Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Regional proseslər fonunda Orta Dəhlizin strateji əhəmiyyəti Azərbaycan üçün yeni imkanlar açır”

Azər Kərimli: “Regional proseslər fonunda Orta Dəhlizin strateji əhəmiyyəti Azərbaycan üçün yeni imkanlar açır”


Bu gün, 13:50. Yazar: azer
Azər Kərimli: “Regional proseslər fonunda Orta Dəhlizin strateji əhəmiyyəti Azərbaycan üçün yeni imkanlar açır”

“Azərbaycan–Özbəkistan münasibətlərinin 30 illik tarixini və xüsusilə də iki qardaş ölkə arasındakı əlaqələrin bu günkü səviyyəsini sadəcə diplomatik çərçivədə qiymətləndirmək mümkün deyil. Bu münasibətləri düzgün dəyərləndirmək üçün xalqlarımızı birləşdirən ortaq etnik köklər, dərin mənəvi dəyərlər, tarix və mədəniyyət nəzərə alınmalıdır. Məhz bütün bu amillər səbəbdən ölkələrimiz arasında əlaqələr müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistanın UzA Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində cənab Prezident İlham Əliyev bu məsələ barədə danışarkən xüsusi olaraq belə bir məqamı da qeyd etdi ki, ölkələrimiz arasında münasibətlərin ən ali səviyyəyə yüksəlməsini təmin edən mühüm amillərdən biri də liderlər arasındakı şəxsi etimaddır. Bu, siyasi kursun davamlılığını təmin edən mühüm amildir və təsadüfi deyil ki, son bir il yarımda Özbəkistan Prezidentinin Azərbaycana beş dəfə səfər etməsi məhz bu şəxsi dostluğun və qarşılıqlı hörmətin təzahürüdür. Dövlət başçısının vurğuladığı kimi, imzalanmış sənədlər, o cümlədən Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” və digərləri əlaqələrin sistemli və uzunmüddətli inkişaf strategiyasını formalaşdırır. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləməsi, xüsusilə Füzulidə Uluqbəy adına məktəbin tikintisi isə bu qardaşlığın ən parlaq nümunələrindəndir. Cənab Prezidentin sözlərindən belə anlaşılır ki, bu münasibətlər artıq sırf dövlətlərarası deyil, xalqların bir-birinə güvən və sədaqət üzərində qurulan unikal əməkdaşlıq modelinə çevrilib. Məhz buna görə ölkə başçısı Özbəkistanda gedən sürətli inkişafı dost ölkənin uğuru kimi qiymətləndirir və bunun Prezident Mirziyoyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulayır.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli ifadə edib.


Daha sonra millət vəkili Azərbaycan–Özbəkistan əlaqələrinin artıq regional koordinasiya mexanizmlərindən birinə çevrilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Öz müsahibəsində dövlətimizin başçısı Azərbaycan–Özbəkistan əməkdaşlığının bütün istiqamətlər üzrə davamlı yüksəlişdə olduğunu göstərir. Regional proseslər fonunda Mərkəzi Asiya ölkələri ilə artan siyasi dialoq, sıx qarşılıqlı səfərlər və Orta Dəhlizin strateji əhəmiyyəti Azərbaycan üçün yeni imkanlar açır. Cənab Prezident iqtisadi sahədə ticarət dövriyyəsinin rekord səviyyədə artmasını, həyata keçirilən irimiqyaslı investisiya layihələrini əlaqələrin real iqtisadi təmələ söykəndiyini sübut edən amillər kimi təqdim edir. Nəqliyyat və logistika sahəsində Azərbaycanın müasir limanlar, genişlənən ticarət donanması və beynəlxalq hava limanları ilə bölgədə əsas tranzit mərkəzinə çevrilməsi, energetika sahəsində isə yaşıl enerji üzrə üçtərəfli əməkdaşlıq yeni perspektivlər yaradır. Humanitar və mədəni sahələrdə keçirilən qarşılıqlı günlər, qardaşlaşmış şəhərlər, media forumları, eləcə də U-20 dünya çempionatının birgə təşkili xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan–Özbəkistan əlaqələri artıq regional koordinasiya mexanizmlərindən birinə çevrilib və bu model gələcək onilliklər üçün sarsılmaz strateji təməllərə malikdir” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.
Geri dön