Ana Sayfa > Karusel / Manşet / Gündəm / Özəl / Siyasət / Seçilənlər-9 > Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni mərhələdə
Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni mərhələdəBu gün, 16:28. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə, xüsusilə də qardaş Özbəkistanla münasibətlərinin hazırkı yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi sənəd kimi dəyərləndirilir. Dövlət başçısı müsahibəsində ilk növbədə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vahid tarixi, mədəni və geosiyasi məkanı formalaşdırdığını xüsusi vurğulayır. İlk baxışda coğrafi sərhəd kimi görünən Xəzər dənizinin əslində mühüm birləşdirici amil olduğunu bildirən Prezident İlham Əliyev qeyd edir: “Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.” Cənab Prezident Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı bu strateji birliyə verilən dəyərin göstəricisidir. Təkcə coğrafiyanın deyil, həm də ortaq köklərin, dini və mənəvi dəyərlərin, zəngin adət-ənənələrin bu əlaqələrin möhkəm təməli olduğu bəyan edilir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri ikitərəfli əsasda strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Bu əməkdaşlığın uğrunda yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikası həlledici rol oynayır. Son üç ildə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana 30-a yaxın, cənab Prezident İlham Əliyevin isə qardaş ölkələrə 13 səfəri münasibətlərin yüksək inam səviyyəsini əyani şəkildə nümayiş etdirir. Ölkəmizin başçısı Özbəkistan ilə münasibətlərdə ən yüksək səviyyənin – müttəfiqliyin əldə olunmasını qeyd edərək, bu uğurda Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aralarında yaranmış şəxsi etimad və dostluq münasibətlərini xüsusi qeyd edir: “Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir.” İki ölkə lideri arasında son bir il yarım ərzində baş tutan beş səfər, o cümlədən müttəfiqlik münasibətləri haqqında müqavilə kimi mühüm sənədin imzalanması bunun əyani sübutudur. 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura isə münasibətlərin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır. Müsahibədə Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləməsi yüksək qiymətləndirilir. Cənab Prezident bu mənada qardaş ölkəyə dərin minnətdarlığını ifadə edir: “Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.” Azad edilmiş Füzulidə Mirzə Uluqbəyin adını daşıyan məktəbin tikintisi bu həmrəyliyin bariz nümunəsidir. İqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur. Əmtəə dövriyyəsinin sürətlə artması (2025-ci ilin ilk 9 ayında 319 milyon ABŞ dolları) və ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirak əsas prioritetdir. Bu sahədə tranzit daşımaların həcmi ardıcıl olaraq artır. Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin qlobal nəqliyyat və logistika qovşağı rolunu gücləndirən amillərdir. Həmçinin Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək mühüm layihə kimi qeyd olunur. Həmçinin energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da perspektivli sahələrdir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvləri kimi türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Mədəni və humanitar əməkdaşlıq xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Müxtəlif illərdə keçirilmiş Mədəniyyət Günləri, Şuşa-Xivə, İsmayıllı-Riştan kimi qardaşlaşmış şəhərlər arasında əlaqələr bu sıx münasibətlərin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyev bu əlaqələrin vacibliyini belə yekunlaşdırır: “Bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.” Sonda qeyd edək ki, cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik çərçivəsində, Orta Dəhlizin geosiyasi əhəmiyyəti fonunda, bütün sahələrdə uğurla inkişaf etdiyini, həm ikitərəfli, həm də Türk Birliyi platformasında region üçün yeni inteqrasiya və inkişaf perspektivləri açdığını bir daha təsdiq edir. Geri dön |