Ana Sayfa > Siyasət > Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir


Bu gün, 16:04. Yazar: azer
Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

Jurnalistin “Hörmətli cənab Prezident, Siz Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı səfərlərin intensivliyini, fəal siyasi dialoqu və yüksəksəviyyəli qarşılıqlı anlaşmanı vurğuladınız. Diqqət yetirdik ki, son bir il yarım ərzində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana beş dəfə səfər edib. Bundan başqa, Siz il ərzində müxtəlif beynəlxalq məkanlarda bir neçə dəfə görüşmüsünüz. Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının hazırkı 30-cu ildönümündə ikitərəfli əlaqələrin vəziyyətini necə xarakterizə edərdiniz”? sualına cavab verən dövlət başçısı bildirib ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.
Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim.
Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.
Keçən ilin avqustunda mənim Özbəkistana dövlət səfərim oldu, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri etdi. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.
Həmçinin 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır. Şura artıq qarşılıqlı dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirib.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Fürsətdən istifadə edərək, qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.
Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm. Hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu nailiyyətlər dostum və qardaşım Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin göstəricisidir.
Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Cənab Prezident İlham Əliyevin geniş və əhatəli cavabı təsdiq edir ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlər 02 oktyabr 1995-ci ildə qurulmuşdur. 1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin iyul ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır.
Özbəkistan Respublikası ilə münasibətlərimiz hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır.
Azərbaycan və özbək xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətləri, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət və dil dövlətlərimiz arasında hərtərəfli əlaqələrin inkişafına mühüm töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında təşəkkül tapmış qarşılıqlı hörmət və etimada, eləcə də qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən əsas faktor kimi çıxış etməkdədir.
Hazırda Azərbaycan-Özbəkistan münasibətlərinin bütün sahələrində, o cümlədən siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı istiqamətləri üzrə intensiv əməkdaşlıq müşahidə edilməkdədir.
Azad edilmiş ərazilərimizin bərpasına ilk xarici töhfə olan, Özbək xalqının Azərbaycana hədiyyəsi-Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin tikintisi xalqlarımız arasında dostluq və qardaşlığın daha bir rəmzi kimi qiymətləndirilir.
Azərbaycan-Özbəkistan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər.
Xüsusilə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı qardaşlıq və həmrəyliyə əsaslanmaqla nümunəvi xarakter daşıyır.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Geri dön