyət göstərməyə başladı. Bu mərhələ YAP-ın fəaliyyətində yeni keyfiyyət mərhələsi idi. Cənab Prezident İlham Əliyevin “İslahat, inkişaf və ədalət” konsepsiyası çərçivəsində partiya ölkədə bütün islahatların təşəbbüskarı və icraçısı kimi çıxış etdi. İqtisadi yüksəliş, infrastruktur quruculuğu, beynəlxalq layihələrdə lider mövqelər, güclü ordu siyasəti – bütün bu nailiyyətlər YAP-ın siyasi kursunun praktik nəticələridir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Yeni Azərbaycan Partiyası Azərbaycanın dayanıqlı inkişafının və müasir dövlətçiliyinin aparıcı siyasi qüvvəsidir.” Bu gün YAP artıq siyasi təşkilatdan çox, idarəetmə fəlsəfəsidir – xalqla dövlət arasında bir körpü, həm də dövlətin sabitlik sütunudur. Yeni Azərbaycan Partiyası artıq 30 ildən çoxdur ki, ölkənin ictimai-siyasi həyatında aparıcı mövqedədir. Hər bir seçkidə xalqın sarsılmaz etimadı, ardıcıl siyasi qələbələr, dövlət idarəçiliyində balansın və peşəkarlığın qorunması YAP-ın uğurlu liderlik modelini təsdiqləyir. Bu gün partiyanın sıralarında 700 mindən çox üzvün birləşməsi, onun ideyalarının təkcə siyasi çevrələrdə deyil, cəmiyyətin bütün təbəqələrində dəstəkləndiyini göstərir. YAP-ın gücü yalnız sayda deyil, keyfiyyətdə – milli düşüncə tərzinin daşıyıcısı olan, vətənə xidmət edən insanların birliyindədir. Partiyanın “Güclü dövlət – güclü vətəndaş” prinsipi real siyasi praktikaya çevrilib. YAP bu gün həm də gəncliyin siyasi məktəbi, dövlətə xidmət missiyasının daşıyıcısıdır. Onun Gənclər Birliyi, Qadınlar Şurası, regional təşkilatları ölkə siyasətinin əsas dayaqlarından biri kimi formalaşmışdır. YAP-ın dövlət idarəçiliyindəki rolu yalnız daxili siyasətlə məhdudlaşmır. 2020-ci ilin payızında xalqın tarixi ədalətini bərpa edən 44 günlük Vətən müharibəsində, partiyanın ideoloji xətti milli birliyin qorunmasında mühüm rol oynadı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər, YAP siyasətinin zirvə nəticəsi, Ulu Öndər Heydər Əliyev yolunun parlaq təsdiqi oldu. Bu gün postmüharibə dövründə – Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi, regionda yeni geosiyasi reallığın yaradılması – hamısı Yeni Azərbaycan Partiyasının siyasi xəttinin davamıdır. Bu gün YAP Azərbaycan dövlətçiliyinin ideoloji mərkəzi, xalqın milli həmrəyliyinin dayağı, müstəqil siyasətin simvoludur. Partiya dövlətin gücünü xalqın iradəsindən alır, onun məqsədi təkcə bu günü idarə etmək deyil, gələcək nəsillərə suveren, müasir və rifah içində Azərbaycan miras qoymaqdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya özünü daim yeniləyir, gəncləşir, müasir siyasi kommunikasiya vasitələri ilə xalqla ünsiyyət qurur. Bu da YAP-ı zamanla ayaqlaşan, gələcəyi yönləndirən siyasi gücə çevirir.

Yeni Azərbaycan Partiyasının təsisindən keçən illər göstərdi ki, dövlətçilik ideyası, milli həmrəylik və vətənə sədaqət üzərində qurulan siyasi yol əbədidir. Ulu Öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin zirvəyə daşıdığı bu siyasi irs bu gün də Azərbaycanı sabitlik, inkişaf və Zəfər məntiqi ilə idarə edir. YAP xalqın inamını dövlətin gücünə çevirən, milli iradəni siyasi strategiyaya dönüştürən, suverenliyimizin əbədi rəmzidir.


David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Geri dön