Ana Sayfa > Siyasət > Ağdamın Zəfərdən Qayıdışa tarixi yazılır

Ağdamın Zəfərdən Qayıdışa tarixi yazılır


Bu gün, 15:56. Yazar: azer
Ağdamın Zəfərdən Qayıdışa tarixi yazılır

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu bəyanat 20 noyabr – Ağdam Şəhəri Gününün əsas ideoloji zəminini təşkil edir. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu gün, Qarabağın mərkəzində yerləşən qədim şəhərin intibahının simvoludur.

Sahəsi 1094 kv. km olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Arxeoloji tədqiqatlar rayon ərazisində 6-8 min il əvvələ, yəni Eneolit dövrünə aid qədim insanların məskənlərinin olduğunu sübut edir. Tapılan taxıl və üzüm dənələri bu ərazinin yüksək əkinçilik mədəniyyətinə malik olduğunu göstərir. Tədqiqatlar Üzərriktəpəni Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri kimi müəyyən edir. Rayonun etimologiyası qədim türk dilində “kiçik qala” mənasını verir, eyni zamanda Qarabağlı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarətlə əlaqədar olaraq “günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev” kimi də izah olunur.
Lakin bu zəngin tarix 1993-cü il 23 iyulda Ağdam ərazisinin 73 faizinin, rayon mərkəzi ilə birlikdə 90 kəndin işğalı ilə qəddarcasına dayandırıldı. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşamağına səbəb oldu, 6 mindən çox insan şəhid oldu. Ermənistanın müharibə cinayətləri nəticəsində 38 kolxoz, 12 sənaye obyekti, 74 məktəb, bütün dünyada yeganə olan Çörək muzeyi, mədəniyyət və dini abidələr tamamilə dağıdılaraq Ağdamı Qafqazın Xirosimasına çevirdi. İşğalçı Ermənistan Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq coğrafi adların dəyişdirilməsi, mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi.

İşğal faktına cavab olaraq, BMT Təhlükəsizlik Şurası 29 iyul 1993-cü ildə 853 saylı qətnaməni qəbul edərək "işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını" tələb etdi. Lakin Ermənistan beynəlxalq hüquqa məhəl qoymadı.
Nəhayət, Vətən müharibəsində əldə olunan tarixi Qələbə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə Ağdamın işğalına son qoydu. Bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğal olunmuş əraziləri döyüşsüz, insan tələfatı olmadan Azərbaycana təhvil verildi. Bu şanlı Zəfərin əbədiləşdirilməsi məqsədilə 26 noyabr 2020-ci ildə "Ağdamın azad olunmasına görə" medalı təsis edildi və Müzəffər Ali Baş Komandanın sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif olundu.
Bu gün Ağdamın bərpası Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihədir. 2021-ci il 28 may tarixində təqdim olunan Baş Plan əsasında şəhərin özündə 5 məhəllənin yaradılması nəzərdə tutulub və artıq 2-ci məhəllədə 66 binanın tikintisinə başlanılıb. Hazırda Kəngərli, Xıdırlı, Sarıcalı kimi kəndlərdə bərpa-quruculuq işləri davam edir və şəhərə ilk köçün 2025-ci ilin payızında planlaşdırıldığı bildirilir.

Cənab Prezident İlham Əliyevin 2020-ci ilin noyabrından etibarən Ağdama etdiyi çoxsaylı səfərlər zamanı bir çox əsaslı infrastruktur layihəsinin təməli qoyulub və açılışları həyata keçirilib:
Bunlara Bərdə-Ağdam və Ağdam-Füzuli avtomobil yolları, 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası, Ağdam Sənaye Parkı, Zəfər və İşğal muzeyləri, 210 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət Kompleksi, Ağdam Cümə məscidi, Şahbulaq qalası, Dəmir yolu və Avtovağzal Kompleksi, eləcə də bir neçə yaşayış məhəlləsinin və kəndin (o cümlədən Eyvazxanbəyli, Xıdırlı, Kəngərli, Sarıcalı, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Baş Qərvənd, Salahlı Kəngərli) təməlqoyma mərasimləri daxildir. 2024-cü ilin aprelində Ağdam Cümə məscidinin bərpadan sonra açılışı baş tutmuşdur.

Bütün bu işlər Ağdamın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edərək Qarabağın iqtisadi və mədəni mərkəzlərindən birinə çevriləcəyinə zəmanət verir. Ağdam Şəhəri Günü təkcə keçmişi xatırlatmaq yox, həm də dövlətimizin quruculuq əzminin, iradəsinin və Böyük Qayıdış siyasətinin təzahürüdür.

İlqar Kərimov
YAP Tovuz Rayon Təşkilatının sədri

Geri dön